Sabirabadda anım mərasimi
Sabirabad rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 20-ci ildönümü ilə əlaqədar keçiririlən silsilə tədbirlərin davamı olaraq anım tədbiri keçirilmişdir.
Rayonda məskunlaşan Xocalıların da qatıldığı tədirin iştirakçıları torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərin, həmçinin Xocalı faciəsi qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq Xocalı faciəsinin insanlığın tarixinə ən dəhşətli terror aktı, soyqırım kimi daxil olduğunu bildirmiş, bu faciənin iki əsrdən çox bir müddət ərzində erməni cəlladları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin davamı və ən qanlı səhifəsi adlandırmışdır.
Xocalı faciəsinə o vaxtkı iqtidar tərəfindən lazımi qiymət verilmədiyini, Xocalı soyqırımına yalnız 1994-cü ildə mərhum Prezidentimiz Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisdə müzakirəyə çıxarıldığını və bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini deyən natiq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində məqsədyönlü siyasətindən ətraflı danışmışdır. İcra başçısı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi səyi ilə Azərbaycan həqiqətlərinin, Xocalı faciəsi haqqında kitabların, filmlərin, stendlərin dünyanın hər yerində nümayiş etdirildiyini, H.Əliyev Fondunun Moskva nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə «Xocalıya ədalət» beynəlxalq informasiya və təşviqat kompaniyası apardığını da tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Tədbirdə rayon Polis şöbəsinin rəisi Mübariz Quliyev, Xocalı özünümüdafiə bataliyonunun komandir müavini, «Azərbaycan bayrağı» ordenli Sərvər Rəcəbov keçdikləri döyüş yolundan danışmış, Əlillərdən ibarət qrupun rəhbəri, I qrup Qarabağ müharibəsi əlili Vidadi Güləliyev hazırladıqları «Xocalı harayı» ədəbi-bədii kompozisiyanın böyük təbliğat xarakterindən və fevralın 24-də Rəşid Behbudov adına Dövlət Mahnı teatrının səhnəsindəki uğurlarından bəhs etmişdir.
Sonda Xocalı ailələrinə humanitar yardım göstərilmişdir.