Şriftin ölçüsü :

Saytın rəngi :

28 May – Müstəqillik Günü Sabirabadda təntənəli şəkildə qeyd olunub

27 may 2025 | 17:25

Sabirabad Mədəniyyət Mərkəzində Sabirabad Rayon İcra Hakimiyyəti, Mədəniyyət Nazirliyinin dəstəyi, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə 28 May – Müstəqillik gününə həsr olunmuş Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagird və müəllim kollektivinin konserti keçirilib.

Qonaqlar öncə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagirdlərinin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Sabirabad rayonunda fəaliyyət göstərən idarə və təşkilatların əməkdaşlarının, mədəniyyət işçilərinin, şagird və tələbələrin, eləcə də rayon ictimaiyyətinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra müstəqilliyimiz uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Hüseynova çıxış edərək Azərbaycanın müstəqillik uğrunda keçdiyi tarixi yolun xalqımız üçün əhəmiyyəti barədə danışıblar, həmçinin mədəni irsimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulayıblar.

Müstəqillik tariximizi və milli-mənəvi dəyərlərimizi təbliğ etmək məqsədi ilə təşkil olunan tədbirin konsert hissəsində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin istedadlı şagird və müəllim kollektivi tərəfindən klassik və milli musiqilər, rəqs nömrələri və müxtəlif səhnə çıxışları təqdim edilib.

Proqramda dahi bəstəkarımız Üzeyir Hacıbəylinin “Çırpınırdı Qara dəniz”, “Arazbarı”, “Cəngi” əsərləri, Qara Qarayevin “Yeddi Gözəl” baletindən parçalar, eləcə də Raxmaninov, Piazzolla, Tofiq Quliyev və digər bəstəkarların əsərləri ifa olunub.

Tədbirin sonunda 28 May – Müstəqillik Gününə həsr olunmuş konsert proqramının yüksək səviyyədə təşkilinə, eləcə də mədəni əlaqələrin möhkəmləndirilməsinə verdiyi töhfəyə görə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi Mil-Muğan Regional Mədəniyyət İdarəsi tərəfindən təşəkkürnamə ilə təltif olunub.

Məktəbin şagirdlərinin və onların peşəkar müəllimlərinin birgə əməyi ilə hazırlanan tədbir həm yüksək səviyyədə təşkilatçılığı, həm də milli musiqimizin zənginliyini nümayiş etdirməsi ilə yadda qalıb və tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Keçidlər