“28 May – Müstəqillik Günü” münasibəti ilə Sabirabad rayonunda tədbir keçirilib
Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və YAP Sabirabad rayon təşkilatının birgə təşkilatçılığı ilə Sabirabad Bayraq Muzeyində “28 May – Müstəqillik Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, YAP Sabirabad rayon təşkilatının fəalları, idarə və müəssisə rəhbərləri, gənclər və ictimaiyyət nümayəndələri iştirak edib.
Dövlət Himni səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının milli dövlətçilik tariximizdə mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, cümhuriyyət qısa müddət ərzində mühüm dövlətçilik ənənələri formalaşdırıb və müasir Azərbaycan bu zəngin irsin layiqli davamçısı kimi uğurla inkişaf edir. Nadir Quliyev həmçinin, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin müstəsna rol oynadığını qeyd edib.
Daha sonra çıxış edən Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu sahəsində gördüyü işlərdən bəhs edib. Onlar müstəqilliyin bərpasından sonra ölkədə sabitliyin təmin edildiyini, güclü dövlətin qurulduğunu və bu gün Azərbaycanın suverenliyi uğrunda xalqın böyük həmrəylik nümayiş etdirdiyini vurğulayıb. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunu yüksək dəyərləndirərək bildirmişdir: “Müsəlman Şərqində ilk demokratik cümhuriyyətin məhz Azərbaycan torpağında yaranması xalqımızın o dövrdə və o illər ərəfəsində – XIX əsrin sonunda və XX əsrin əvvəllərində milli müstəqillik, azadlıq duyğuları ilə yaşaması ilə bağlıdır”.
1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımızın rəsmi dövlət bayrağı kimi qaldırılması müstəqilliyə aparan yolun başlanğıcı oldu. Bu cəsarətli addım xalqımızın azadlıq arzularının və milli iradəsinin ifadəsi idi. 1991-ci il oktyabrın 18-də qəbul edilən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında 1918-ci ilin İstiqlal Bəyannaməsinə istinad olunaraq müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Bununla da tarixi dövlətçilik ənənələrinin hüquqi və siyasi davamlılığı bir daha təsdiq olundu.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində isə Azərbaycan dünyanın nüfuzlu və söz sahibi olan dövlətlərindən birinə çevrilib. Ölkəmizin iqtisadi gücü artıb, beynəlxalq mövqeləri möhkəmlənib, sosial rifah istiqamətində mühüm layihələr həyata keçirilib. Dövlətimizin başçısı tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Şərqdə ilk parlamentli respublikanın tarixi irsinə verilən yüksək dəyərin ifadəsidir.







