Sabirabadda pambıq yığımı vaxtında və itkisiz başa çatdırılmalıdır
Avqustun 30-da rayon İcra Hakimiyyətində pambıq yığımı ilə əlaqədar iclas keçirilmişdir. Tədbirə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, qərargah üzvləri, kənd təsərrüfatına xidmət edən müəssisə rəhbərləri, şirkət təmsilçiləri dəvət olunmuşdur.
İclası giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini əsas vəzifə kimi qarşıya qoymuşdur. Ölkə rəhbəri pambıqçılığın inkişaf etdirilməsinə xüsusi önəm verir. Bütün bunlar isə kənddə yaşayanların maddi vəziyyətlərinin yaxşılaşmasına xidmət edir. Rayonumuzda 6 min hektardan çox sahədə pambıq əkilmişdir. Sahələrə aqrotexniki qaydada qulluq edilmiş, bol məhsul yetişdirilmişdir. İndi əsas vəzifə yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarətdir. Yığım qrafiki tərtib olunmalıdır. Bütün texnika hazır vəziyyətə gətirilməlidir. Əhalinin sahələrə daşınması təşkil edilməlidir. Pambıq zavodu və qəbul məntəqələrində yarana biləcək mübahisələrin aradan qaldırılması üçün kənd təsərrüfatı mütəxəssislərindən ibarət qruplar fəaliyyət göstərməlidir. Əllə və maşınla yığılan sahələr müəyyənləşdirilməlidir. Pambığın saxlanılması texnologiyalarına düzgün əməl edilməlidir. Pambıq zavodu və məntəqələrdə ictimai-iaşə xidməti təşkil olunmalıdır. Pambığın vaxtında və itkisiz yığılıb tədarük olunması üçün bütün qüvvələr səfərbər edilməlidir.
İclasda Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubovun məlumatı dinlənilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov iclasa yekun vuraraq digər məsələlərdən də ətraflı danışmış, aidiyyatı təşkilatlara tapşırıq və tövsiyyələrini vermişdir.