Sabirababad keçmiş şöhrətini qaytarmaq əzmindədir
Son illərdə Muğanın mərkəzi Sabirabadda sosial-iqtisadi inkişaf daha da güclənmiş, əhalinin həyat səviyyəsi xeyli yaxşılaşmışdır. 2011-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bu barədə ətraflı danışılmış, uğurlar təqdir olunmaqla bərabər, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 2011-ci ili ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Sabirabad rayonu üçün 2010-cu ilin mayında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ili kimi qiymətləndirmişdir.
O demişdir ki, təbii ki, keçən ilin ən mühüm hadisəsi Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin mayın 5-də rayonumuza tarixi səfəri olmuşdur. Həmin səfər çərçivəsində dövlət başçısı daşqına məruz qalmış Əsgərbəyli-Qasımbəyli kəndlərinə yeni çəkilmiş 15 kilometrlik yolun açılışında iştirak etmiş, Qasımbəyli kəndində əsaslı təmir olunmuş tam orta məktəblə tanış olmuş, içtimaiyyətin nümayəndələri ilə görüşərək əhalini narahat edən problemlərlə maraqlanmış, onların aradan qaldırılması üçün tapşırıq və tövsiyələrini vermişdir. Bu səfər rayon əhalisi tərəfindən dərin minnətdarlıq hissi ilə qarşılanmış və onlarda yüksək əhval-ruhiyyə yaratmışdır. Cənab Prezidentin Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindəən evlərə baxış keçirilmiş, əhaliyə dəymiş ziyanın həcmi müəyyənləşdirilmişdir.
Təbii fəlakətdən ötən müddət ərzində rayonun ayrı-ayrı kəndlərində 1078 yeni ev tikilmiş, Ulacalı kəndində 50 ailə üçün qəsəbə salınmış, hazırda 362 ev inşa olunur. 80 evdə bərpa-gücləndirmə işləri aparılmış, 12 sosial obyek əsaslı təmir olunmuşdur. Fəlakət zonasında ziyan çəkmiş digər evlərlə əlaqədar tədbirlər davam etdirilir.
Dəymiş ziyana görə indiyə kimi rayon əhalisinə 12 milyon manatadək müxtəlif təyinatlı kompensasiyalar verilmişdir. Gələcəkdə baş verə biləcək daşqınların qarşısını almaq məqsədilə Kür-Araz çaylarının 188,6 kilometr uzunluğunda mühafizə bəndləri möhkəmləndirilmişdir.
Cənab Prezidentin 2011-ci ilin may ayının 5-dəki rayonumuza səfəri hesabat dövründə böyük lahiyyələrin həyata keçirilməsinə imkan yaratmışdır. Dövlət başçısı səfərdən sonrakı 3 ay ərzində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədilə 4 sərəncam imzalamışdır.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 11 may 2011-ci il tarixli Sərəncamı ilə «Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nda müəyyən edilmiş tədbirlərin həyata keçirilməsinin tezləşdirilməsi üçün zəruri tədbirlər görülməsi məqsədilə 2 milyon manat vəsait ayırmış, bu hesaba Əsgərbəyli kənd tam orta məktəbi üçün əlavə otaqlar, tibb məntəqəsi tikilmişdir. Həmçinin Heydər Əliyev prospektində yerləşən 15, 17 və 118 saylı beşmərtəbəli yaşayış binalarının dam örtüyü müasir formada dəmir örtüklərlə əvəz olunmuş, yeni plastik pəncərələr quraşdırılmış, fasad hissələr gülbağ daşları ilə üzlənmişdir.
«Sabirabad rayonunun yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında» 25 may 2011-ci il tarixli Sərəncamı ilə dövlət başçısı Kür çayının Cavad kəndi ərazisindən keçən hissəsində Cavad, Yolçubəyli, Narlıq, Türkədi, Həsənli, Əlicanlı və Zəngənə kəndlərinin 16 min nəfərdən artıq əhalisinin və digər qonşu kənd sakinlərinin rayon mərkəzinə olan məsafəsini dəfələrlə qısaldacaq yeni körpünün tikintisi üçün sərəncam vermişdir. Uzun illər sabirabadlıların arzusunda olduqları Kür çayı üzərində körpünün tikintisi başa çatırılmaq üzrədir. Muğan və Şirvan düzlərini əlaqələndirən bu körpü həmçinin ətraf rayonlar üçün də stateji əhəmiyyət daşıyır.
Ölkə rəhbərinin «Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 21 iyul 2011-ci il tarixli digər Sərəncamı ilə 34 min nəfərin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən 68 kilometr uzunluğunda Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı yolunun tikintisininin davam etdirilməsi məqsədilə 7 milyon manat məbləğində vəsait ayrılmışdır. Lahiyə keçən ilin noyabrında tamamlanaraq sakinlərin istifadəsinə verilmişdir.
Cənab Prezidentin «Sabirabad rayonu əhalisinin içməli su təminatının yaxşılaşdırılması ilə əlaqədar əlavə tədbirlər haqqında» 23 avqust 2011-ci il tarixli Sərəncamı ilə rayonun 8 min nəfər əhalisinin yaşadığı Şıx Salahlı, Bulaqlı, Qaratuğay, Xankeçən, Poladtuğay yaşayış məntəqələrinə modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə 960 min manat vəsait ayırmış, bu istiqamətdə işlərə artıq başlanmışdır.
Dövlət başçısının tapşırığı ilə Sabirabad şəhərinin əhalisi üçün uzun illər problemə çevrilmiş, həm də yoluxucu xəstəlik mənbəyi olan «Axmaz» su hövzəsinin qurudulması işlərinə də başlanılıb. Nazirlər Kabinetinin 4 iyul 2011-ci il tarixli sərəncamı ilə bu məqsəd üçün ilkin olaraq bir milyon manat vəsait ayrılıb.
Hacıqabul-Sabirabad-Bəhrəmtəpə-Horadiz magistral avtomobil yolunun bərbad vəziyyətdə olmasından əhali əziyyət çəkirdi. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş lahiyə əsasında qeyd olunan yol yenidən qurulur. Hazırda yolun 7-ci kilometrliyində 1962-ci ildə tikilmiş Kür çayı üzərindəki körpüdə də əsaslı təmir işləri başa çatmaq üzrədir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»na (2009-2013-cü illər) uyğun olaraq hesabat ilində rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, əhalinin həyat səviyyəsini yaxşılaşdırmaq, mövcud sosial problemləri həll etmək istiqamətində əsaslı işlər görülmüşdür.
Ötən il ümumi məhsul buraxılışı əvvəlki ilə nisbətən 36,8 faiz artaraq 282,2 milyon manata çatmış, əsas kapitala yönəldilən investisiyanın həcmi 2,1 dəfə yüksələrək 83,7 milyon manat təşkil etmişdir.
2011-ci ildə rayonun büdcəsi əvvəlki illərlə müqayisədə xeyli artaraq 23,3 milyon manata çatdırılmış, orta aylıq əmək haqqı əvvəlki ilə görə 20,5 faiz yüksələrək 234,1 manat olmuşdur.
Yerli sahibkarlığın inkişafı üçün əməli praktik işlər görülmüş, iqtisadiyyatın əsas sahələrində qeyri-dövlət sektorunun xüsusi çəkisi xeyli artaraq kənd təssərüfatında 100 faiz, sənayedə 32,2 faiz, tikintidə 26,8 faiz olmuşdur. Pərakəndə əmtəə dövriyyəsinin 90,9 faizi, pullu xidmətin 90,7 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Bu sahənin bilavasitə inkişafında yerli bankların və qeyri-hökumət təşkilatlarının imkanlarından istifadə olunmuşdur.
Həyata keçirilən tədbirlər nəticəsində 2011-ci ildə rayon üzrə 14 yeni müəssisə yaradılmış, 539 daimi iş yeri açılmışdır.
Rayon ərazisində 36 ticarət və iaşə obyektləri inşa olunmuş, əhalinin vəsaiti hesabına ümumi sahəsi 51,8 min kv metr olan 368 fərdi yaşayış evi inşa edilmiş, onların tikintisinə 4,3 milyon manatdan çox vəsait xərclənmişdir.
İcra başçısı hesabat dövründə kənd təsərrüfatı sahəsində böyük uğurlar əldə edildiyindən danışaraq demişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində aqrar bölmənin inkişafında irəliləyişlər əldə olunmuşdur. Rayonun kənd təsərrüfatı işçiləri istehsal etdikləri məhsullarla rayonun daxili təlabatı ilə yanaşı, respublikanın ərzaq və kənd təsərrüfatı məhsulları bazası rolunu da oynayırlar. Ötən il rayonumuzdan Bakıda təşkil olunmuş yarmarkalarda iki min tondan çox kənd təsərrüfatı məhsulları satılmışdır. Torpaq istifadəçiləri idarəetmənin mütərəqqi üsullarından istifadəyə xüsusi əhəmiyyət verirlər. Ötən il Axısxa və Çöl Beşdəli kəndlərində torpaq mülkiyyətçiləri öz pay torpaqlarını könüllü şəkildə birləşdirərək istehsal kooperativləri yaratmışlar. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən heç bir girov qoyulmadan kredit verilməsi bu təsərrüfatların səmərəli fəaliyyətinə əminlik yaradır.
Hesabat ilində kənd təsəərrüfatında ümumi məhsul istehsalı 27,3 milyon manat artaraq 141,9 milyon manata çatmış, 2010-cu illə müqayisədə 24 faiz artım əldə edilmişdir. 2011-ci ildə 17486 hektarın taxılı yığılmış, 54100 ton taxıl istehsal olunmuşdur. Bu da əvvəlki ilə müqayisədə 18,4 min ton və ya 52 faiz çoxdur. Pambıq istehsalı da 2010-cu illə müqayisədə 1875 ton və ya 90 faiz artaraq 3815 tona çatdırılmışdır.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti tərəfindən keçən ildə kəndli fermerlərə güzəştli şərtlərlə 1068 min manat dəyərində 2408 ton azot, 108 ton superfosfat gübrələri və 52 baş simmental cinsli damazlıq düyə satılmışdır.
2011-ci ildə tərəvəz, kartof, bostan məhsulları istehsalının həcmi əvvəlki ilə nisbətən xeyli artmışdır.
Meyvəçilikdə narçılıq məhsuldar sahəyə çevrilmişdir. Təkcə ötən il şəxsi yardımçı təsərrüfatlardan Sabirabad rayonunun və qonşu rayonların Konserv zavodlarına, həmçinin ölkədən kənara 10 min tondan çox nar satılmışdır.
Keçən ildə istehsal edilmiş məhsulların ümumi həcmində heyvandarlıq məhsullarının dəyəri 76 milyon manat və yaxud 53 faiz təşkil etmişdir. Bu ilin yanvarın 1-nə iri buynuzlu mal-qaranın sayı 110 min baş təşkil etmişdir ki, bu da əvvəlki illə müqayisədə 3 min baş, qoyun davarların baş sayı isə 6 min baş artaraq 185 min başa çatmışdır. Ət və süd istehsalı, quşların sayı da əvvəlki illə müqayisədə müvafiq olaraq 5,6, 6,2 və 11 faiz artmışdır.
Heyvandarlığın inkişafını təmin etmək məqsədilə ötən il Baytarlıq İdarəsinin və Laboratoriyasının maddi-texniki bazası möhkəmləndirilmiş, rayonda regional Bioloji Təhlükəsizlik laboratoriyası istifadəyə verilmişdir.
Kənd təsərrüfatının intensiv inkişafında texnikanın rolu həlledicidir, bu sahənin texniki cəhətdən təchizatı məsələsi çox önəmlidir. Qeyd edək ki, son illər rayona qrant hesabına 20 və ayrı-ayrı şəxslər tərəfindən 200-dən artıq müxtəlif markalı kənd təsərrüfatı texnikası və avadanlıqları gətirilmiş, «Aqroservis»lərdə isə 45 müxtəlif adda texnika cəmləşmişdir.
Nasabat yığıncağında məruzəçi əhalinin dayanıqlı elektrik enerjisi, təbii qaz və su təminatı sahəsində görülən işlərdən də ətraflı danışmışdır. Cavad yarımstansiyası vasitəsilə elektrik enerjisi ilə təmin olunan 14 kəndin elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılmışdır. Yolcubəyli kəndində kabelləşmə işləri artıq yekunlaşıb, burada «Smart» kart tipli yeni elektron sayğaclar quraşdırılıb.
Dövlət başçısının tapşırığı ilə 2013-cü ilədək ölkəmizdə bütün yaşayış məntəqələri təbii qazla təmin ediləcəkdir. Bu istiqamətdə Sabirabad rayonunda da işlər sürətlənib. Hesabat ilində 1144 evə qaz xətti çəkilmiş, abonentlərin sayı 6490-a çatdırılmışdır. Rayon mərkəzində 19 çoxmərtəbəli yaşayış binasına təbii qaz verilmiş, bununla da şəhərin bütün kommunal yaşayış binalarının mavi yanacaqla təminatı başa çatdırılmış, Kürkəndi və Qalağayın kəndlərinə təbii qazın verilişi təmin edilmişdir.
Şəhərin təbii qazla təmin edilməyən 27 küçəsindən 15-ində bu işlərə başlanılıb. Nərimankənd, Qaratəpə, Ulacalı, Bulduq və Mürsəlli kəndlərinə isə qaz verilişi yaxın günlərdə təmin ediləcəkdir. 2012-ci il ərzində şəhərin bütün küçələrinin və kəndlərin qazlaşdırılması üçün artıq lahiyə-smeta sənədləri hazırlanmışdır.
Əhali tərəfindən istehlak edilmiş mavi qazın dəyərinin 94,8 faizi ödənilmişdir.
Keçən il əhalinin su təchizatını yaxşılaşdırmaq məqsədilə suqaldırıcı nasos stansiyasında yenidənqurma və bərpa işləri görülmüş, şəhərin 2 küçəsinə 600 metr uzunluğunda yeni su xətləri çəkilmiş və 4 küçədə su boruları təmir edilmişdir. Kənd əhalisinin içməli suya olan tələbatını ödəmək məqsədilə rayonun 16 kəndində modul tipli sutəmizləyici qurğu istifadəyə verilib, 3-də isə son tamamlama işləri aparılır və yaxın günlərdə istismara veriləcəkdir. Bildirirəm ki, Sabirabad şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması istiqamətində işlərə start verilmişdir. Su təmizləyici qurğuların və nasos stansiyaların yerləri müəyyənləşdirilmiş, şəhərin müxtəlif yerlərində 8 kanalizasiya nasos stansiyasının tikintisi üçün torpaq sahəsi ayrılmış, tender keçirilmiş, yaxın zamanda işin icrasına başlanacaqdır.
Hesabat yığıncağında 2011-ci ildə təhsil, səhiyyə və mədəniyyət sahələrinin uğularından da geniş bəhs edilmişdir. Rayonda 85 ümumtəhsil, 5 məktəbdənkənar və 22 məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərir.
2011-ci ildə yerli büdcə hesabına Muradbəyli, Zəngənə kənd tam orta və Surxayoba kənd ümumi orta məktəblərində, şəhərin 4 saylı və Azadkənd uşaq bağçalarında əsaslı təmir işləri aparılmışdır. Ulacalı kənd tam orta məktəbində ibtidai siniflər üçün binanın tikintisi başa çatdırılmışdır.
İstismar müddətini başa vurduğuna görə M.Ə.Sabir adına 1 saylı şəhər tam orta məktəbin binası sökülərək yerində müasir standartlara cavab verən yeni layihə əsasında üç mərtəbəli 1176 şagird yerlik məktəb binasının inşası nəzərdə tutulur. . Hacı Zeynalabdin Tağıyev adına 6 saylı şəhər tam orta məktəbin bərpa-gücləndirilməsi və 200 şagird yerlik əlavə sinif otaqlarının tikilməsi üçün layihə sənədləri hazırlanır. Ümumilikdə 1210 şagird yerlik E.Nadirov adına 8 saylı şəhər, Nərimankənd, Yuxarı Axtaçı kənd tam orta məktəbləri üçün yeni binaların tikintisi, 1176 şagird yerlik Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin və 2 saylı şəhər uşaq bağçasının əsaslı təmiri sürətlə aparılır.
Keçən il ali məktəblərə 151 nəfər məzun qəbul olunmuş, onlardan 5 nəfəri 600-dən yuxarı bal toplamışdır. Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbin məzunu Məmmədli Türkan Elxan qızı 682 balla Azərbaycan Dövlət Tibb Univesitetinə, Balahəşimxanlı kənd tam orta məktəbin məzunu Şərifov Sərvan Şərif oğlu 666 balla Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunaraq hər ikisi Prezident təqaüdünə layiq görülmüşdür. 2011-ci ildə ilk dəfə olaraq rayonda ali məktəbə qəbul olunmuş və hazırda müxtəlif kurslarda oxuyan əlaçı tələbələrlə görüş keçirilmiş, fərqlənən bir qrup tələbə mükafatlandırılmışdır.
Tibb ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində keçən il Yolçubəyli kənd həkim məntəqəsi Yaponiya səfirliyinin maliyyə vəsaiti ilə yeni üslubda tikilərək istifadəyə verilmiş, Perinatal Mərkəz müasir tibbi avadanlıq və cihazlarla təmin edilmişdir.
Məlum olduğu kimi, rayon əhalisinə xidmət göstərən 209 çarpayılıq Mərkəzi Xəstəxana müasir tələblərə cavab vermir. Bununla əlaqədar müvafiq qurumlar qarşısında məsələ qaldırılmış, artıq yeni xəstəxananın tikintisi barədə qərar verilmişdir.
Ötən il mədəniyyət müəssisələrində əlamətdar bayramlar, tarixi günlər qeyd olunmuşdur. Gənclərin vətənpərvərlik ruhunda tərbiyyəsində çox böyük rol oynayan Böyük Vətən müharibəsində şücaət göstərmiş 223-cü atıcı diviziyasının yeganə sağ qalan döyüşcüsü, həmyerlimiz, rayon Müharibə Veteranları şurasının sədri Zülfəli Əliyevin timsalında çəkilmiş «Xəzərdən Dunaya» sənədli filmin təqdimatı sabirabadlıların qəlbində dərin iz buraxmışdır.
«Turizm ili» elan olunmuş 2011-ci ildə rayonumuzda Olimpiya İdman Kompleksinin mehmanxana və kotteclərində, Kür-Araz mehmanxanasında xidmətin səviyyəsinin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilmişdir.
Fövqəladə Hallar Nazirliyi Sabirabad rayon Dövlət Yanğından Mühafizə Hissəsinin xidmət şəraiti yaxşılaşdırılmışdır. Yeni müasir lahiyə ilə inşa olunmuş ikimərtəbəli inzibati bina Hissənin şəxsi heyyətinin istifadəsinə verilmişdir. Rayonun Nizami kəndində yeni yangından mühafizə bölməsi üçün inzibati binanın tikintisi də başa çatdırılmaq üzrədir. Azadkənd kəndində yanğından mühafizə bölməsinin yaradılması barədə rayon rəhbərliyi tərəfindən aidiyyəti təşkilatlara müraciət olunmuş və müvafiq sənədlərin hazırlanması işinə başlanılmışdır.
Hissənin bazasında yaradılan və xüsusi avtomobillə təmin edilən yeni xidmət sahəsi rayonumuzla yanaşı, Saatlı rayonunun ərazisində baş vermiş yüksək çağırışlı yanğın hadisələrini və digər xüsusi xilasetmə işlərini də həyata keçirəcəkdir.
Rayon ərazisinin 140 kilometr məsafəsindən keçən Kür çayının lildən təmizlənməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən yedəkli gəminin ayrılması da dövlət başçısının rayonumuza göstərdiyi diqqət və qayğının ifadəsidir.
Hesabat dövründə qaçqın və məcburi köçkünlərin, aztəminatlı ailələrin, şəhid ailələrinin sosial müdafiəsi daha da gücləndirilmişdir. Rayonumuzda məskunlaşan 6051 nəfər məcburi köçkünün, 2262 nəfər qaçqının yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üçün əsaslı işlər görülmüşdür. 316 hektar əkinə yararlı torpaq sahəsi onların istifadəsinə verilmiş, heyvandarlıqla məşğul olan məcburi köçkün ailələrinə 194 hektar örüş sahəsi ayrılmışdır.
Qaçqın ailələri üçün Azadkənd və Qaratəpə kəndlərində 17 yeni yaşayış evi tikilmişdir.
Respublikanın hər yerində olduğu kimi, Sabirabad rayonunda da Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, Böyük Vətən müharibəsi veteranlarına diqqət və qayğı aprtırılmışdır. Keçən il Fövqəladə Hallar Nazirliyi tərəfindən 16 şəhid ailəsi və 6 Qarabağ əlili üçün fərdi mənzil tikilmişdir. 4 Qarabağ müharibəsi əlilinə avtomobil verilmişdir. Onlarla vaxtaşırı görüşlər keçirilmiş, qaldırılan problemlərin həllinə maksimum səy göstərilmişdir.
Əhalinin sosial müdafiəsinin təşkili istiqamətində Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsi tərəfindən 18 min 811 nəfərə 26 milyon 279 min manat məbləğində pensiya və müavinətin ödənişi təmin edilmişdir.
Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 1656 ailənin 7948 nəfər üzvü 3 milyon 648 min manat ünvanlı sosial yardıma cəlb edilmişdir. Bu da hər ailəyə orta hesabla ildə 2203 manat yardım deməkdir. Lakin əhalini narahat edən məsələlərdən biri də ünvanlı sosial yardımın müəyyənləşdirilməsindəki neqativ hallar və süründürməçilikdir. Elə bu səbəbdən mərkəzin keçmiş rəhbərliyi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən istintaqa cəlb edilmiş, barəsində həbs qəti imkan tədbiri seçilmişdir. Mərkəzin yeni rəhbərliyi bu sahədə yol verilən nöqsanların aradan qaldırılması üçün təsirli tədbirlər görməlidir.
2011-ci ildə rayonda abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Şəhərin memarlıq görünüşünə xələl gətirən bir sıra köşklər götürülmüş, bəziləri müasir səviyyədə yenidən qurulmuş, fasadları üzlənmiş, Kürkəndi kəndi və Cavad kəndi istiqamətlərində qamış və taxtadan çəkilmiş 8 kilometrdən çox hasarlar sökülərək mişar daşı ilə müasir qaydada hörülmüşdür.
Şəhərdə səliqə-sahman yaratmaq məqsədilə keçən il həftənin şənbə günləri müntəzəm iməciliklər keçirilmiş, içtimai yaşayış binalarının həyətlərində, ayrı-ayrı küçələrdə təmizlik işləri aparılmış, İ.İsgəndərov küçəsindəki beşmərtəbəli içtimai yaşayış binaları kompleksinin ərazisində «Xeyir-şər» evi tikilmiş, rayon üzrə 100 mindən çox bəzək və meşə ağacları əkilmişdir.
Məlum olduğu kimi, Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Prezidentin 2011-ci il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilən «Azərbaycan gəncliyi 2011-2015-ci illərdə» Dövlət Proqamı gənclərin daha böyük uğurlar qazanmasına əsas verir. Proqrama müvafiq olaraq bu ildən başlayaraq Proqramın icra müddəti ərzində hər il Bakı şəhəri istisna olmaqla, ölkəmizin şəhər və rayonlarından biri «Gənclər paytaxtı» elan olunacaqdır.
2012-ci ilin «İdman ili» elan edilməsi ölkəmizdə bir daha gəncliyə diqqətin parlaq təzahürüdür. Bununla əlaqədar artıq tədbirlər planı hazırlanıb, aidiyyəti qurumlara lazımi tapşırıqlar verilmişdir. Rayonumuzda dövlət başçısının təşəbbüsü ilə tikilən Olimpiya İdman Kompleksinin fəaliyyətinin canlandırılması üçün də xüsusi tədbirlər həyata keçirilir. Qeyd etmək istəyirəm ki, 2011-ci ildə Olimpiya İdman Kompleksində 3500-ə yaxın idmançının iştirak etdiyi 23 respublika və rayon birinciliyi yarışları keçirilmişdir. Sevindirici haldır ki, həmyerlimiz Səid Məlikov karate idman növü üzrə yeniyetmələr arasında keçirilən dünya kubokunun qızıl medalına, Seyran Umarov, Qeyrət Qeyrətli sərbəst güləş üzrə zona turlarının qalibi olaraq respublika birinciliyinə vəsiqə qazanmışlar.
Hesabat ilində Heydər Əliyev Mərkəzinin fəaliyyəti də səmərəli olmuşdur. Mərkəzin nəzdində yaradılmış 19 nəfərdən ibarət tədqiiqat qrupu Heydər Əliyevin Sabirabad rayonuna tarixi səfərləri ilə bağlı qiymətli sənədlərin toplanması işini davam etdirmişdir. Mərkəzdə yetişməkdə olan gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda formalaşması istiqamətində mütəmadi olaraq tədbirlər keçirilmiş, əlamətdar bayramlar və tarixi günlər qeyd edilmişdir.
Azərbaycan Respublikası qanunlarını, ölkə Prezidentinin fərman və sərəncamlarını geniş əhali kütləsinə çatdırmaq üçün təbliğat və təşviqat işləri gücləndirilmişdir. Ümummilli lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği təşkil edilmiş, Ulu öndərin 88 illik yubileyi təntənə ilə qeyd olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik daxili və xarici siyasətinin təbliği üçün kompleks tədbirlər sistemi hazırlanıb həyata keçirilmişdir. Cəmiyyətdə nüfuzu və fəallığı ilə seçilən şəxslərdən ibarət təşkil edilmiş təbliğatçılar qrupu ölkə Prezidentinin nitqlərinin öyrənilməsində və təbliğində də fəallıq göstərmişdir. Ötən il onlar tərəfindən yerlərdə 45 tədbir keçirilmiş, həmin tədbirlərdə 10 min nəfərdən çox dinləyici iştirak etmişdir.
2011-ci ildə rayonun içtimai-siyasi həyatında baş verən mühüm hadisələrdən biri görkəmli Azərbaycan şairi M.Ə.Sabirin şərəfinə rayonun Sabirabad adlandırılmasının 80 illik yubileyinin təntənə ilə qeyd edilməsi olmuşdur. Bu münasibətlə düzənlənən tədbirdə respublikanın müxtəlif guşələrində məsul vəzifələrdə çalışan həmyerlilərimiz iştirak etmiş, bu bölgənin keçmişini və bu gününü əks etdirən nəfis tərtibatda kitab nəşr olunmuş, sənədli film hazırlanmış və Sabirabadın adına yeni mahnı bəstələnmişdir.
Yubileylə əlaqədar rayonun içtimai-siyasi, iqtisadi və mədəni həyatında fəallıqlarına görə 17 nəfərin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif edilməsi bütün sabirabadlılara dövlət başçısının diqqət və qayğısı kimi qiymətləndirilmişdir. Həmin günlərdə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə əlaqədar təltif edilənlərin sırasında rayonumuzdan 3 nəfərin «Tərəqqi» medalına layiq görülməsi ölkə Prezidentinin rayonumuza göstərdiyi qayğının bariz nümunəsidir.
2011-ci ildə dini durum da sabit olmuşdur. Hazırda rayonda 86 məscid, 4 ziyarətgah vardır. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində əsaslı işlər görülmüşdür. Dini durumun daha da saflaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, radikal və zərərli dini qruplarla səmərəli mübarizə aparılması məqsədilə dini icmaların təşkili işinə daha məsuliyyətlə yanaşılmış, qanunamüvafiq olaraq 24 dini icma dövlət qeydiyyatına alınmışdır.
Rayonda milli azlıqlarla müntəzəm iş aparılır. Rus icmasının üzvlərinin qaldırdıqları hər bir məsələyə diqqətlə yanaşılır. Ötən ildə də Provoslavların Pasxa bayramı rayon İcra Hakimiyyətinin dəstəyi ilə yüksək səviyyədə qeyd edilmişdir.
Sosial-iqtisadi inkişafda yerli özünüidarəetmə orqanlarının da fəaliyyəti böyükdür. 2011-ci ilin noyabrn 30-da keçirilən Bələdiyyələrə təkrar, əlavə və yeni seçkilər ötən ilin mühüm hadisələrindən olmuşdur. Rayon üzrə 5 bələdiyyədə boş olan yerlərə, Şəhriyar kəndində isə tam şəkildə seçkilər keçirilmişdir.Bələdiyyə seçkiləri mövcud üç dairə üzrə aktiv seçki hüququ olan vətəndaşların fəallığı şəraitində keçmiş, seçicilçrin 29,7 faizi seçkilərdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi vahidlikləri üzrə nümayəndələri Azərbaycan Respublikasının müvafiq hüquqi aktlarının, «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin, ölkə Prezidentinin fərman və sərəncamlarının, RİH başçısının sərəncam və tapşırıqlarının tələblərinə uyğun olaraq öz fəaliyyətlərində əsas diqqəti vətəndaşların hüquq və vəzifələrinin, qanuni mənafelərinin qorunmasına, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafına və mədəni-məişət problemlərinin həllinə yönəltmişlər.
Ümumiyyətlə, yerlərdə keçirilən hesabat yığıncaqlarında 5115 nəfərin iştirakı təmin olunmuş, 183 nəfər tərəfindən 41 məsələ qaldırılmış, yerli əhəmiyyətli 12 məsələ operativ həll edilmişdir. Qaldırılan digər məsələlər isə ümumiləşdirilərək rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə tədbirlər planı hazılanıb təsdiq edilmiş və icrası nəzarətə götürülmüşdür.
Keçən il vətəndaşların qəbuluna və daxil olmuş müraciətlərə baxılmasına da diqqət artırılmışdır. 2011-ci ildə rayon İcra Hakimiyyəti başçısının aparatında keçirilmiş 42 qəbulda 4797 nəfər, o cümlədən Başçı tərəfindən 2161 nəfər vətəndaş qəbul edilmişdir. Hər həftə keçirilən səyyar qəbullar vətəndaşları narahat edən məsələlərin öyrənilməsində mühüm əhəmiyyət kəsb etmişdir.
İcra başçısı çıxışının sonunda demişdir:
- 2012-ci ildə qarşımızda çox mühüm vəzifələr durur. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi əmin edirik ki, Ulu Öndərin ideyalarına daim sadiq olan sabirabadlılar bundan sonra da ölkə rəhbərinin ətrafında sıx birləşərək onun qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə maksimum səy göstərəcəklər.
Məruzə ətrafında çıxış edən Prezident təqaüdcüsü Fatma Hüseynova, rayon Ağsaqqallar Şurasının sədri Şərif Məmmədbəyov, «Axısxa» Koperasiyasının sədri Hətəmşah Məcidov, Qasımbəyli kənd ərazi icra nümayəndəsi Zakir Əliyev, Tarix Diyarşünaslıq muzeyinin direktoru Şükufə Əsgərova, Təhsil şöbəsinin müdiri Elman Bunyadov, Olimpiya İdman Kompleksinin direktoru Oktay Mehdiyev və başqaları ölkə Prezidentinin diqqət və qayğısı sayəsində rayonda aparılan böyük abadlıq və quruculuq işlərinə görə minnətdarlıqlarını ifadə etmiş, bundan sonra da üzərlərinə düşən işin öhdəsindən layiqincə gələcəklərini əmin etmişlər.
Prezident Administrasiysının məsul əməkdaşı Dəyanət Abdullayev hesabat yığıncağında çıxış edərək ölkədə aparılan sosial-iqtisadi siyasətin aspektlərinə toxunmuş, eyni zamanda, haqqında bəhs olunan olunan məsələlərə münasibət bildirmişdir.
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezideni cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.