27 Sentyabr - Anım Günü şəhidlərin xatirəsi Sabirabad rayonunda ehtiramla yad edilib
Sabirabad rayonunda “27 Sentyabr - Anım Günü”nə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir. Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisinin deputatı Ramin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak etmişlər.
Anım tədbirinin iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Vətən müharibəsində şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsini ehtiramla yad etmişlər. Anım mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmışdır. Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışmış, şəhidlərimizə Allahdan rəhmət diləmiş və onların əziz xatirəsinin böyüməkdə olan nəsil üçün örnək olduğunu diqqətə çatdırmışdır.
Şəhid ailələrinin üzvləri övladlarının əziz xatirəsinin yad olunması üçün təşkil olunan təqdirəlayiq tədbirlərə görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişlər.
Anım Günü ilə əlaqədar saat 12.00-da ölkənin hər yerində olduğu kimi Sabirabad rayonunda da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.