27 sentyabr – Anım Günü münasibətilə Sabirabad rayonunda “Vətənim Azərbaycan” adlı rəsm sərgisi təşkil olunub
27 sentyabr – Anım Günü münasibətilə Sabirabad Rayon İcra Hakimiyyəti, Mil-Muğan Regional Mədəniyyət İdarəsi və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabirabad rayon Mədəniyyət Mərkəzində “Vətənim Azərbaycan” adlı rəsm sərgisi təşkil olunub.
Sərgidə gənc rəssamların və məktəblilərin Vətənə məhəbbət, torpaq sevgisi, azadlıq uğrunda mübarizə və qəhrəmanlıq mövzularında işlədikləri əsərlər nümayiş etdirilib. Tablolarda Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi, xalqımızın mübarizə ruhu, milli birliyimiz və vətənpərvərlik duyğuları bədii ifadəsini tapıb.
Tədbir iştirakçıları əvvəlcə Vətən uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Daha sonra çıxışlar zamanı 27 sentyabr – Anım Gününün tarixi əhəmiyyəti və bu günün xalqımız üçün dərin mənəvi məna daşıdığı vurğulanıb.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev və Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi Elçin Qiyasov çıxış edərək Anım Gününün xalqımızın yaddaşında qəhrəmanlıq və qürur simvolu kimi qalacağını bildiriblər. Onlar şəhidlərin müqəddəs xatirəsinin daim hörmətlə yad edildiyini, dövlətimizin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin gənc nəslin milli vətənpərvərlik ruhunda tərbiyəsinə mühüm töhfə verdiyini qeyd ediblər.
Çıxış edənlər həmçinin bu cür sərgilərin gənclərin yaradıcılıq potensialının inkişafına, milli-mənəvi dəyərlərimizin təbliğinə və Vətənə olan bağlılığın güclənməsinə mühüm töhfə verdiyini vurğulayıblar.
Sərgi iştirakçılar və qonaqlar tərəfindən maraqla qarşılanıb, təqdim olunan əsərlər yüksək qiymətləndirilib.






