Polis əməkdaşlarının Peşə bayramı qeyd edilmişdir
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da iyulun 2-də asayiş keşikçilərinin peşə bayramı qeyd edilmişdir. Öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra tədbir rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov asayiş keşikçilərini Polis Günü münasibətilə təbrik etmiş, onlara cansağlığı, işlərində uğurlar arzulamışdır. Natiq çıxışında bildirmişdir ki, Şərqdə ilk demokratik respublika-Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılmış qurumlardan biri də Daxili İşlər Nazirliyi olmuşdur. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli sərəncamı ilə hər il iyulun 2-si Polis Günü kimi qeyd edilir. Sonra o, ümummilli lider Heydər Əliyevin Azərbaycan polisinə göstərdiyi qayğıdan danışaraq qeyd etmişdir ki, bu ənənə ulu öndərin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2016-cı il tarixli sərəncamında rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Əlifağa Mustafa oğlu Kazımovun da adı vardır. O, «Vətən uğrunda» medalı ilə təltif edilmişdir. Eyni zamanda mühafizə bölməsinin rəisi Elman Mehdiyevə və Polis şöbəsinin əməkdaşı İlham Qəhrəmanova polkovnik-leytenant rütbəsi verilmişdir. Bu münasibətlə onları təbrik edirik.
Rayon Polis şöbəsi rəisinin müavini Seyran Mehbalıyev daxili işlər naziri Ramil Usubovun təbrik teleqramını oxumuşdur.
Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Mübariz Quliyev rayonda ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətkarlığın qarşısının qətiyyətlə alınması istiqamətində görülmüş işlərdən danışmışdır. Bundan sonra da polislərin vəzifə borclarını yerinə yetirmək üçün səylə çalışacaqlarını vurğulamışdır. Natiq Polis Günü münasibətilə təbriklərini çatdırmışdır.
Rayon prokuroru vəzifəsini icra edən, I dərəcəli hüquqşünas Ramil Ədilov, mühafizə bölməsinin rəisi Elman Mehdiyev tədbirdə çıxış etmişlər.
Tədbirdə bir qrup polis əməkdaşına Daxili İşlər Nazirliyinin, rayon İcra Hakimiyyətinin, Polis şöbəsinin mükafatları, fəxri fərmanları təqdim edilmişdir.