Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 20 Yanvar faciəsinin ildönümü qeyd olunmuşdur

20 yanvar 2012 | 16:00

Sabirabad rayonunda 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə kompleks tədbirlər keçirilmişdir. Qeyd etmək lazımdır ki, 1990-cı il yanvarın 20-də rayonun 2 sakini- Zəbulla Əliyev və Mehman Məmmədov milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin arasında olmuşdur. Ümumiyyətlə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi zamanı 222 nəfər ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuşdur. Onlardan ikisi- Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır, Maqsud Daşdıyev və Daşqın Əhmədov isə ölümlərindən sonra «Azərbaycan bayrağı» ordeni ilə təltif edilmişlər. Sabirabadda şəhidlərin xatirəsi həmişə əziz tutulur. «Şəhidlər Xiyabanı» onların xatirəsinə böyük ehtiramın bariz nümünəsidir.
20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə mərasim rayon içtimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Şəhidlər xiyabanı»nın qarşısında keçirilmişdir. Tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış, şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışmış, həmin dövrü geniş təhlil etmiş və ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsini Ümummilli liderimiz Heydər Əliyevin xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirmişdir.
«Şəhidlər xiyabanı»nında uyuyan Milli Qəhrəman Fərhad Ağayevin atası İslam Ağayev söz alaraq bildirmişdir ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü Vətənin və Xalqın ömrü qədərdir. Odur ki, mən qürurluyam ki, oğlum Vətənimizin azadlığı uğrunda canını fəda etmişdir.
Sonra çıxış edənlər Qarabağ müharibəsi veteranları birliyinin sədri Faiq Hüseynov və tələbə Aytən Baloğlanova şəhidlərimizin ölməzliyindən danışmış və gənclərimizi onlar kimi mərd və vətənpərvər olmağa çağırmışlar.
Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş və avtomobillərdən səs siqnalları verilmişdir.
Rayon ağsaqqalları, ziyalılar, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etmiş və şəhidlərə öz ehtiramlarını bildirmişlər.
 

Keçidlər