Sabirabadda Kitab Bayramı keçirilmişdir
Mayın 25-də rayon Mədəniyyət Mərkəzində ulu öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə VIII Kitab Bayramı keçirilmişdir.
Tədbirdən öncə iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar.
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, rayon İcra Hakimiyyəti başçısı aparatının, Mədəniyyət və turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, «Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi» İctimai Birliyinin təşkilatçılığı ilə keçən tədbiri giriş sözü ilə MKS-nin direktoru Eldar Urufov açaraq Kitab Bayramı münasibətilə təbriklərini çatdırmışdır.
Rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Əhməd Ramazanov, YAP rayon təşkilatının sədri Nadir Quliyev, AVMVB rayon təşkilatının sədri Faiq Hüseynov, şairə Rəqibə Qəvvas, «Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi» İctimai Birliyinin icraçı direktoru Vüsal Əhmədov çıxış edərək xoş arzularını bildirmişlər.
Tədbirdə kənd kitabxanalarına noutbuk verilmiş, fəal oxucular rayon Mədəniyyət və turizm şöbəsi tərəfindən Fəxri fərmanla mükafatlandırılmışlar.
Kitab Bayramının iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən kitablara maraqla baxmışlar. Müstəqil respublikamızın dövlətçiliyinə həsr edilmiş kitab nümunələri də tədbir iştirakçılarında böyük maraq doğurmuşdur. Kitab Bayramında həmçinin müxtəlif dövrlərdə yaşayıb yaratmış yazıçı və şairlərin əsərləri də sərgilənmişdir. Kitabsevərlərə yerli yazarların da kitabları təqdim olunmuşdur.
Sabirabad Dövlət Sosial-İqtisadi kollecinin tələbələri, məktəblilər, bağça uşaqları Vətənə, ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər söyləmişlər.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva iştirak və çıxış etmişdir.