Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda gənclərin regional forumu keçirilmişdir

19 may 2016 | 16:00

Mayın 19-da rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən «Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış» mövzusunda gənclərin regional forumu keçirilmişdir. Forumda Aran iqtisadi zonasına daxil olan 7 şəhər və rayonun-Şirvan şəhərinin, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Hacıqabul və Kürdəmir rayonlarının fəal gəncləri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış möhtəşəm abidəsini ziyarət etmiş, önünə gül qoymuşlar. Forum iştirakçıları həmçinin foyedə təşkil olunmuş gənclərin əl işlərindən ibarət sərgiyə də baxmışlar.
Forumun aparıcısı-Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov tədbiri açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmiş, bu il aprel ayının əvvəlində cəbhənin təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov çıxış edərək öncə qonaqları sabirabadlılar adından salamlamışdır. Cəmiyyətdə gənclərin rolunu yüksək qiymətləndirən natiq onları müstəqil Azərbaycanın avanqard dəstəsi adlandırmışdır. Rayon rəhbəri bildirmişdir ki, ölkəmizdə dövlət gənclər siyasəti uğurla yerinə yetirilir. Bu siyasətin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. 1997-ci ildən bəri hər il fevralın 2-si ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda «Gənclər Günü» kimi qeyd olunur. Dövlət gənclər siyasəti bu gün də ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Gənclərə yüksək səviyyədə dövlət qayğısı göstərilir. Nazim İsmayılov tədbir iştirakçılarına rayonumuzda görülən işlər barədə də ətraflı məlumat vermiş, forumun işinə uğurlar arzulamışdır.
Rayon gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək cəmiyyətdə gənclərin rolundan danışmışdır. Qeyd etmişdir ki, bu gün Azərbaycan gəncləri müşahidəçi kimi deyil, bütün sahələrdə fəal mövqedən çıxış edirlər.
Forumda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Azərbaycan Gənclər Təşkilatı Milli Şurasının katibi Seymur Hüseynov, Təhsil Nazirliyinin məsul işçisi Fərzəli Qədirov çıxış edərək gənclərin ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı fəaliyyətindən danışmışlar.
Dövlət gənclər siyasətinin həyata keçirilməsində fərqlənən bir qrup region gəncinə Gənclər və İdman Nazirliyinin Fəxri Fərmanı təqdim olunmuşdur.
Forum öz işini bir sıra mövzuların müzakirəsi ilə davam etdirmişdir. Forumda «Gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ olunması», «Təhsil və gənclərin intellektual inkişafı», «Regionlarda gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi», «Vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı» mövzularında müzakirələr geniş diskussiya şəklində keçmişdir. Gənclər müzakirələrdə fəal iştirak etmişlər.
Forum incəsənət ustalarının konserti ilə başa çatmışdır.

Keçidlər