Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən uğrunda qurban gedənlər ölməzdirlər

06 may 2016 | 16:00

Əvvəlcə sabirabadlı şəhid, xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı, Milli Qəhrəman Murad Telman oğlu Mirzəyevin xatirəsinə həsr edilmiş sənədli film nümayiş etdirilmişdir. Böyük Vətən müharibəsi zamanı qəhrəmancasına həlak olanların və Azərbaycanın müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, faşizm üzərində tarixi qələbənin respublikamızda qeyd olunmasında ulu öndər Heydər Əliyevin müstəsna xidməti vardır. Xalq cəbhəsinin hakimiyyəti dövründə «9 may-Qələbə Günü»nü təqvimdən silməyə çalışır, tarixi qələbənin qazanılmasında böyük əməyi olan veteranların xidmətlərini heçə endirirdilər. Bu qələbənin əldə olunmasında Azərbaycan xalqının vətəndaşları həm ön cəbhədə, həm də arxada əsl fədakarlıq göstərmiş və dəyərli töhfələrini vermişlər. Ona görə də Qələbə Gününü böyük qürur hissi ilə qeyd etməyə veteranların mənəvi haqqı vardır. Bu haqqı onlara ulu öndər Heydər Əliyev qaytarmışdır. Böyük Vətən müharibəsi illərində Azərbaycandan 600 minə yaxın vətəndaş cəbhəyə getmiş, onlardan təxminən 300 mini geri qayıtmışdır. Sabirabaddan isə 10 min nəfər cəbhəyə yollanmışdır. Onlardan 5 min nəfəri bu tarixi qələbə üçün canını qurban vermişdir.
Rayon rəhbəri faşizm üzərində qələbənin 71-ci ildönümü münasibətilə təbriklərini çatdırmış, xoş arzularını bildirmişdir. Daha sonra cənab Nazim İsmayılov qeyd etmişdir ki, 1988-ci ildən başlayaraq Ermənistan silahlı birləşmələri ölkəmizin suverenliyi və müstəqilliyinə xələl gətirən təxribatlara əl atır, dinc sakinlərimizi, ordumuzun keşikçi məntəqələrini iriçaplı silahlardan, bəzən artilleriya qurğularından atəşə tuturlar. Bu ilin aprel ayının əvvəllərində xüsusi təyinatlı qüvvələrin polkovnik-leytenantı, Muğan Gəncəli kəndindən olan Murad Telman oğlu Mirzəyev və Çiçəkli kəndindən Rizvan Telman oğlu Muradov qoşunların təmas xəttində erməni işğalçılarının törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı  qəhrəmancasına şəhid olmuşlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Murad Mirzəyev Milli Qəhrəman adına layiq görülmüşdür. Murad Mirzəyev 1976-cı ildə Sabirabad rayonunun Muğan Gəncəli kəndində anadan olmuşdur. 1998-ci ildə Türkiyədə Ali Hərbi Məktəbi bitirmiş, ABŞ, Rumıniya, İordaniya kimi ölkələrdə təlimlər keçmişdir. Murad Mirzəyev Bakıda II Fəxri Xiyabanda dəfn olunmuşdur.
Toplantının gedişində gənclərin səsləndirdiyi «Şəhidlər ölməz, Vətən bölünməz», «Azərbaycan ordusuna eşq olsun!», «Azərbaycan xalqına eşq olsun», «Ali Baş Komandan İlham Əliyevə eşq olsun!» sədaları  ayaq üstə sürəkli alqışlarla qarşılanmışdır.   
Rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Zülfəli Əliyev, gənclər adından Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Ümid Zeynalov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Sabirabad rayon şöbəsinin rəisi Rəsul Babayev, şəhid Murad Mirzəyevin atası Telman Mirzəyev mərasimdə çıxış etmişlər.

Keçidlər