Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad Yeni ili yeni töhfələrlə qarşılayır

23 dekabr 2011 | 16:00

Bu günlər Sabirabad xoş əhval-ruhiyyə içərisindədir. Bölgənin əhalisi yeni-2012-ci ili yüksək nailiyyətlərlə qarşılayır. Dövlət başçısının diqqət və qayğısı sayəsində burada ötən ilki təbii fələkatəin nəticələri demək olar ki, artıq aradan qaldırılıb. Yeni möhkəm özüllü evlər tikilib, 12 sosial obyekt istifadəyə verilib, elektrik və qaz təsərrüfatının, su və kanalizasiya sisteminin yenidən qurulması sahəsində əsaslı işlər görülüb, böyük tikinti işlərinə start verilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin «Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında» 2 noyabr 2010-cü və 21 iyun 2011-ci il tarixli Sərəncamlarına uyğun olaraq 34 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirən Sabirabad-Qasımbəyli-Narlıq-Qaraqaşlı avtomobil yolu da yenidən qurulub. Dövlət başçısı bu ilin mayın 5-də Sabirabad rayonuna növbəti səfəri zamanı daşqına məruz qalmış Qasımbəyli kəndinə çəkilmiş 15 kilometrlik asfalt yolun açılışında iştirak etmişdir. Bu günlərdə isə həmin yolun qalan 53 kiometrlik hissəsinin açılış mərasimi keçirildi. Bununla əlaqədar həmin yolun Cavad və Axısxa kəndlərindən keçən hissəsində düzənlənən tədbiri Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açdı və 17 yaşayış məntəqəsini əhatə edən yüksək standartlara cavab verən asfalt yolun və buradakı əhalinin mərkəzlə əlaqəsini dəfələrlə yaxınlaşdıracaq Kür çayı üzərindən tikilən körpünün həyati əhəmiyyətindən danışdı və ölkə Prezidenti cənab İlham Əliyevə diqqət və qvayğısına görə minnətdarlığını ifadə etdi. Çıxış edən kənd ağsaqqalları Hacı Mirfazil Qasımov, Hacı Seyidrəsul Mövsümov, Hacı Mirəziz Səfərov, kənd ziyalılarından Vahid Kərimov, Xanoğlan əsgərov, Hətəmşah Məcidov və başqaları uzun illər həsrətində olduqları, həsəd aparılacaq rahat yola görə camaata gözaydınlığı verdilər, onlar dönə-dönə Azərbaycan Prezidentinə razılıqlarını, hörmət və ehtiramlarını bildirdilər. Quruzma kənd ağsaqqalı Mərəziz Səfərovun səsləndirdiyi «Keçmiş Sovetlər İttifaqının ən imkanlı vaxtında belə mümkün olmayanı bizim Prezidentimiz həyata keçirdi» kəlməsi tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Həmin gün rayonun Qalağayın kəndinə təbii qazın verilməsi münasibətilə də təntənəli toplantı keçirildi. İcra başçısının giriş sözü ilə açdığı tədbirdə kənd ağsaqqaları və ziyalılar çıxış edərək dövlət başçısına minnətdarlıqlarını dəfələrlə dilə gətirdilər və aparılan abadlıq və quruculuq işlərinə görə də rayon rəhbərliyinə razılıqlarını çatdırdılar. Elmira Fərzəliyeva çıxışında Prezidentimizə rəgmən dediyi «Siz bizim üçün ucadan uca, vüqarlı, cəsarətli, qətiyyətli bir şəxsiyyət, həm də bütün dünyada deyən dilimiz, düşünən beynimizsiniz. Sizə bu xoş gündə möhkəm can sağlığı, hər kəsə örnək ola biləcək ailənizə xoşbəxtlik arzulayırıq» sözləri «Eşq olsun Prezidentimizə» nidaları ilə tamamlandı.
Sonda mavi qaz məşəli alovlandırıldı.
Tədbirlərdə Prezident Administasiyasının məsul işçisi Dəyanət Abdullayev iştirak və çıxış etdi.
Mərasimlərdə ölkə Prezidentinə yekdilliklə müraciət qəbul olundu.
 

Keçidlər