Uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir
Mayın 4-də şəhid Qulam İsmayılov adına 1 saylı şəhər Uşaq bağçasının qarşısında böyük izdiham var idi. Bayramsayağı bəzədilmiş bağçanın qarşısına hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, bağçanın kollektivi, valideynlər, ictimaiyyətin nümayəndələri toplaşmışdılar. Bağça ən yüksək səviyyədə, həm də müasir üslubda təmir edilərək istifadəyə verilmişdir.
Bu münasibətlə keçirilən mərasim açıq elan olunduqdan sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Bağçanın müdiri İradə Abbasəliyeva çıxışında bildirmişdir ki, 1976-cı ildə tikilib istifadəyə verilmiş ikimərtəbəli 140 yerlik uşaq bağçası əsaslı şəkildə yenidən qurulmuşdur. Burada körpələrin təlim-tərbiyəsi və gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Bağçada 3 yaşdan 6 yaşadək uşaqlar 5 qrupda təlim-tərbiyə alır. 100 nəfər uşağın təlim-tərbiyəsi ilə 22 nəfər məşğul olur. Bağçada uşaqların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxarılması diqqət mərkəzində saxlanılır. 4 korpusdan ibarət bağçanın təmirinə 2015-ci ilin əvvəlində «Təşəbbüs» LTD MMC tikinti təşkilatı tərəfindən başlanılmış, bu ilin aprelin sonunda başa çatdırılmışdır. Buna görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bu fərəhli gün münasibəti ilə bağçanın kollektivini, valideynləri, uşaqları təbrik etmiş, xoş arzularını bildirmişdir. Qeyd etmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gərgin əməyi sayəsində ölkəmizdə sosial-iqtisadi inkişaf getdikcə sürətləndirilir. Bir sıra infrastruktur layihələr uğurla həyata keçirilir. Rayonumuzda 22 uşaq bağçası fəaliyyət göstərir. Bunlardan 6-sı müasir tələblərə uyğun təmir olunaraq uşaqların istifadəsinə verilmişdir. 1 saylı şəhər uşaq bağçasının yüksək keyfiyyətlə təmir edilərək istifadəyə verilməsi də regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının tərkib hissəsidir. Regionlarda yeni məktəb binaları, uşaq bağçaları tikilr. Hazırda bu işlər uğurla davam etdirilir. Bütün bunlara görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığımızı bildiririk.
Tədbirdə şəhid Qulam İsmayılovun anası Afət xanım İsmayılova çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə, rayon rəhbərliyinə, tikinti şirkətinə minnətdarlığını bildirmişdir.
Bağça uşaqları şeir söyləmiş, şən musiqi sədaları altında rəqs etmişlər. İncəsənət ustalarının ifasında mahnılar səslənmişdir.
Tədbir iştirakçıları əsaslı şəkildə yenidən qurulan uşaq bağçasında yaradılmış şəraitlə tanış olmuşlar.