Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl qəzasından 30 il ötdü

26 aprel 2016 | 16:00

Aprelin 26-da YAP rayon təşkilatının inzibati binasında Çernobıl qəzasının 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə xidmət təşkilatlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış, Çernobıl faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, XX əsrin ən dəhşətli faciələrindən biri olan Çernobıl qəzasından 30 il keçir. 1986-cı il aprelin 26-da Ukraynanın Çernobıl  Atom Elektrik Stansiyasında baş vermiş güclü partlayış həmin bölgəni və dünyanın 17-dən çox ölkəsini böyük fəlakətə düçar etdi. Minlərlə adam həlak oldu. Digərləri isə sağalmaz xəstəliyə tutuldular. Çernobıl faciəsinin fəsadlarının aradan qaldırılmasında 7 mindən çox azərbaycanlı da iştirak etmiş, onlardan bir çoxu həlak olmuşdur. Fəlakət baş verən zaman səfərbər edilənlər arasında 100 nəfərədək sabirabadlı da olub.
Onların hünərini igidlik və qəhrəmanlıq kimi dəyərləndirən natiq  təəssüf hissi ilə bldirmişdir ki, bu fədakar insanların çoxu dünyasını dəyişmiş, sağ qalanlar isə güclü şüalanmadan indi də əziyyət çəkirlər. Həmin hadisə baş verən zaman SSRİ hökumətinin rəhbərlərindən biri olan, xalqımızın ümummilli lideri Heydər Əliyev təcili olaraq hadisə yerinə getmiş,  qəzanın nəticələrinin ləğvi prosesində bilavasitə iştirak etmişdir. Ulu öndərimiz 1993-cü ildə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl qəzası iştirakçılarının hüquqlarının müdafiəsini təmin etmək məqsədilə onun bilavasitə rəhbərliyi altında «Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında» qanun qəbul olunmuşdur. Onlara pensiya və müavinətlər təyin edilmişdir. Hər il aprelin 26-da Çernobıl faciəsi qurbanlarının xatirəsi ehtiramla anılır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Çernobıl qəzası iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirir.
Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əziz Mikayılov, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini İlqar Rzayev çıxış edərək Çernobıl əlillərinə  göstərilən xidmətdən danışmışlar.
Tədbirdə çıxış edən Çernobıl Əlilləri Cəmiyyəti rayon təşkilatının sədri Əzizağa Quliyev Çernobıl əlillərinə və ailələrinə göstərilən qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və rayon rəhbərliyinə təşəkkürünü bildirmişdir.
Çernobıl əlillərinə maddi yardım göstərilmişdir.

Keçidlər