Şriftin ölçüsü :

Saytın rəngi :

Baytarlıq nəzarəti gücləndirilməlidir

26 aprel 2016 | 16:00

Aprelin 26-da Sabirabad rayon Mədəniyyət Mərkəzində «Rayonda baytarlıq xidmətinin təşkili və bu istiqamətdə nəzarətin gücləndirilməsi» mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə rayon Baytarlıq İdarəsinin və Zona Baytarlıq Laboratoriyasının mütəxəssisləri, Kənd Təsərrüfatı İdarəsinin məsul işçiləri iştirak etmişlər.
Toplantını giriş sözü ilə rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Heydar Yaqubov açaraq rayonun ərazisində baytarlıq sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, dövlət tərəfindən verilən dərman preparatlarından təyinatı üzrə istifadə edilməlidir. Natiq həmçinin vurğulamışdır ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün aparılan süni mayalandırma tədbirləri Kənd Təsərrüfatı Nazirliyinin xüsusi nəzarəti altındadır. Bu sahədə rayonumuz respublikada yüksək yer tutur. Belə ki, sovxoz və kolxozların islahatından sonra 2003-cü ildən indiyədək 38 min 71 baş heyvan süni mayalandırılmış, bu yolla 28 min 673 baş bala alınmışdır. Vaxtilə süni mayalandırma toxumları Hollandiyadan gətirilirdisə, indi artıq 5 ilə yaxındır ki, bu toxumlar Azərbaycan Respublikası Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu  süni mayalandırma mərkəzindən alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 24 dekabr tarixli 401 nömrəli qərarı ilə süni yolla mayalandırılmış və bundan sonrakı dövrdə bala almış hər bir təsərrüfat sahibinə 100 manat məbləğində subsidiya verilməsi nəzərdə tutulmuşdur. Heydar Yaqubov bu istiqamətdə görülmüş işlərdən, qarşıda duran vəzifələrdən bəhs edərək qeyd etmişdir ki, komissiya üzvləri sənədləşdirmə işlərini dəqiq və vaxtında aparmalıdırlar ki, bu iş şəffaflıqla həyata keçirilsin.
Natiq bildirmişdir ki, Əhmədabad, Cavad, Qəzli, Qaragüney kəndlərinin süni mayalandırma texnikləri Mayıl Xazikov, Xəzər Kərimov, Fikrət Nuriyev, Cəlal Məlikov öz işlərini yüksək səviyyədə qurduqlarına görədir ki, onlar respublika Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə keçirilən «İlin ən yaxşı süni mayalandırma mütəxəssisi» adını alaraq diplom və pul mükafatı ilə təltif edilmişlər. Heç də təsadüfi deyildir ki, nazirliyin mütəxəssisləri Mayıl Xazikovu süni mayalandırmanın akademiki adlandırırlar.
Dövlətimizin qayğısı sayəsində iribuynuzlu mal-qaranın baş sayı son on il ərzində 100 mindən 200 min başa çatdırılmışdır.
Açıq diskussiya şəraitində keçən tədbirdə sahə Baytarlıq İdarəsinin rəisi Fikrət Rəsulovun, Zona Baytarlıq Laboratoriyasının direktoru Ramin Mirzəxanovun məlumatları dinlənilmişdir.
Cavad, Quruzma, Azadkənd, Ulacalı, Yolçubəyli baytarlıq sahələrinin həkimləri Lazım Hüseynov, Əlifağa Hüseynov, Gündüz Heydərov, Dəyanət Babayev, İslam Qurbanov bir sıra təkliflərlə çıxış etmişlər.
Tədbirin sonunda Heydar Yaqubov  tapşırıq və tövsiyələrini vermişdir.

Keçidlər