Aqrar sahə inkişaf etdirilir
Aprelin 16-da rayon Mədəniyyət mərkəzində Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən kənd təsərrüfatı məhsullarının istehsalının artırılması ilə əlaqədar yaradılmış işçi qrupunun iştirakı ilə tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi xidmətinin Aqrar və sənaye məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov, Kənd Təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov, İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Fövqəladə Hallar nazirinin müavini Tapdıq Əmiraslanov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar və sənaye məsələləri şöbəsinin məsləhətçisi Zaur Məmmədli iştirak etmişlər.
İnzibati ərazi dairələri üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, fermerlərin, sahibkarların, şirkət təmsilçilərinin, xidmət qurumlarının dəvət edildiyi toplantını giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qonaqları salamlamış, rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması istiqamətində aparılan işlərin vəziyyəti barədə geniş məlumat vermişdir.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aqrar sahənin inkişaf etdirilməsini qarşıya məqsəd qoymuşdur. Biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmağa səylər göstərməliyik. Bu sahədə Sabirabad rayonunda potensial imkanlar vardır. Vaxtilə bu sahədə töhfələr olub. İndi tamam yeni bir mərhələyə qədəm qoymuşuq. Aqrar sahənin inkişaf etdirilməsi əhalinin rifah halının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. Buna görə də gəlirli sahələr inkişaf etdirilməlidir. Kənd təsərrüfatında strateji sahə isə pambıqçılıqdır. Pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə ulu öndər Heydər Əliyevin zəhməti sayəsində pambıq istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. Sabirabad rayonu da ən yüksək pambıq istehsal edən rayonlardan olmuşdur. İndi pambıqçılığın inkişaf etdirilməsi üçün stimullaşdırıcı tədbirlər nəzərdə tutulmuşdur.
Tədbirdə ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, şirkət, aqrolizinq təmsilçiləri, fermerlər, sahibkarlar çıxış edərək fikir və mülahizələrini bildirmiş, problemlərdən, çətinliklərdən danışmışlar.
Tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.