İlin birinci rübünün yekunları müzakirə olunmuşdur
Aprelin 13-də rayon Mədəniyyət mərkəzində cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı keçirilmiş hesabat yığıncağında RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə qurumlarının sədrləri, YAP rayon təşkilatının fəalları, ağsaqqalların, ziyalıların, gənclərin, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
İşgüzar şəraitdə keçən yığıncağı giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirin məqsəd və məramına aydınlıq gətirdikdən sonra bu ilin aprelin əvvəllərində cəbhənin təmas xəttində erməni təxribatının qarşısının alınması zamanı həlak olmuş hərbçilərimizin, həmçinin bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısının müavini–Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov rayonumuzda ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin aprel ayının 9-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübündə sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında ölkə başçısı biznes mühitinin yaxşılaşdırılması üçün sahibkarlara daha da böyük dəstək verilməsi istiqamətində çox önəmli addımlar atıldığını, istifadəsiz torpaqların olması, iş yerlərinin yaradılması, aztəminatlı əhaliyə mənzillərin aşağı qiymətlərlə və uzunmüddətli kreditlə verilməsi üçün Mənzil Fondunun yaradılması, infrastruktur layihələrin icrası, kənd təsərrüfatının sürətlə inkişafı, xüsusən pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi sahələrində görülmüş işləri qeyd etmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və görüləcək işlərlə bağlı tapşırıqlar vermişdir.
Bu il rayonumuzda 6000 ha pambıq əkilməsi üçün sahə müəyyənləşdirilmiş, şum işləri başa çatdırılmaqla arat və digər aqrotexniki tədbirlər həyata keçirilir. Bəzi sahələrdə çiyid səpininə başlanmışdır.
Pambıqçılığın inkişafı ilə yanaşı, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsi də inkişaf etdirilməlidir. Bu il rayonda 3 ton barama istehsal olunması nəzərdə tutulmuşdur.
«Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın ikinci ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarının icrasını təmin etmək məqsədilə rayonda görüləcək işlər müəyyənləşdirilmiş və bu istiqamətdə tədbirlər görülür.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdür. Hazırda rayon mərkəzinə və 52 kəndə təbii qaz verilir. Şəhriyar və Güdəcühür köçkün qəsəbələrində məskunlaşan 434 abonentə də təbii qaz verilmişdir.
Su təchizatının və kanalizasiya sisteminin normal işləməsini təmin etmək məqsədilə «Azərsu» ASC tərəfindən işlər davam etdirilir.
Məktəblərdə əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisi davam etdirilir. Yaxın günlərdə 1176 şagird yerlik Qaratəpə kənd tam orta məktəbində əsaslı təmir işlərinə başlanılacaqdır.
Rayonun Axısxa, Çöl Beşdəli kəndlərində fəaliyyət göstərən hər biri 40 yerlik olmaqla uşaq bağçalarında əsaslı təmir işləri aparılmışdır. Rayon mərkəzində yerləşən 140 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri yekunlaşmışdır. 40 yerlik Qarağac kənd uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir. Təmir olunmuş əksər uşaq bağçalarına yeni inventar və avadanlıqlar verilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2016-cı il fevral ayının 15-dən rayon əhalisinin tibbi müayinədən keçirilməsinə başlanmışdır. 18 yaşdan yuxarı 120084 nəfərdən bu günə qədər 74126 nəfər tibbi müayinəyə cəlb olunmuşdur. Onlardan 1532 nəfəri ambulator müalicəyə, 388 nəfəri rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəyə cəlb olunmuş, ciddi xəstəliyi olan 175 nəfər Bakı şəhərinə müvafiq klinikalara göndərilmişdir. Tibbi müayinə may ayının 15-dək davam etdiriləcəkdir.
15 mart 2016-cı il tarixdə «Ana Kür» istirahət mərkəzində rayon İcra Hakimiyyəti və «ASAN xidmət» könüllülərinin birgə təşkilatçılığı ilə «Novruz-dostluq Festivalı» devizi altında Novruz bayramı qeyd edilmişdir. Respublikamızda 2016-cı ilin «Multikulturalizm ili» elan olunması ilə əlaqədar Novruz şənliyində Hindistanın Azərbaycandakı səfiri, Türkiyə, İran və Əfqanıstan səfirliklərinin yüksək vəzifəli şəxsləri iştirak etmişlər.
Rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərin qayğı və sosial problemləri daim diqqət mərkəzində olmuşdur. Güdəcühür kəndi ərazisində Cəbrayıl, Füzuli, Ağdam və digər rayonlardan olan məcburi köçkünlər üçün bütün infrastruktura malik olan 2 qəsəbə salınmışdır. Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailə, ümumilikdə isə 440 ailə həmin qəsəbələrə köçürülmüşdür. Qeyd olunan qəsəbədə 2 məktəb, mədəniyyət evi və xəstəxana tikilmişdir.
Məruzə ətrafında çıxış edənlər- rayon Kənd Təsərrüfatı idarəsinin rəisi Heydar Yaqubov, Mexaniki Suvarma idarəsinin rəisi Mirəlif Əzizov, rayon Əhalinin sosial müdafiəsi mərkəzinin direktoru Vüsal Talıblı rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat vermişlər.
Yığıncağa yekun vuran rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nazirlər Kabinetinin iclasında ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında səslənən önəmli müddəaları diqqətə çatdırmış və qarşıda duran vəzifələrdən danışmışdır.