Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımız öz Prezidentinin qətiyyətinə və ordusunun gücünə arxalanır

05 aprel 2016 | 16:00

İşğalçı Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi ardıcıl təxribatlara, nəhayət, aprelin 2-də Azərbaycan silahlı qüvvələrinin layiqli cavab tədbirləri bütün dünyada olduğu kimi, ölkəmizdə də böyük əks-səda doğurmuş, coşqu ilə qarşılanmışdır.
Bu münasibətlə aprelin 5-də rayon Mədəniyyət Mərkəzində keçirilən izdihamlı toplantıda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla  aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin  nümayəndələri, müharibə veteranları iştirak etmişlər.
Rayon İcra Hakimiyyətinin  başçısı cənab Nazim İsmayılov toplantı iştirakçılarına məlumat verərək bildirmişdir ki, Azərbaycan 22 ildir Dağlıq Qarabağ münaqişəsinin diplomatik yolla nizama salınmasına, məsələnin sülh yolu ilə həllinə səy göstərsə də Ermənistan tərəfi hər dəfə müxtəlif bəhanələrlə bundan imtina edir. Ermənistanın silahlı birləşmələri münaqişə bölgəsində daim təxribatlar törədir. Dinc sakinlərimizi, ordumuzun keşikçi məntəqələrini iri çaplı silahlardan, bəzən artilleriya qurğularından atəşə tuturlar. Son dövrlər bu təxribatlar daha intensiv xarakter almış və onlar sözün əsl mənasında azğınlaşmışdılar. Bildiyimiz kimi, aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın silahlı quvvələri düşmənə layiqli cavab vermək üçün hücuma keçərək Ermənistan silahlı birləşmələrinə ağır zərbələr endirərək bir çox strateji yüksəklikləri və məntəqələri ələ keçirmişlər. Düşmən tərəf xeyli canlı qüvvə, zirehli texnika itirmişdir.
Sonra  döyüşlər zamanı qəhrəmancasına həlak olmuş şəhidlərin və dinc sakinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri qeyd etmişdir ki, aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti  yanında Təhlükəsizlik Şurasının iclasında dövlət başçısı, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyev hadisəyə münasibətini bildirərək haqlı olaraq demişdir ki, bu, işğalçı Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatı idi. Düşmənə layiqli cavab verilmiş, ona dağıdıcı zərbələr endirilmişdir. Azərbaycan böyük hərbi qələbə qazanmışdır. Möhtərəm Prezidentimiz çox haqlı olaraq demişdir ki, Azərbaycan öz torpağında müharibə aparır. Əgər erməni əsgərləri ölmək istəmirlərsə, onda rədd olub getsinlər bizim torpaqlardan.
Rayon ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov, I qrup Qarabağ müharibəsi əlili Elvin Əsgərov, əlbəyaxa döyüş növü üzrə Avropa çempionu Əlicabbar Nuriyev, AVMVB rayon təşkilatının sədri Faiq Hüseynov, şair Ərzuman Ümman çıxış edərək birmənalı şəkildə dövlət başçısının mövqeyini dəstəklədiklərini, Ali Baş Komandanın bu gün belə döyüş əmri olarsa, gənclərin bir nəfər kimi cəbhəyə getməyə hazır olduqlarını bildirmişlər. İşğal olunmuş torpaqların azad edilməsi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin  milli ordumuzun möhkəmləndirilməsi, silahlı qüvvələrimizin ən müasir texnika və silahlarla təmin olunması istiqamətində həyata keçirdiyi tədbirləri alqışladıqlarını bildirmişlər. Belə bir yekdil fikir səsləndirilmişdir ki, son hadisələr zamanı silahlı qüvvələrimizin zəfəri Azərbaycanın milli ordusunun bu gün regionun ən müasir, ən güclü və yüksək döyüş qabiliyyətinə malik hərbi qüvvələrindən olduğunu parlaq şəkildə təsdiq etmişdir. Xalqımız öz Prezidentinin qətiyyətinə və ordusunun gücünə arxalanır.
Toplantının gedişində gənclərin səsləndirdiyi «Qarabağ bizimdir, bizim olacaq» şüarını iştirakçılar gurultulu alqışlarla qarşılamışlar. «Azərbaycan ordusuna eşq olsun!», «Azərbaycan xalqına eşq olsun!», «Ali Baş Komandan İlham Əliyevə eşq olsun!» sədaları ayaqüstə sürəkli alqışlarla qarşılanmışdır.       
Yığıncağın sonunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə rayon ictimaiyyəti nümayəndələrinin müraciəti səsləndirilmişdir. Sənəddə Ermənistanın təxribatçı hərəkətlərinin qarşısını qətiyyətlə aldığına görə dövlət başçısına rayon ictimaiyyətinin dərin minnətdarlığı, xalqın milli ordumuzla qürur duyduğu ifadə olunmuşdur.

Keçidlər