Sabirabadda Ulu Öndərə böyük ehtiram
Xalqımızın Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin əbədiyyətə qovuşmasının 8 ili ilə əlaqədar Sabirabad rayonunda anım mərasimi keçirildi.
Ulu öndərin əzəmətli büstü qarşısında düzənlənən tədbirin əvvəlində Ümummilli liderin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş çıxış etdi. Ulu öndərimizin mənalə ömür yolu vətənə sədaqət nümunəsi olmuşdur,-deyə çıxışa başlayan natiq sözünə davam edərək bildirdi ki, müstəqil Azərbaycan dövləti Ümummilli liderimizin şah əsəridir, onun öz xalqı qarşısında tarixi xidmətidir. Məhz buna görə Heydər Əliyevin adı tariximizin səhifələrinə qızıl həriflərlə yazılmışdır. Sabirabadın yenidən qurulmasında, onun inkişafında və formalaşmasında da Heydər Əliyevin tarixi rolu, xidmətləri əvəzsizdir. 15 dəfə bu regiona səfər etmiş, böyük sənaye müəssisələrinin, mədəni, inzibati və sosial obyektlərin ərsiyə gəlməsinə yaxından köməklik göstərmiş dahi şəxsiyyətin əziz xatirəsi hər bir sabirabadlının qəlbində əbədi yaşayacaqdır. Heydər Əliyev ideyalarının yaşadılması, onun dühasının bəhrəsi olan müstəqil Azərbaycan dövlətinin daha da möhkəmləndirilməsi naminə möhtəşəm, yorulmaz fəaliyyətinə görə bütün xalqımız kimi sabirabadlılarda ölkə Prezidenti möhtərəm İlham Əliyevə minnətdardılar. Biz əminik ki, onun uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti xalqımızı və dövlətimizi daha parlaq gələcəyə qovuşduracaqdır. Azərbaycan durduqca Heydər Əliyev də olacaqdır, onun amalları həyatımıza daim işıq saçacaqdır.
Sonra beş mindən çox mərasim iştirakçısı həzin musiqi sədaları altında Ulu öndərin abidəsi önünə əklillər və tər güllər qoyaraq dahi rəhbərə ehtiramlarını bildirdilər.