Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə yaşayış evləri verilmişdir
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamının icrasını həyata keçirmək məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rayonumuzda inşa olunmuş 10 fərdi yaşayış evinin açarları Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilmişdir.
Bu münasibətlə martın 31-də Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin respublikamızın uzunmüddətli inkişafına yönələn uğurlu siyasətinin mərkəzində məhz ölkə vətəndaşının rifah halının yüksəldilməsi prinsipi dayanır. Ölkəmizdə həyata keçirilən sosial siyasətdə müharibə əlilləri və şəhid ailələrinin sosial müdafiəsinin mühüm yer tutduğu önə çəkilərək onların maddi təminatının gücləndirilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması əsas vəzifələrdəndir.
Rayon rəhbəri evlə təmin olunan ailələri təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Yeni fərdi yaşayış evləri ilə təmin olunan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri sosial cəhətdən həssas qruplardan olan insanlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə etmişlər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul işçisi Bəxtiyar İsgəndərov iştirak etmişdir.