Sabirabadda «31 mart-Azərbaycanlıların soyqırımı günü» qeyd olunmuşdur
Sabirabad rayonunda «31 mart-Azərbaycanlıların soyqırımı günü» ilə əlaqədar yığıncaq keçirilmişdir. Yığıncağa rayon İcra Hakimiyyətinin, hüquq mühavizə orqanlarının, idarə, müəssisə və təşkilatların məsul işçiləri, ziyalıların, gənclərin nümayəndələri dəvət edilmişlər. Tədbirdən əvvəl “Kədərli Ana” abidəsi ziyarət olunmuş, abidə önünə gül-çiçək dəstələri düzülmüşdür. Heydər Əliyev Mərkəzində davam etdirilmiş tədbirin iştirakçıları soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq 1918-ci ilin mart hadisələrindən və sonrakı dövrlərdə azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalmasından, doğma yurdlarından sürgün edilməsi və didərgin salınmasından, öz vətənlərində məcburi köçkünə çevrilməsindən ətraflı, tutarlı tarixi faktlarla danışmış, həmin hadisələrin XX əsrin ən faciəli və dəhşətli səhifələrindən olduğunu qeyd etmişdir. O həmçinin azərbaycanlıların soyqırıma məruz qalmasının dünya ictimaiyyətinə çatdırılmasında ölkə başçısı cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın misilsiz əməyindən danışmışdır.
Tədbirdə M.Müşfiq adına 4 saylı şəhər tam orta məktəbin tarix müəllimi Solmaz Zeynalova, Cəbrayıl rayonundan məcburi köçkün Əhməd Əhmədov, «Asan Xidmət» mərkəzinin könüllüsü Lalə Musayeva çıxış edərək ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələrini qətiyyətlə pisləmişlər.