Sabirabadda «Novruz- dostluq Festivalı» devizi altında Novruz bayramı şənliyi keçirilmişdir.
15 mart 2016-cı il tarixdə Sabirabad «Ana Kür» istirahət mərkəzində Sabirabad rayon İcra Hakimiyyəti və «ASAN Xidmət» Könüllülərinin birgə təşkilatçılığı ilə «Novruz- dostluq Festivalı» devizi altında Novruz bayramı qeyd edilmişdir.
Respublikamızda 2016-cı ilin «Multikulturalizm» ili elan olunması ilə əlaqədar Novruz şənliyində Hindistanın Azərbaycandakı səfiri, Türkiyə, İran və Əfqanıstan səfirliklərinin yüksək vəzifəli şəxsləri iştirak etmişlər.
Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və bayram şənliyinə dəvət olunmuş qonaqlar şəhərin mərkəzi meydanında ucalan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidənin önünə gül dəstələri düzmüşlər. Daha sonra onlar Heydər Əliyev Mərkəzində eksponatlarla tanış olmuşlar. Qonaqlar həmçinin rayonda fəaliyyət göstərən ASAN Xidmət mərkəzində olmuş, kollektivlə görüşərək əməkdaşların iş şəraiti ilə maraqlanmışlar.
Sabirabad «Ana Kür» istirahət mərkəzində rayonun bütün 75 yaşayış məntəqəsini təmsil edən bayram iştirakçılarını rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov salamlayaraq hamıya xoşbəxtlik, firavan həyat, bol ruzi-bərəkət arzulamış, qonaqları təqdim etmişdir.
Təbrik üçün söz Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimova, Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Sanjay Ranaya, Türkiyə Respublikasının ölkəmizdəki səfirinin müavini Meral Barlasa, Yunus Əmrə İnstitutunun Bakı Türk Mədəniyyət mərkəzinin direktoru İbrahim Yıldırıma, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət mərkəzinin sədri İbrahim İbrahimliyə, Əfqanıstanın Azərbaycandakı səfirliyinin nümayəndəsi Şahzad Ayrobiyə verilmişdir.
Bayram şənliyi bədii hissə ilə davam etdirilmişdir. Sabirabad Mədəniyyət mərkəzinin və «ASAN Xidmət» Könüllülərinin yaradıcı kollektivləri tamaşaçılar qarşısında maraqlı konsert proqramı ilə çıxış etmişlər.