Daxili İşlər Nazirliyinin nümayəndələri rayonumuzda məskunlaşmış məcburi köçkünləri sevindirmişlər
Martın 14-də Novruz bayramı ərəfəsində Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə nazirliyin nümayəndələri rayonumuzda yeni salınmış qəsəbədə məcburi köçkünlərlə görüşmüşlər. Qonaqlar hörmət və ehtiramla qarşılanmışlar.
Daxili İşlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyev köçkünlərlə səmimi görüşərək onlara respublikanın Daxili İşlər naziri, general-polkovnik Ramil Usubovun bayram təbriklərini və xoş arzularını çatdırmışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov qonaqları salamlamış, məcburi köçkünləri yeni qəsəbədə mənzil verilməsi və Novruz bayramı münasibətilə təbrik etmiş, onlara göstərilən dövlət qayğısından söz açmışdır.
Məcburi köçkünlər qarşısında çıxış edən nazir müavini İsmət Əliyev vurğulamışdır ki, qaçqın və köçkünlərlə sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ümummilli liderimizin siyasi kursunu möhtərəm Prezidentimiz İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısı qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşılmasını bütün məmurlardan tələb edir. Nazir müavini vurğulamışdır ki, bu gün Azərbaycan bölgədə həlledici söz sahibidir. Respublikamızın iqtisadi potensialı, siyasi qüdrəti durmadan artır. Azərbaycan öz ərazi bütövlüyünü xalqımızın yenilməz iradəsinə və ordumuzun gücünə arxalanaraq istənilən yolla bərpa edəcəkdir. Bu problem ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həll olunacaqdır.
Zəngilan rayonundan Mətləb Həsənov, Cəbrayıl rayonundan Əhməd Əhmədov qaçqın və məcburi köçkünlər adından çıxış edərək dövlətimizin başçısının apardığı məqsədyönlü daxili və xarici siyasət sayəsində doğma yurdlarına qayıdacaqlarına əmin olduqlarını bildirmişlər. Onlar eyni zamanda problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Daxili İşlər Nazirliyinin rəhbərliyinə, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlıqlarını bildirmişlər. Onlar yeni mənzillərə köçdüklərindən razı qaldıqlarını bildirmiş, qəsəbədə yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq etmişlər.
Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 40 min manat vəsait qaçqın və məcburi köçkün soydaşlarımıza verilmişdir.
Qaçqın və məcburi köçkünlər adından ölkə Prezidentinə təbrik ünvanlanmışdır.