Cəngan kəndində təbii qazın açılışı
Rayonumuzda qazlaşma işləri sürətlə gedir. Martın 11-də Cəngan kəndində də qaz çəkilişi başa çatmışdır. Təbii qazın verilişi sakinlərin qəlblərinə sevinclə bərabər hərarət də gətirdi. Cəngan kəndində təbii qazın verilməsi münasibəti ilə yığıncaq keçirilmişdir. Yığıncaqda kənd sakinləri,o cümlədən ağsaqqallar, ziyalılar iştirak etmişlər.
Mərasimi rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq kənd sakinlərini bu əlamətdar hadisə münasibəti ilə təbrik etmiş son illər ölkənin hər yerində qaz təhcizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Respublikanın qazlaşdırılması sahəsində həyata keçirilən işlər bundan sonra da davam etdiriləcəkdir.
Salyan rayon Regional Qaz İdarəsinin rəisi Kamil İsayev çıxış edərək qaz xəttinin çəklişi ilə əlaqədar görülmüş işlərdən danışmışdır. O qeyd etmişdir ki, kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, sayğaclar və fərdi tənzimləyici quraşdırılmışdır.
Cəngan kənd sakinləri Əsədağa Cəbrayılov, Sevinc Mirzəyeva çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə , rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova minnətdarlıq duyğularını ifadə etmişlər.