Şəhriyar kəndinə də təbii qaz verildi
Fevralın 27-də Şəhriyar kəndinə təbii qazın verilməsi münasibətilə tədbir keçirilmişdir. Kənd mədəniyyət evinin qarşısında keçirilən mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, xoş arzularını çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, rayonumuzun da təbii qazla təmin olunmasında bir sıra layihələr həyata keçirilir. Nazim İsmayılov kəndlərin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən, habelə digər quruculuq işlərindən də ətraflı danışmışdır.
Salyan Regional Qaz İstismarı İdarəsinin rəisi Kamil İsayev çıxış edərək vurğulamışdır ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətlə mavi yanacaqla təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Qazlaşma tədbirlərinin həyata keçirilməsi bundan sonra da davam edəcəkdir.
Kənd sakinlərindən Esmira Almazova və Mənsimxan İsayev çıxış edərək yaşayış məntəqəsinə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Mərasim iştirakçılarının alqış sədaları altında məşəl alovlandırılmışdır.
Sonra tədbir iştirakçıları kənd sakini Mahir Cavadovun evində olmuş, təbii qazın verilməsi ilə əlaqədar ailənin sevincinə şərik çıxmışlar.
Kənd sakinləri adından ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıq teleqramı ünvanlanmışdır.