Xocalı faciəsi qurbanlarının xatirəsi rayonumuzda böyük ehtiram, dərin kədər hissilə yad edilmişdir
Fevralın 25-də rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, «ASAN xidmət»in təşəbbüsü və təşkilatçılığı ilə Xocalı qətliamına həsr edilmiş anım mərasimi keçirilmişdir.
Tədbirdə rayonumuzda məskunlaşmış Xocalı sakinləri, idarə-müəssisə rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.Anım mərasimindən öncə rayon Mədəniyyət mərkəzinin foyesində Xocalı qətliamı ilə bağlı sərgi nümayiş etdirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon rəhbəri Xocalı soyqırımı barədə xronoloji ardıcıllıqla, tutarlı faktlarla ətraflı məlumat vermiş, erməni cəlladlarının törətdikləri vəhşilikləri pisləmişdir. Qeyd etmişdir ki, o dəhşətli gün erməni silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyəti və hərbi texnikasının köməyi ilə qədim Azərbaycan şəhəri Xocalını yandıraraq yer üzündən silmişlər. Bu soyqırım nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 487 nəfər şikəst olmuşdur. Onlardan 76-sı uşaqdır. Bundan əlavə 1275 nəfər əsir götürülmüşdür. 150 nəfər itkin düşmüşdür. İnsanlara misli görünməmiş əzab-əziyyətlər, işgəncələr verilmişdir.
Uzun müddət mühasirə şəraitində güclü düşmənlə üzbəüz mərdliklə vuruşan yerli əhalidən fərqli olaraq hər bir vətəndaşımızın müdafiəsini təmin etməyə borclu olan respublikamızın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik və xalqın taleyinə biganəlik göstərmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamış, eyni zamanda vəzifələrini itirəcəklərindən qorxaraq əsl həqiqəti xalqdan gizlətmişlər. Əsas diqqəti hakimiyyət uğrunda mübarizəyə yönəltmişlər. Müxalifətdə olanlar isə Xocalı faciəsindən, ümumxalq kədərindən hakimiyyətə gəlmək üçün istifadə etmişlər. Sonralar da Xocalı hadisələrindən erməni faşistlərinin vəhşiliklərini ifşa etmək istiqamətində deyil, siyasi çəkişmələrdə istifadə olunmuşdur. Yalnız ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə yenidən hakimiyyətə gələndən sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmişdir. Xocalı qətliamı bütövlükdə Azərbaycan xalqının faciəsidir. Xocalı faciəsi xalqın qan yaddaşıdır. Buna görə də bu gün biz Xocalı faciəsini unutmamalı, eyni zamanda bu faciəni türk millətinə qarşı yönəldilmiş erməni xəyanəti, erməni vəhşiliyi olması istiqamətində güclü təbliğat işi aparmalıyıq. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin, Azərbaycan dövlətinin bütün sülhsevər addımları, təşəbbüsləri, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı məqsədyönlü siyasət işğal edilmiş torpaqlarımızın azad olunmasına, dövlətimizin ərazi bütövlüyünün bərpa edilməsinə, soydaşlarımızın, o cümlədən xocalıların öz doğma yurdlarına qayıdacaqlarına böyük ümid verir. Artıq dünyanın aparıcı dövlətləri də Ermənistanın işğalçılıq siyasətini pisləyirlər.
Nazim İsmayılov çıxışında eyni zamanda bildirmişdir ki, Xocalı faciəsinin dünyada tanınması istiqamətində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva, fondun vitse-prezidenti Leyla xanım Əliyeva mühüm işlər görürlər. Bütün bunların sayəsində bir çox dövlətlər, habelə ABŞ-ın bir sıra ştatları Xocalı faciəsini soyqırım kimi tanımışlar. O şəhidlərə Allahdan rəhmət diləmişdir.
Tədbirin rəsmi hissəsindən sonra rayon Mədəniyyət və turizm şöbəsinin əlillərdən ibarət «Mübarizlər» qrupunun və «ASAN xidmət» könüllülərinin iştirakı ilə «Xocalı harayı» adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi «ASAN xidmət»inin şöbə müdiri Cahangir Hacıyev tədbirdə iştirak və çıxış etmişdir.