Şriftin ölçüsü :

Saytın rəngi :

“Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilmişdir

23 fevral 2016 | 16:00

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən bölgələrdə tədbirlər davam etdirilir. Fevralın 23-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabirabad rayonunun Bulaqlı kənd məscidi dini icmasında “Multikultural dəyərlərin təbliğində dindarların və dini icmaların rolu” mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Ələkbər Quliyev, Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini-dini qurumların təşkilatçısı Mirzağa Hümbətov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad rayonu İcra Hakimiyyəti başçısının Bulaqlı kəndi üzrə nümayəndəsinin müavini Yadulla Əliyev,  icma üzvləri, dindarlar,ziyalılar və gənclər iştirak etmişlər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsini icra edən Cavanşir Bəhrəmov çıxış edərək mədəniyyətlərin və dinlərin vəhdəti və ənənəvi siyasəti sayəsində Azərbaycan həmişə müxtəlif etnosların nümayəndələrinin mədəniyyətləri və dinlərinin inteqrasiya məkanına çevrildiyini qeyd etmişdir. C. Bəhrəmov müsəlman, xristian və yəhudi əhalisinin nümayəndələri arasındakı tolerantlıq və dostluq münasibətlərinin Azərbaycan xalqı üçün  hər zaman xarakterik olduğunu vurğulamışdır.  
Tədbirdə daha sonra çıxış edən Sabirabad rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin muavini Mirzağa Hümbətov dövlət başçısının Sərəncamı ilə ölkədə dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə ayrılmış maliyyə vəsaitinin əhəmiyyətindən danışmışdır.
Tədbirdə, həmçinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin məsləhətçisi Ələkbər Quliyev, Qafqaz Müsəlmanları İdarəsinin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov, Sabirabad şəhər mərkəzi “Heydər” məscidinin Axund müavini Yusif Bağırov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rüfət Utarov və başqaları çıxış edərək dini icmaların fəaliyyətinə göstərdiyi diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən nəşr olunmuş kitablar tədbir iştirakçılarına paylanmışdır.

Keçidlər