Şriftin ölçüsü :

Saytın rəngi :

Ötən ilin uğurları yeni ilin nailiyyətləri üçün etibarlı zəmindir

20 fevral 2016 | 16:00

      Fevralın 20-də rayon Mədəniyyət mərkəzində 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş  hesabat yığıncağı keçirilmişdir. Yığıncağa RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə qurumlarının sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, YAP rayon təşkilatının fəalları, ağsaqqalların, ziyalıların, gənclərin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri, sahibkarlar, fermerlər və iş adamları dəvət olunmuşdular.
      İşgüzar şəraitdə keçən yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul nümayəndəsi İbrahim Mustafayev, Milli Məclisin deputatları akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev iştirak etmişlər.
      Yığıncaqdan öncə rayon rəhbəri, qonaqlar və tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış möhtəşəm abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Yığıncaq iştirakçıları həmçinin foyedə rayonumuzda istehsal olunmuş sənaye və kənd təsərrüfatı məhsullarının nümayiş etdirildiyi sərgiyə tamaşa etmiş, fotostendlərə baxmışlar.
      Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov 2015-ci ilin yekunları və 2016-cı ildə qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir (hesabat məruzəsi «Suqovuşan» qəzetinin 16 fevral 2016-cı il tarixli xüsusi buraxılış sayında dərc olunduğu üçün məruzə ixtisarla verilir.)
        Məruzəçi qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə bu ilin yanvar ayının 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı bildirmişdir ki, 2015-ci ildə dünyada iqtisadi böhranın daha da dərinləşməsinə baxmayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ötən illərdə olduğu kimi, 2015-ci ildə də ümumi makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın tarazlı və dayanıqlı inkişafı təmin edilmiş, sahibkarlığın inkişafı geniş vüsət almış, xüsusilə regionlarda yeni müəssisələrin yaradılması və iş yerlərinin açılması istiqamətində xeyli işlər görülmüş, əhalinin sosial rifahı yüksəlmişdir.
       Respublikada olduğu kimi, Sabirabad rayonunda da iqtisadiyyatın bütün sahələrində nailiyyətlər əldə olunmuş, infrastruktur layihələr, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişaf etdirilməsi uğurla həyata keçirilmiş və bu işlər davam etdirilir.
        Dövlət münasibətlərində şəffaflığın təmin edilməsi məqsədilə rayon mərkəzində fəaliyyət göstərən «ASAN xidmət» Sabirabad sakinləri ilə yanaşı, ətraf rayonların da əhalisinə 33 növdə nümunəvi xidmət göstərmişdir.
         2014-cü illə müqayisədə 2015-ci ildə istehsal olunan məhsulun həcmi 106 milyon 272 min manat və ya 35,3 faiz, əsas kapitala yönəldilən investisiya 2,3  dəfə, tikinti-quraşdırma işləri 17,4 faiz, sənaye məhsulu 25,3 faiz, kənd təsərrüfatı məhsulu 9,9 faiz artmış, rabitə, pullu xidmətlər, pərakəndə əmtəə dövriyyəsi əvvəlki ildən çox olmuşdur. Adambaşına düşən pul gəlirləri, orta aylıq əmək haqqı ötən ilə nisbətən artmışdır.
        Rayonda aparılan abadlıq-quruculuq işləri davam etdirilməklə şəhərin İlham İsgəndərov küçəsində yerləşən 1, 1 «a», 2, 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad hissələri daşlarla üzlənmiş, həmçinin binaların pəncərələri yenisi ilə əvəz olunmuş, balkon hissələri müasir üslubda qurulmuşdur. Heydər Əliyev prospektində və 20 Yanvar küçəsində yerləşən 14 yaşayış binasının fasad hissələri suvanaraq rənglənmişdir.
        Əhalinin məşğulluğunu təmin etmək məqsədilə hesabat dövründə rayonda 66 yeni müəssisə yaradılmış, 1133 yeni iş yeri açılmışdır ki, bunun da 1021-i daimi iş yerləri olmuşdur.
        Rayonda kiçik və orta sahibkarlığın daha da inkişaf etdirilməsi məqsədilə 3 sentyabr 2015-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu iş adamları və sahibkarlarla görüş keçirmiş, müvəkkil banklar vasitəsilə ötən il 67 layihənin yerinə yetirilməsi üçün iş adamlarına 859 min 300 manat güzəştli kredit verilmişdir.
        Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2014-cü il tarixli 927 saylı Sərəncamı ilə iyirmi min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılmış, layihəyə uyğun olaraq uzunluğu 16,2 km olan kəndarası yollar əsaslı təmir edilmişdir.
         2015-ci ilin «Kənd təsərrüfatı ili» elan edildiyini bildirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev «Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda kənd təsərrüfatının inkişafında ən qabaqcıl təcrübənin tətbiq edilməsini, taxılçılıqda iri təsərrüfatların yaradılmasını, heyvandarlıqda yem təminatının yaxşılaşdırılmasını, toxum fondunun yaradılmasını, istifadəsiz qalan torpaqların istifadəsi üçün zəruri tədbirlərin görülməsini, torpaqların elektron uçot sisteminin qurulmasını, kənd təsərrüfatı məhsulları istehsalçılarına subsidiyaların verilməsində olan neqativ halların aradan qaldırılmasını və bu sahədə şəffaflığın təmin edilməsini, təşviq sisteminin yaradılmasını, rayonlar üzrə əkinçilikdə ixtisaslaşma aparılmasını, kənd təsərrüfatının intensiv metodlarla inkişafı və əhalinin ərzaq məhsulları ilə tam təmin edilməsini və ixrac yönümlü məhsulların həcminin artırılmasını bir vəzifə olaraq qarşıya qoymuşdur.
       Ölkədə əhalinin məşğulluğunun 40 faizdən çoxunu əhatə edən aqrar sektorun inkişafını təmin etmək məqsədilə dövlət tərəfindən kənd təsərrüfatı istehsalçılarına vergi güzəştlərinin artırılması, texnika və gübrələrin alınmasına əvvəlki illərlə müqayisədə daha çox vəsait ayrılması, kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımlar verilməsi bu sahənin inkişafına əsaslı təkan vermişdir.
        Bunun nəticəsidir ki, rayon üzrə 2015-ci ildə ümumi məhsul istehsalı əvvəlki illə müqayisədə 18,1 milyon manat və ya 9,9 faiz artaraq 201 milyon manata çatmışdır. Məhsulun 109,5 milyon manatı və ya 54,5 faizi heyvandarlıq, 91,5 milyon manatı və ya 45,5 faizi bitkiçilik sahəsində istehsal olunmuşdur.
        Keçən ilin məhsulu üçün 22964 hektar sahədə taxıl, o cümlədən 11907 ha buğda, 11057 ha arpa əkilmişdir. Ötən ildə 85316 ton taxıl istehsal edilmişdir ki, bunun da 47390 tonu buğda, 37926 tonu arpa olmuşdur. 2014-cü illə müqayisədə taxıl istehsalı 3083 ton artmış, hər hektardan məhsuldarlıq 37,2 sentner təşkil etmişdir ki, bu da əvvəlki ilə nisbətən 2,7 sentner çoxdur.
        Hesabat dövründə 3295 hektar tərəvəz, 4146 hektar bostan, 1327 hektar kartof, 1633 hektar pambıq, 23247 hektar sahədə yonca və digər əkinlər aparılmışdır. Həmin dövrdə 16414 ton kartof, 55044 ton tərəvəz, 85050 ton bostan, 17020 ton meyvə, 1310 ton üzüm, 1853 ton pambıq məhsulu istehsal edilmişdir. Nar istehsalı da xeyli artaraq 11008 tona çatmışdır.
     2013-cü ildən başlayaraq rayonun Bulaqlı kəndində 7 ha sahədə istixana kompleksi tikilib istifadəyə verilmişdir. Ötən il burada 1172 ton pomidor, 641 ton xiyar istehsal olunub. İstixanada 80-100 nəfər işləməklə onların orta aylıq əmək haqqı 250 manat təşkil edir.
      Təcrübə göstərir ki, bu sahə rayonumuz üçün çox gəlirli sahədir. Gələcəkdə digər kəndlərimizdə də belə istixana komplekslərinin yaradılmasına ciddi ehtiyac vardır.
       Rayonda heyvandarlığın inkişafı üçün geniş imkanlar yaradılmışdır. Bu sahədə əsas diqqət heyvanların cins tərkibinin yaxşılaşdırılmasına, xüsusilə süni mayalanma şəbəkəsinin genişləndirilməsinə, bu üsulla alınan balaların uçotunu aparmaqla damazlıq istiqamətində yetişdirilməsinə, mal-qaranın məhsuldarlığının artırılmasına, quşçuluğun inkişaf etdirilməsinə, baytarlıq xidmətinin yüksəldilməsinə, yem bazasının möhkəmləndirilməsinə yönəldilmişdir.
                  
      Moranlı, Sarxanbəyli, Əliləmbəyli, Azadkənd və digər kəndlərdə əhalinin başlıca problemi su təminatı olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonumuza 2014-cü ilin dekabr ayındakı səfəri zamanı verdiyi tapşırığa əsasən problemi həll etmək məqsədilə uzunluğu 30 km olan «H» kanalının çəkilməsinə başlanılıb. Bu da yuxarıda adları qeyd olunan kəndlərin su problemini həll edəcək və həmin ərazilərdə kənd təsərrüfatına yararlı 12 min ha torpaq sahəsi dövriyəyə cəlb olunacaqdır.
         2015-ci ildə Kür və Araz çaylarının sahilləri boyunca mühafizə bəndlərinin möhkəmləndirilməsi tstiqamətində işlər davam etdirilmişdir. Qaragüney, Ulacalı, Cavad, Balvar, Dadaşbəyli, Qasımbəyli, Kürkəndi, Həşimxanlı, Azadkənd, Qaralar və digər kəndlərdə ümumilikdə 1564 kubmetr həcmində betonla, 43,6 km məsafədə 975 min kubmetr bəndin təmiri və qayakəsmə işləri, 1413 kubmetr həcmində faşınla sahilbərkitmə işləri aparılmışdır. Kür çayı boyunca hidrotexniki qurğuların texniki parametrlərinə uyğun olaraq yeni layihə üzrə möhkəm dayanaqlı bəndlər tikilib istifadəyə verilmişdir.
       Əhalini dayanıqlı elektrik enerjisi ilə təmin etmək məqsədilə müəyyən tədbirlər həyata keçirilmişdir. Rayonun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli, Nizami və Qaratəpə kəndlərində yarımstansiyalar yenidən qurulmuş, istismara yararsız dayaqlar dəyişdirilməklə «SİP» kabel çəkilərək «Smart» kart tipli sayğaclar quraşdırılmışdır. Hazırda bu işlər Şəhriyar, Xəlfəli, Əhmədabad, Qaralar, Rüstəmli, Türkədi, Məmişlər və Bulduq kəndlərində də aparılır. «Azərişıq» ASC tərəfindən şəhərin Heydər Əliyev və «Muğan» prospektlərində, Kürkəndi, Qalaqayın, Məmişlər, Türkədi, Cavad kəndlərində 18 ədəd standartlara uyğun transformator yarımstansiyası qurulmuşdur.
      10/04 kv-luq elektrik enerjisinin dəqiq uçotunun aparılması və enerji verilişində fasilələr yaranmasının qarşısını almaq məqsədilə 35/10 kv-luq Muğan-2 yarımstansiyasında əsaslı təmir işləri aparılmışdır. 356 kv-luq Axtaçı və 35/10 kv-luq Nizami yarımstansiyaları tamamilə yenidən qurulur və yaxın vaxtlarda istismara veriləcəkdir. Minbaşı və Dadaşbəyli kəndləri ərazisində 757 və 758 saylı 35 kv-luq hava verilişi xətlərində anker dayaqları yenisi ilə əvəz edilir. Kəndlərdə 100,4 kv-luq hava verilişi xətlərində istismara yararsız dayaqlar dəyişdirilmişdir. Qəzli kəndi ərazisində yeni salınmış yaşayış massivində standartlara uyğun olmayan dayaq və naqillər təzələnmişdir. 2015-ci ildə 1942 ədəd quraşdırılmaqla «Smart» kart tipli sayğacdan istifadə edən abonentlərin sayı 16866-ya çatmışdır.
       Elektrik sahəsində çalışan işçilərin iş şəraitinin yaxşılaşdırılması üçün inzibati bina tikilib istifadəyə verilmişdir.
        Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə xeyli işlər görülmüşdür. Hazırda rayon mərkəzinə və 47 kəndə təbii qaz verilir. Xüsusi qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sabirabad rayonuna 29 avqust 2013-cü il tarixli səfərindən sonra rayonda qaz çəkilişi əsaslı dərəcədə sürətlənmişdir. Bunun nəticəsində ötən il 31 kəndə təbii qaz verilməklə hazırda 13 kənddə qazlaşdırma işləri aparılır. Həmin dövrdə 10351 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 23557-yə çatmışdır.
       Hesabat ilində təhsil və məktəbəqədər tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində xeyli işlər görülmüşdür. Həmin dövrdə 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbinin əsaslı təmiri başa çatdırılmış, 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəblərin tikintisinə başlanılmaqla 2016-cı ildə istifadəyə verilməsi nəzərdə tutulmuşdur. 2015-ci ildə 140 yerlik şəhər 1 saylı, hər biri 40 yerlik Axısxa və Çöl Beşdəli kənd uşaq bağçaları əsaslı təmir olunmuş, 40 yerlik Qarağac kənd uşaq bağçasının əsaslı təmiri davam etdirilir.
      Ötən il rayon üzrə XI sinfi bitirmiş 1765 məzundan 560-ı ali məktəblərə sənəd vermiş, onlardan 287 nəfəri müxtəlif ali məktəblərə qəbul olunmuşdur. Məzunların 7-si 600-dən, 34-ü 500-dən çox bal toplamışlar. Müsbət haldır ki, Nizami Gəncəvi adına şəhər 5 saylı tam orta məktəbi qızıl medalla bitirən Flora Əhmədzadə qəbul imtahanlarından 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, Poladtoğay kənd tam orta məktəbini bitirən Zərinə İsmayılzadə 690 balla Nəriman Nərimanov adına Dövlət Tibb Universitetinə qəbul olunmaqla hər ikisi Prezident təqaüdü alırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rayon üzrə ilk dəfə olaraq Nizami Gəncəvi adına şəhər 5 saylı tam orta məktəbin ingilis dili müəllimi Ellada Mirzəyeva «İlin ən yaxşı müəllimi» adına layiq görülərək 5 min manatla mükafatlandırılmışdır.
         2015-ci ildə müəllimlərin biliyinin «Diaqnostik qiymətləndirilməsi» aparılmış, həmin sınaqda iştirak edən 2318 nəfər müəllimdən 226 nəfəri  (9,8 faiz) 50 baldan çox, yerdə qalan 1003 nəfər 20 baldan az toplamışlar. «Diaqnostik qiymətləndirmə»dən müvəffəq bal toplayan müəllimlərin əmək haqları 1 yanvar 2016-cı il tarixdən artırılmışdır.
        Görülmüş işlərlə yanaşı, hesabat ilində təhsil sahəsindəki nəticələri qənaətbəxş hesab etmək olmaz. Keçən tədris ilinin yekunlarına görə istər IX, istərsə də XI siniflər üzrə buraxılış imtahanlarında çox aşağı nəticələr göstərilmişdir.
          Respublika Təhsil Nazirliyi tərəfindən keçən ilin noyabr ayında rayonda təhsilin vəziyyəti yoxlanılaraq ciddi nəqsanlar aşkar edilmiş, rayon Təhsil Şöbəsinin müdiri Elman Bunyadov tutduğu vəzifədər azad olunmuşdur.
           2015-ci ildə rayon Mərkəzi Xəstəxanasının kollektivi əhalinin sağlamlığının qorunması sahəsində mövcud imkanlardan səmərəli istifadə olunmasına səy göstərmişdir. Rayonun Məmişlər, Bulaqlı, Hacıbəbir, Qardaşkənd və Zalqarağac kəndlərində tibb və həkim məntəqələri tikilib istifadəyə verilmiş, Mərkəzi Xəstəxananın pediatriya şöbəsində əsaslı təmir işləri aparılmışdır.
       Rayonda fəaliyyət göstərən 8 xəstəxana, 30 həkim, 38 tibb məntəqəsində çalışan 120 həkim, 428 orta tibb işçiləri əhaliyə 15 ixtisasda ambulator-poliklinik və stasionar tibbi xidməti göstərmişlər. İl ərzində 2560 uşaq doğulmuş, ana ölümü olmamışdır.
        Poliklinikada qeydiyyatda olan imtiyazlı xəstələr dərmanla təmin edilmişlər. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2015-ci il fevral ayının 2-dən may ayının 1-dək nəzərdə tutulan 109224 nəfər tibbi müayinədən keçirilmiş, onlardan 3167 nəfəri ambulator müalicəyə, 821 nəfəri rayon Mərkəzi Xəstəxanasında stasionar müalicəyə cəlb olunmuş, ciddi xəstəliyi olan 218 nəfər Bakı şəhərinə müvafiq klinikalara göndərilmişdir.
          Milli Məclisin üzvü, akademik Əhliman Əmiraslanovun təşəbbüsü ilə Tibb Universitetinin 8 ixtisas üzrə həkim briqadası rayonun Qasımbəyli və Yolçubəyli  kənd həkim məntəqələrində 556 nəfəri müayinədən keçirmişdir.
          Rayonda qanvermə aksiyası mütəşəkkil qaydada aparılmışdır.
          Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq ötən il nikaha daxil olmaq istəyən 1160 nəfər rayon sakini tibbi müayinəyə cəlb olunmuşdur.
          Bütün bunlarla yanaşı, 2015-ci ildə əhaliyə tibbi xidmətin göstərilməsi sahəsində nöqsan və problemlər də olmuşdur. Həkim çatışmamazlığı, tibb müəssisələrinin bəzilərinin maddi-texniki bazasının  zəif olması bu sahədə çətinliklər yaradır. Tikintisinə 2012-ci ildə başlanılmış 205 çarpayılıq rayon xəstəxanasında işlərin dayanması narahatçılıq doğurur. Rayon Mərkəzi Xəstəxanasının maddi-texniki bazasının zəif olması səbəbindən rayon sakinləri müayinə və müalicə üçün çox vaxt Bakıya, qonşu şəhər və rayonların tibb ocaqlarına müraciət etməli olurlar.
        Hesabat dövrünjə rayon əhalisinə göstərilən mədəni xidmətin yaxşılaşdırılması, əhalinin asudə vaxtının səmərəli keçirilməsi, turizmin inkişafı üçün müəyyən işlər görülmüşdür.
          Ölkə Prezidentinin qayğısı nəticəsində 1976-cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə tikilib istifadəyə verilmiş mədəniyyət mərkəzinin müasir qaydada əsaslı təmir olunması bu sahədə əsaslı dönüşə səbəb olmuşdur. Şöbənin uyğunlaşdırılmış binada yerləşən mərkəzi kitabxanası mədəniyyət mərkəzinə  köçürülməklə onların normal fəaliyyət göstərməsinə şərait yaradılmışdır.
        Heydər Əliyev Mərkəzində 537 eksponat fondundan ekspozisiya zalında 388 eksponat nümayiş etdirilir. Mərkəzdə 5 dərnək fəaliyyət göstərir. Ötən il mərkəzdə Heydər Əliyevlə bağlı arxiv, dövri mətbuat materialları, video-foto sənədləri, müxtəlif mövzularda 96 tədbir təşkil olunmuş, yeni ailə quran 67 gəncin nikah mərasimləri keçirilmişdir.
         Mədəniyyət sahəsində gənc istedadların aşkar olunması, onların müxtəlif yarışlarda iştirakı təmin edilmişdir. Keçən il televiziya muğam və mahnı müsabiqəsində Yenikənd kənd sakini Səməd Səmədov və Kovlar kənd sakini Sarxan Baxşıyev yüksək nəticələr göstərmişlər.
             2015-ci ildə bütün dövlət və bayram tədbirləri yüksək səviyyədə keçirilmişdir. Turizmi inkişaf etdirmək məqsədilə ötən il Heydər Əliyev prospektində 40 yerlik üçulduz «Muğan Park» hoteli istifadəyə verilmişdir.
              Görülmüş işlərlə yanaşı, rayon Mədəniyyət Şöbəsinin fəaliyyətində nöqsanlar da vardır. Xüsusən kənd yerlərində mövcud mədəniyyət obyektlərinin maddi-texniki bazası zəifdir, kənd əhalisinə lazımi xidmət göstərilmir, özfəaliyyət kollektivlərinin yaradılmasına diqqət yetirilmir, mədəniyyət müəssisələrində əmək intizamı zəifdir.
         Rayon əhalisinə informasiya xidmətinin genişləndirilməsinə diqqət artırılmış, kütləvi informasiya vasitələrinin gücündən istifadə olunaraq rayonun həyatında baş verən yeniliklərin və hadisələrin əhaliyə vaxtında çatdırılması təmin edilmişdir. Ölkənin nüfuzlu 8 mətbu orqanının, 5 informasiya mərkəzinin, 5 televiziyanın nümayəndələri ilə işgüzar əlaqələr qurulmuş, rayonda aparılan sosial-iqtisadi inkişafın konkret nəticələri həm ölkənin rəsmi nəşrlərində, həm televiziyada, həm də yerli «Suqovuşan» qəzetində geniş işıqlandırılmışdır.
          İdmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, əhalinin bütün təbəqələri arasında sağlam həyat tərzinin formalaşdırılması, mövcud idman qurğularından səmərəli istifadə edilməsi mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Heydər Əliyev adına istirahət parkında, ulu öndərin adını daşıyan prospektdə yerləşən yaşayış binalarının qarşısında, Mirzə Ələkbər Sabir adına şəhər 1 saylı və Çöl Beşdəli kənd tam orta məktəblərində müasir tələblərə cavab verən idman-sağlamlıq obyektləri tikilmişdir.
          İdmançılarımız dünya və respublika yarışlarında rayonumuzu layiqincə təmsil etmişlər. İtaliyanın Triest şəhərində keçirilən VKC-karate idman növü üzrə dünya birinciliyində Məmmədov Ramiz Məmmədəli oğlu və Məlikov Nazim Bəylər oğlu I yerə, Gürcüstanın Tbilisi şəhərində keçirilən pankratyon idman növü üzrə Avropa birinciliyində Nuriyev Əlicabbar Mustafa oğlu III yerə, həmin idman növü üzrə keçirilən Azərbaycan birinciliyində Nuriyev Əlicabbar Mustafa oğlu I yerə layiq görülmüşlər.
         Məlum olduğu kimi, 2015-ci il respublikamızın tarixinə I Avropa Oyunlarına ev sahibliyi etməsi ilə düşmüşdür. Həmin tədbirin məşəli ötən il mayın 6-da rayona gətirilmiş, keçirilən «Alov»  festivalında 30 mindən çox rayon sakini iştirak etmişdir.
          İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə, prokurorluq və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülmüşdür. Narkotik vasitələrin satışı, onların saxlanılması və narkotik xassəli bitkilərin əkinlərinin qarşısının alınması istiqamətində aparılan işlər gücləndirilmişdir. Hesabat ilində rayon ərazisində 291 cinayət hadisəsi qeydə alınmışdır ki, bunlardan 232-si və ya 92,4 faizi açılmışdır.
         Rayon Telekommunikasiya Qovşağı tərəfindən əhaliyə göstərilən telefon və digər rabitə xidmətlərinin yaxşılaşdırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayonun Kürkəndi kəndində 650 metr məsafədə hava rabitə xətti yeraltı kabellə əvəz olunmuş, Qaragüney, Minbaşı, Şıx Salahlı, Surra, Cavad, Bulaqlı, Qalaqayın, Qaratəpə və Əhmədabad elektron ATS-lərində daxili xətt şəbəkəsində təmir işləri aparılmaqla dayaqlar dəyişdirilmişdir.
          Əhalinin geniş zolaqlı internet xidmətinə olan tələbatı  nəzərə alınaraq Mərkəzi elektron ATS-də əlavə olaraq 2 DSLAM tipli avadanlıq quraşdırılmış və nəticədə montaj tutumu 1224-ə çatdırılmışdır.
          2015-ci ildə dini durum da sabit olmuşdur. Hazırda rayonda 94 məscid, 6 ziyarətgah vardır. «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün əsaslı işlər görülmüşdür. Mövcud məscidlərin sayına uyğun dini qurumların təşkili üçün zəruri tədbirlər görülmüş, dini durumun daha da saflaşdırılması, dövlət-din münasibətlərinin tənzimlənməsi, radikal və zərərli dini qruplarla səmərəli mübarizə aparılması məqsədilə dini icmaların təşkili işinə daha məsuliyyətlə yanaşılmışdır.
            Rayonda məskunlaşan qaçqın və məcburi köçkünlərin qayğı və sosial problemləri daim diqqət mərkəzində olmuşdur. Sabirabad rayonu ərazisində Şəhriyar və Güdəcühür fin tipli qəsəbələrdə müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri üçün bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 440 evdən ibarət qəsəbə salınmışdır. Qəsəbədə 240 və 150 şagird yerlik 2 məktəb binası, tibb məntəqəsi, klub, poçt mərkəzi və digər inzibati binalar inşa olunmuş, qəsəbə daimi su, elektrik enerjisi və təbii qazla təchiz edilmişdir.
        2015-ci ilin noyabrın 1-də keçirilən Milli Məclisə seçkilər ötən ilin əlamətdar hadisələrindən olmuşdur. Sabirabad rayonunda da bu seçkilər «Azərbaycan Respublikasının Seçki Məcəlləsi»nin tələblərinə tam uyğun təşkil edilmişdir.
       Milli Məclisə seçkilər mövcud üç dairə üzrə aktiv seçki hüququ olan vətəndaşların fəallığı şəraitində keçməklə böyük səs üstünlüyü ilə  müvafiq dairələr üzrə Elçin Bəybala oğlu Quliyev, Rüstəm Gülabba oğlu Xəlilov, Əhliman Tapdıq oğlu Əmiraslanov ölkə parlamentinə deputat seçilmişlər.
        2015-ci ildə rayon İcra Hakimiyyəti başçısı aparatına vətəndaşlardan 1826 ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən illə müqayisədə 213 ədəd azdır.
        2015-ci ildə rayon İcra Hakimiyyətində RİH başçısı tərəfindən 1385 nəfər vətəndaş qəbul edilmiş və qaldırılan məsələlərə qanunamüvafiq qaydada baxılmışdır.
          Məruzə ətrafında rayon prokuroru vəzifəsini icra edən Ramil Ədilov, Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov, Qaratəpə bələdiyyəsinin sədri, Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Fatma Hüseynova, Sabirabad «ASAN xidmət» mərkəzinin direktoru Elvin Cəfərov, Salmanlı kəndindən sahibkar Nəcəf Hüseynov, Suvarma Sistemləri İdarəsinin rəisi Əflan Aslanov, rayon ziyalılar cəmiyyətinin sədri Böyükağa Həmidov və Nizami kənd sakini Əliqismət Nağıyev çıxış etmişlər.
          Yığıncaqda Prezident Administrasiyasının məsul  nümayəndəsi İbrahim Mustafayev çıxış edərək qarşıda duran vəzifələrlə bağlı ölkə başçısının mövqeyini şərh etmiş, sabirabadlılara cari ildə daha böyük nailiyyətlər arzulamışdır.
          Milli Məclisin deputatları akademik Əhliman Əmiraslanov, Rüstəm Xəlilov, Elçin Quliyev çıxış edərək ötən il rayonda görülmüş işləri yüksək qiymətləndirmiş, qarşıda duran vəzifələrin həlli istiqamətində tövsiyələrini bildirmişlər.
          Yığıncaq müvafiq qərar qəbul etmişdir.
           Rayonumuzun ictimai-siyasi, mədəni həyatında fəal iştirakına görə bir qrup şəxsə rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olunmuşdur.
           Yığıncaq iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur.

Keçidlər