Maliyyə naziri Samir Şərifov rayonumuzda ictimaiyyətin nümayəndələri və sahibkarlarla görüşmüşdür
Fevralın 6-da maliyyə naziri cənab Samir Şərifov rayonumuzda ictimaiyyətin nümayəndələri və sahibkarlarla görüşmüşdür.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilmişdir.
Rayon Mədəniyyət evində keçirilən görüşdə yerli icra strukturlarının, bələdiyyələrin və hüquq-mühafizə orqanlarının rəhbərləri, ziyalılar, iş adamları, sahibkarlar iştirak etmişlər.
Tədbiri rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq bildirmişdir ki, Dövlət Proqramı çərçivəsində 2015-ci ildə rayonda tikinti-quruculuq işləri davam etdirilmiş, yaşayış məntəqələrinin qazlaşdırılması, infrastruktur layihələrin icrası, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluğunun təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Rayon rəhbəri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığı ilə bölgələrdə ictimaiyyət nümayəndələri ilə keçirilən görüşlərin əhəmiyyətini diqqətə çatdırmışdır.
Görüşdə çıxış edən maliyyə naziri Samir Şərifov 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda Prezident İlham Əliyevin verdiyi tapşırıqlar barədə geniş danışmışdır. Qeyd etmişdir ki, dövlətimizin başçısı konfransdakı nitqində regionların inkişafı ilə bağlı məsələlər nəzərə alınmaqla mövcud vəziyyəti dərindən təhlil edərək bu istiqamətdə konkret vəzifələri qarşıya qoymuşdur. Bu vəzifələrə əsasən qeyri-neft sektorunun inkişafı üçün əlverişli mühit yaradılması, bank-maliyyə sektorunun sağlamlaşdırılması, maliyyə bazarında tarazlığın yaranması və əhalinin milli valyutaya etimadının bərpa edilməsi, dövlət orqanlarında struktur islahatlarının aparılması, süni qiymət artımının qarşısının alınması, sosial təminat sahəsində məqsədyönlü işlərin görülməsi daxildir. Möhtərəm Prezidentimizin tapşırıqları, qəbul etdiyi qərarlar hər bir vəzifəli şəxsdən çevik tədbirlər görməyi tələb edir.
Maliyyə naziri bildirmişdir ki, qlobal iqtisadi böhran, dünya bazarında neftin qiymətinin dörd dəfə aşağı düşməsi, neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması Azərbaycandan da təsirsiz ötüşməyib. Buna baxmayaraq, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi düşünülmüş sosial-iqtisadi siyasət sayəsində bu gün ölkəmizdə ictimai-siyasi, eləcə də makroiqtisadi sabitlik qorunub saxlanılır. Maliyyə naziri vurğulamışdır ki, Azərbaycan 2015-ci ildə bütün istiqamətlər üzrə uğurlu inkişaf dinamikasını təmin etmişdir. Qarşıya qoyulan bütün vəzifələr yerinə yetirilmişdir. Dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq, ötən il Azərbaycanda ümumdaxili məhsul istehsalı 1,1 faiz, o cümlədən qeyri-neft sektoru üzrə gəlirlər 8,4 faiz artmışdır. «Kənd təsərrüfatı ili»ndə aqrar sahədə 6,6 faiz artıma nail olunmuşdur.
Maliyyə naziri qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin liderliyi, yüksək siyasi idarəçilik qabiliyyəti, tükənməz enerjisi ilə Azərbaycan yüksək beynəlxalq nüfuza, dayanıqlı iqtisadiyyata malik güclü və modern bir dövlət kimi aparıcı ölkələr sırasında yer tutmuşdur. Azərbaycanın davamlı inkişafının və iqtisadiyyatının dayanıqlığının təmin olunmasında regionların sosial-iqtisadi inkişafının mühüm əhəmiyyəti vardır. Uğurla icra olunan regional inkişaf proqramları bölgələrdə iqtisadi potensialın artırılmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə şərait yaratmışdır. Regionlarda infrastruktur layihələrinin icrası, o cümlədən yol, qaz, su təchizatı infrastrukturunda yeniləşmə işləri davam etdirilmişdir. Ayrı-ayrı şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı dövlət başçısı silsilə sərəncamlar vermişdir. Bu sənədlərə uyğun olaraq böyük həcmdə vəsaitlər ayrılmışdır. Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilən antiböhran tədbirləri, qeyri-neft sektorunun, sənaye və sahibkarlığın inkişafı, o cümlədən Sabirabadın potensial imkanlarından səmərəli istifadə olunması kimi məsələlərdən bəhs edən nazir bunun üçün böyük imkanlar yarandığını diqqətə çatdırmışdır.
Görüşdə rayonumuzun iqtisadiyyatının inkişafında prioritet istiqamətlər barədə geniş fikir mübadiləsi aparılmışdır. Qeyd edilmişdir ki, rayonda ənənəvi sahələrin, o cümlədən pambıqçılığın, heyvandarlığın, bağçılığın, tərəvəzçiliyin və s. inkişafı üçün geniş potensial vardır. Özəl sektor üçün yeni imkanların yaradılması, iqtisadiyyatın liberallaşdırılması tədbirləri islahatların başlıca istiqamətini təşkil edir. Yerli istehsalın artırılması gələcəkdə yerli gəlirlərin daha çox yüksəlməsini təmin edəcəkdir.
Görüşdə çıxış edən ziyalılar və sahibkarlar regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildirmişlər. Görüş iştirakçılarından Ramin Bağırov, Dilavər Babaşov, Xanməmməd Xanməmmədov, Əfras Əsgərov, Səlamət Məmmədov, Akif Saqiyev, Əziz Muradov, Yaqub Yaqubov, Dilavər Əsədov, Böyükağa Həmidov, Salamulla Abdullayev, Yaqub Tağıyev, Nazim Fərzəliyev, Əlabbas Şıxəliyev, Fatma Hüseynova, Bəydabə Vəliyev, Taleh Məstəliyev və başqaları çıxış edərək dövlətimizin başçısının imzaladığı son sərəncam və fərmanların dinamik inkişafa səbəb olacağına əminliklərini ifadə etmiş, eyni zamanda yeni istehsal və emal müəssisələri, iş yerlərinin yaradılması ilə bağlı bir sıra təkliflər irəli sürmüşlər.
Milli Məclisin deputatları Əhliman Əmiraslanov, Rüstəm Xəlilov və Elçin Quliyev 2014-2018-ci illərdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qarşıya qoyulan vəzifələrin icrasının bütün ölkənin, eləcə də Sabirabadın inkişafına böyük təkan verəcəyini bildirmişlər.
Görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Görüş başa çatdıqdan sonra maliyyə naziri cənab Samir Şərifov jurnalistləri maraqlandıran suallara cavab vermişdir.