Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət siyasətində gənclərə qayğı əsas yer tutur

02 fevral 2016 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, 2 fevral- Azərbaycan Gəncləri Günü rayonumuzda da təntənə ilə qeyd edilmişdir. Tədbirdən öncə gənclər ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər.
Heydər Əliyev Mərkəzində davam etdirilən tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açdıqdan sonra tədbirdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Nadir Quliyev ötən il idarənin gördüyü işlərdən, ölkədə həyata keçirilən  gənclər və idman siyasətinin mahiyyətindən ətraflı danışmışdır. Qeyd etmişdir ki, bu gün hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin qloballaşan dünyadakı mövqeyinin möhkəmləndirilməsi naminə yeritdiyi siyasətdə fəal iştirak edir. Rayon Gənclər və İdman İdarəsi ötən dövr ərzində müxtəlif tədbirlər həyata keçirmişdir. Keçirilən  gənclər siyasəti üzrə 20 tədbirdə  1720 nəfər, idman siyasəti üzrə 23 tədbirdə 7715 nəfər gənc iştirak etmişdir. Ümumilikdə 43 tədbir keçirilmişdir ki, həmin tədbirlərdə 9435 gənc iştirak etmişdir.
Ötən ilin ən yaddaqalan tədbiri isə Bakı I Avropa oynlarının məşəlinin rayonumuzda qarşılanma mərasimi olmuşdur. Rayonumuzdan 30 mindən çox insan küçələrə çıxıb məşəli böyük hərarətlə qarşılamışdır. 100 nəfər gəncimiz könüllü olaraq bizə qoşulmuş və bu möhtəşəm tədbirin   uğurla həyata keçirilməsində bütün bacarıqlarını göstərmişdir.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində bir neçə layihə həyata keçirilmişdir. Gənclərimizin asudə vaxtlarının daha səmərəli keçirilməsi üçün rayon «Gənclər Mərkəzi» yenidən qurulmuşdur. Obyekt təmir olunaraq istifadəyə veriləcəkdir.
Rayonumuz idmanın müxtəlif sahələri üzrə bir çox respublika yarışlarına ev sahibliyi etmişdir. Bunlardan yunan- Roma güləşi üzrə açıq rayon birinciliyini, karate üzrə respublika çempionatını, voleybol üzrə məktəblilərin zona turunu qeyd etmək olar. Avropa oyunlarına dəstək məqsədilə rayonumuzda 60 nəfər velosipedçinin iştirakı ilə rayon mərkəzinin 2,5 km ərazisində yürüş təşkil olunmuşdur.     
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə «İlin müəllimi» adına layiq görülmüş Ellada Mirzəyeva, «ASAN» Könüllüləri Respublika Təşkilatının departament rəhbəri İbrahim İbrahimov, E. Nadirov adına  8 saylı şəhər tam orta məktəbinin XI sinif şagirdi Aysel Mehdiyeva, Sabirabad «ASAN xidmət» regional mərkəzinin əməkdaşı Elnur Atayev tədbirdə çıxış etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov gəncləri bayram münasibətilə təbrik etmiş, onlara arzu və istəklərini çatdırmışdır. Qeyd etmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında hazırda ölkəmizdə düşünülmüş və məqsədyönlü dövlət siyasəti aparılır. Bu siyasətin təməlində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyələri dayanır. Rayonun gəncləri bütün işlərdə fəallıq göstərirlər. Onlara gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayırıq.
Tədbirin sonunda ötən il ərzində fərqlənən bir qrup gənc rayon Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunmuşdur.

Keçidlər