III Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransla bağlı müşavirə
Yanvarın 28-də Heydər Əliyev Mərkəzində yanvarın 26-da «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda qaldırılan məsələlərlə bağlı müşavirə keçirilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov müşavirədə giriş nitqi söyləmişdir. Bildirmişdir ki, dünyanı bürüyən qlobal maliyyə böhranının yaratdığı çətinliklərə baxmayaraq, yola saldığımız 2015-ci ildə Azərbaycanın sosial-iqtisadi inkişafı davam etmiş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən bitkin, düşünülmüş iqtisadi strategiyanın uğurları bir qədər də artmışdır. Dünya bazarında neftin sürətlə ucuzlaşması ilə əlaqədar ölkəmizin gəlirlərinin kəskin şəkildə azaldığı bir şəraitdə belə bütün sosial proqramlar uğurla icra olunmuşdur. Bir sözlə, hazırda Azərbaycan qlobal maliyyə böhranının bütün çətinliklərini dəf etməklə yanaşı, əvvəlki illərdə həyata keçirdiyi uğurlu sosial siyasəti yenə də davam etdirir.
Yanvarın 26-da ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə «Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda möhtərəm Prezidentimizin qarşıya qoyduğu tapşırıqlar hər kəs üçün proqram sənədidir. Orada hamının hüquq və vəzifələri müəyyənləşdirilmişdir. Hər kəs öz işi ilə konfransda qarşıya qoyulan vəzifələrə töhfəsini verməlidir.
Son illər ölkəmizdə sahibkarlığın inkişafına dövlət dəstəyi getdikcə artırılır. Azərbaycanın gələcək inkişafının sahibkarlığın inkişafından asılı olduğunu dəfələrlə bəyan edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə biznes və investisiya mühitinin yaxşılaşdırılması ilə bağlı sistemli tədbirlər həyata keçirilir. Regionlara göstərilən qayğı və diqqət Azərbaycanın davamlı inkişafını təmin edir, ölkəmizi daha da gücləndirir, onun beynəlxalq nüfuzunu getdikcə artırır.
Rayonumuzda aqrar sahənin inkişaf etdirilməsi üçün hər cür imkanlar vardır. Bunun üçün torpağa sahiblik hissi güclənməlidir. Vaxtilə Sabirabad respublikanın ən çox pambıq istehsal edən rayonlarından olmuşdur. İl ərzində 112 min ton pambıq istehsal edilmişdir. «Ağ qızıl»ın əvvəlki şöhrətini qaytarmaq üçün mühüm tədbirlər görülməlidir.
Cənab Nazim İsmayılov pambıqçılığın inkişaf etdirilməsi məsələlərindən danışarkən bildirmişdir ki, bu günlərdə Çin Xalq Respublikasından pambıqçılıqla məşğul olan 7 nəfər şirkət əməkdaşı RİH-də qəbul etmişdir. Onlar rayonumuzda pambıq istehsalı, emalı və toxuculuqla məşğul olan digər sahələri inkişaf etdirmək niyyətindədirlər.
Rayon rəhbəri həmçinin heyvandarlıq kompleksləri, bağçılıq təsərrüfatları, istixanalar və s. yaradılması ilə əlaqədar tapşırıq və tövsiyələrini vermişdir.
Yığıncaqda ərazi icra nümayəndələrinin, bələdiyyə sədrlərinin pambıqçılığı, kənd təsərrüfatının digər sahələrini inkişaf etdirmək istiqamətində məlumatları dinlənilmişdir. Şirkət, aqrolizinq təmsilçiləri, sahibkarlar yığıncaqda çıxış edərək fikir və mülahizələrini bildirmişlər.