Qanlı Yanvar faciəsinin qurbanları rayonumuzda da anılmışdır
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 26 il ötür. 20 Yanvar Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq rəmzi kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycana yeridilən sovet qoşunları (onların arasında silahlandırılmış xeyli sayda erməni zabiti də var idi) Bakıda və respublikamızın müxtəlif rayonlarında 131 nəfər mülki şəxsi küçələrdə, evlərində, avtomobillərində, iş yerlərində qətlə yetirdi. Cəza əməliyyatları zamanı 744 insan yaralandı, 841 nəfər qanunsuz olaraq həbs olundu.
Xalqımız 20 Yanvar faciəsi zamanı öz canlarını qurban vermiş Vətən övladlarının xatirəsini daim əziz tutur. Qanlı Yanvar hadisələri zamanı yüksək vətənpərvərlik və qəhrəmanlıq nümunəsi göstərərək şəhid olmuş vətəndaşlarımızın adları əbədiləşdirilmişdir. Onların arasında rayonumuzdan Zəbulla Xeyrulla oğlu Əliyev və Mehman Sahibəli oğlu Məmmədov da vardır.
Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Ümumxalq Hüzn Günü dərin ehtiramla qeyd edilmişdir.
Yanvarın 20-də ümumrayon anım mərasimi Kürkəndi kənd qəbiristanlığından başlanmışdır. Yanvarın 19-da gecə qəfil gülləyə tuş gəlmiş Kürkəndi kəndindən olan Zəbulla Əliyevin məzarı buradadır. Şəhidin ailə üzvləri, kənd camaatı da buraya gəlmişdilər.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyətin nümayəndələri şəhidin məzarını ziyarət etmişlər. Qalaqayın kənd qəbiristanlığında uyuyan 20 Yanvar şəhidi Mehman Məmmədovun da qəbri ziyarət olunmuşdur.
Mərasim iştirakçıları eyni zamanda Qarabağ müharibəsi zamanı şəhid olmuş Vətən oğullarının xatirəsini də yad etmişlər. Şəhərimizin mərkəzində Zakir və Vaqif Fərzullayev qardaşlarının xatirələrinə ucaldılmış abidənin önünə gələrək dərin ehtiramlarını bildirmişlər.
Həmin gün mərasim iştirakçıları Şəhidlər xiyabanına gələrək orada sıralanmış məzarları da ziyarət etmişlər. Mərasim iştirakçıları Vətən uğrunda canlarından keçmiş qəhrəman oğulların abidələri, məzarları önünə gül dəstələri düzmüşlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov anım mərasimində çıxış etmişdir. Rayon rəhbəri xronoloji ardıcıllıqla, tutarlı faktlarla o dövrün hadisələrinə münasibət bildirmişdir. Qeyd etmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə heç bir xəbərdarlıq edilmədən Bakı şəhərinə daxil olan sovet qoşun hissələri küçələrə çıxıb etirazlarını bildirən dinc əhalini pulemyotlardan, avtomatlardan atəşə tutaraq qətlə yetirmişlər.
Yanvarın 21-də isə o zaman Moskvada yaşayan ulu öndər Heydər Əliyev heç nədən çəkinmədən, həyatını təhlükə altına qoyaraq ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək baş vermiş faciə ilə əlaqədar xalqımıza başsağlığı vermiş və mətbuat konfransı keçirmişdir. Başda Qorbaçov olmaqla Bakıda törədilmiş terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırmışdır.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar faciəsi əsl siyasi-hüquqi qiymətini almışdır. Ulu öndər Heydər Əliyein rəhbərliyi dövründə olduğu kimi, bu gün də 20 Yanvar əlilləri və şəhid ailələri bütün sahələrdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yüksək diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Mərasim iştirakçıları Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da saat 12-də şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Allah şəhidlərimizə qəni-qəni rəhmət eləsin, qəbirləri nurla dolsun.