Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il rayonumuzda təntənəli şəkildə qeyd edilmişdir.

30 dekabr 2015 | 16:00

Dekabrın 30-da rayon Mədəniyyət Mərkəzində Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilmişdir. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar. Bayram tədbirində rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov geniş nitq söyləmişdir.  Qeyd etmişdir ki, daha bir təqvim ili tarixin əlamətdar səhifələrindən birinə çevrilməkdədir. Sevindirici haldır ki, yola saldığımız 2015-ci il də Azərbaycan üçün çox uğurlu olmuşdur. Məhz bu ildə ölkəmiz həm  ictimai-siyasi, həm də sosial-iqtisadi sahələrdə əldə etdiyi nailiyyətlərlə dünya ölkələri sırasında mövqeyini bir qədər də möhkəmləndirmişdir.
Dekabrın 31-ni dünya azərbaycanlıları milli birlik rəmzinə çevrilmiş Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edirlər. Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə keçirilən bu əlamətdar tarix həmrəylik və birlik naminə rəsmiləşdirilən bu bayram dünyada yaşayan milyonlarla azərbaycanlının ümummilli məqsədlər uğrunda birləşməsinə şərait yaratmışdır. Soydaşlarımızın qarşısında duran vəzifələri dəqiq və aydın müəyyənləşdirən ulu öndərimiz demişdir: “Dünya azərbaycanlılarının ancaq bir müstəqil dövləti var. Bu, Azərbaycan Respublikasıdır və biz hamımız onun ətrafında sıx birləşməliyik”. 
Bu gün ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diaspor quruculuğu işinə böyük əhəmiyyət verməsi, bu prosesə hərtərəfli yardım göstərməsi sayəsində xaricdəki həmvətənlərimizin birlik, həmrəylik telləri daha da güclənmiş, onlar müstəqil dövlətimizin təbliği işinə öz layiqli töhfələrini verməkdədirlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, “Vətənimizin hüdudlarından kənarda yaşayan soydaşlarımız arasında azərbaycançılıq ideyalarının və milli təəssübkeşlik duyğularının gündən-günə güclənməsi olduqca fərəhləndirici haldır.   İndi xaricdəki həmvətənlərimiz məskunlaşdıqları ölkələrin ictimai-siyasi və mədəni işgüzar həyatında getdikcə öz mövqelərini genişləndirir, Azərbaycanın dünyada tanıdılmasına, mədəniyyətimizin təbliğinə sanballı töhvələr verirlər”.
31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bütün xalqımızı, dünya azərbaycanlılarını möhtərəm Prezidentimiz cənab İlham Əliyevi, onun ailəsini ürəkdən təbrik edir, cansağlığı və səadət arzulayıram. Bütün azərbaycanlılara növbəti illərdə də dövlətimizin və onun prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birliyə və həmrəyliyə nail olmağı, müstəqil dövlətimizin mənafelərinin qorunması və beynəlxalq nüfuzunun artırılması işində yorulmaz fəaliyyət göstərməyi arzu edirəm.
Bayram tədbirində ulu öndər Heydər Əliyevin söylədiyi “Azərbaycan” şeirinin lent yazısı səsləndirilmişdir.
Bayram tədbirində rayonumuzun ictimai-siyasi həyatında və idman sahəsində qazandıqları uğurlara görə fərqlənənlərə rayon Gənclər və İdman idarəsinin diplomları təqdim edilmişdir.
Bayram şənliyində rayonumuzun incəsənət ustaları konsert proqramı ilə çıxış etmişlər.

Keçidlər