Rayonumuzda ulu öndər Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilmişdir
Dekabrın 12-də rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla sabirabadlılar xalqımızın ümummilli lideri Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını nümayiş etdirmişlər.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov mərasimdə geniş nitq söyləmişdir. Rayon rəhbəri ümummilli liderin həyat və fəaliyyəti haqqında xronoloji ardıcıllıqla və tutarlı faktlarla çıxışında bildirmişdir ki, ulu öndər Heydər Əliyev bütün həyatını, enerjisini Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə sərf etmişdir. O, müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. Ulu öndər siyasət nəhəngi, Azərbaycanı dünyaya tanıdan, torpağı sahibinə verən, sahibkarlığa meydan açan, tariximizi, dinimizi bizə qaytaran rəhbər olmuşdur. Ulu öndər respublikaya rəhbərlik etdiyi ildən, yəni 1969-cu ildən başlayaraq Azərbaycanda, o cümlədən Sabirabadda quruculuq işləri geniş vüsət almışdır. Onun ən böyük xarakterik cəhəti qurucu və yenilikçi olması idi. Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndərin izi olmasın.
Ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdriklik və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxarmışdır.
1988-1993-cü illərdə Azərbaycan çox ağır, fəlakətli dövr yaşayırdı. Bir-birini əvəz edən səriştəsiz hakimiyyət ölkəni məhvə, xalqı faciəyə sürükləyirdi. Azərbaycan 1993-cü ildə olduqca çətin dövrünü yaşayırdı. Ölkə dağılırdı. Tam hakimiyyətsizlik hökm sürürdü. Anarxiya və özbaşınalıqlardan istifadə edən erməni silahlı qüvvələri təcavüzkar planlarını gündən-günə genişləndirir, torpaqlarımız işğal olunurdu. Bir milyondan artıq soydaşımız qaçqın və köçkün düşmüşdü. Respublikamız parçalanmaq və məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Ölkədə vəziyyətin həddən artıq ağır olduğunu nəzərə alan ulu öndər Heydər Əliyev xalqın istəyi ilə Naxçıvandan Bakıya döndü. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan tarixində yeni səhifə açdı. Ölkəmiz çox ağır fəlakətdən xilas edildi. Vətəndaş qarşıdurmasına son qoyuldu. Cəbhədə atəşkəsə nail olundu. Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsi yolunda qətiyyətli addımlar atıldı. Baş verə biləcək dövlət çevrilişlərinin qarşısı alındı. İslahatlar özünə geniş yol açdı. Ulu öndər Heydər Əliyev Azərbaycanı bütün dünyaya tanıtdı. Hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu yolunda yeridilən siyasət uğurlu nəticələr verdi. Ulu öndər ölkəmizi ən çətin sınaqlardan məharətlə çıxardı və inkişaf etdirdi.
Rayon rəhbəri Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlardan, respublikamızın beynəlxalq aləmdə yüksək nüfuz qazanmasından danışaraq qeyd etmişdir ki, Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin arzuları və ideyaları artıq reallaşmışdır. Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu böyük uğurla davam etdirir.
Nə qədər ki, Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev həmişə yaşayacaqdır. İllər ötüb keçəcək, əsrlər adlayacaq, xalqımızın yaddaşından ulu öndər heç vaxt çıxmayacaqdır. Hələ sağlığında ikən canlı əfsanəyə çevrilmiş ulu öndər Heydər Əliyevin ömrü yaddaşlara hopmuşdur. Ulu öndər Heydər Əliyevə Allahdan qəni-qəni rəhmət diləyir, qəbri nurla dolsun,-deyirik.
Sonra rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoymuşdur. Meydana toplaşanlar da ardıcıl olaraq abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşlər.
Anım mərasimindən sonra şəhərimizdəki Xeyir-şər evində ehsan verilmiş, Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.