«Yaşıl dağ» sosial aksiyası
Noyabrın 6-da İDEA İctimai Birliyi, «ASAN xidmət» və «Azərsun Holdinq» MMC-nin birgə təşkilatçılığı ilə Sabirabad «ASAN xidmət» regional mərkəzinin qarşısında kağız tullantılarının toplanmasına həsr olunmuş «Hər kağızı bir yarpağa dəyişək» layihəsi çərçivəsində «Yaşıl dağ» sosial aksiyası keçirilmişdir.
Aksiyada Sabirabad, Saatlı, İmişli, Kürdəmir, Hacıqabul, Salyan, Beyləqan, Ağcabədi rayonlarının, Şirvan şəhərinin icra hakimiyyətlərinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin təmsilçiləri iştirak etmişlər.
Layihə çərçivəsində 70 tondan çox kağız tullantısı toplanması nəzərdə tutulmuşdu. Layihənin keçirilməsinin əsas məqsədi kağız israfını azaltmaq və təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanmasına nail olmaqdır.
Sabirabad «ASAN xidmət» regional mərkəzinin direktoru Elvin Cəfərovun və «Yaşıl asan» təşəbbüsünün rəhbəri Cahangir Hacıyevin tədbirdə çıxışlarından məlum olmuşdur ki, layihə başlanıldığı gündən dövlət qurumları, özəl sektor və vətəndaşlar tərəfindən böyük marağa səbəb olmuşdur. Cari ilin may ayından etibarən ümumilikdə 150 tondan çox kağız tullantısı təhvil alınıb təkrar emala verilmişdir.
Tədbirdə könüllülər çıxış edərək aksiyanın əhəmiyyətindən danışmışlar.
Fərqlənənlərə fəxri diplom və tərifnamələr verilmişdir. Ən çox kağız tullantısı Sabirabad rayonunun hesabında olmuşdur-20 ton.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov tədbirdə iştirak və çıxış etmişdir.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdirmişlər.