Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və Konstitusiya Günü təntənəli şəkildə qeyd edilmişdir

06 noyabr 2015 | 16:00

Noyabrın 6-da Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Dövlət Bayrağı və Konstitusiya günlərinə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd ərazi nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, ağsaqqallar, ziyalılar, mətbuat nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə şəhərimizin mərkəzində ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoymuşlar.
Rəsmi hissənin əvvəlində Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq Azərbaycan Respublikasının  Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə təbriklərini çatdırmış, xoş arzularını bildirmişdir. Rayon rəhbəri çıxışında qeyd etmişdir ki, Azərbaycan Respublikasının  Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilmiş və 1920-ci il aprel ayının 28-dək dövlət statusuna malik olmuşdur. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilməsi barədə tarixi qərar qəbul olunmuşdur. Muxtar Respublikanın ali orqanı üçrəngli bayrağımızın bütövlükdə Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında Azərbaycan Respublikası Ali Soveti qarşısında vəsatət qaldırmışdır. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatət əsasında «Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında» qanun qəbul edərək onu Dövlət Bayrağı elan etmişdir.
Azərbaycan Respublikasının Dövlət Bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsi nəzərə alınaraq Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009-cu il noyabrın 17-də «Azərbaycan Respublikasında Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında» sərəncam imzalamışdır. O vaxtdan hər il noyabrın 9-da Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü kimi qeyd edilir. Bu bayram ölkəmizdə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
2010-cu il sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin iştirakı ilə Bakı şəhərinin Bayıl  sahəsində yerləşən Dövlət Bayrağı Meydanının  təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı  dünyanın ən yüksək bayrağıdır. «Ginnes»in Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Respublikasının Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır. Meydanda Dövlət Bayrağı Muzeyi yaradılmışdır.
Şəhərimizdə də Dövlət Bayrağı Meydanı yaradılmışdır. Rayonumuzda ucaldılmış Dövlət Bayrağı dirəyi hündürlüyünə görə  respublikada üçüncüdür.
Cənab Nazim İsmayılov Azərbaycan Respublikasının Konstitusiyası Günü ilə əlaqədar çıxışında bildirmişdir ki,  1994-cü ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə Konstitusiya komissiyası fəaliyyətə başlamışdır. Layihə 1995-ci ildə ümumxalq səsverməsinə verilmişdir. 1995-ci il noyabrın 12-də  referendum yolu ilə Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul olunmuşdur. 1996-cı il fevralın 6-da ulu öndər Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilmişdir.
Rayon rəhbəri eyni zamanda bu il noyabrın 1-də keçirilmiş parlament seçkiləri ilə əlaqədar fikirlərini də bildirmişdir. Qeyd etmişdir ki, Milli Məclisə seçkilər azad, demokratik şəraitdə keçmişdir.  Yeni Azərbaycan Partiyasının namizədləri yüksək  səs çoxluğu  qazanmışlar. Seçicilər onlara üstünlük vermişlər.
Cənab Nazim İsmayılov bu münasibətlə təbriklərini çatdırmışdır.
Sonra rayon prokuroru vəzifəsini icra edən Ramil Ədilovun «Azərbaycan Respublikasının Konstitusiyası haqqında» məruzəsi dinlənilmişdir.
Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 1 sentyabr 2010-cu ildə Dövlət Bayrağı Meydanının təntənəli açılışına həsr olunmuş sənədli film nümayiş olunmuşdur.

Keçidlər