Rayonumuz ilin 9 ayında
Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasında dövlət başçısının nitqindən irəli gələn vəzifələr rayonumuzda da geniş müzakirə olunmuş və ətraflı təhlil edilmişdir. Bu münasibətlə oktyabrın 16-da RİHB aparatının iclas zalında keçirilən yığıncağa aparatın məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, ictimai təşkilatların və mətbuat nümayəndələri dəvət olunmuşdular.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq tədbirin məqsəd və məramından danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov cari ilin 9 ayında rayonumuzda görülmüş işlər barədə geniş məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə 2015-ci ilin oktyabrın 12-də Nazirlər Kabinetinin cari ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilmişdir. İclasda ölkə başçısının çıxışında iqtisadiyyatın bütün sahələri geniş təhlil edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmiş və görüləcək işlərlə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilmişdir.
Sabirabad rayonunda cari ilin 9 ayında bütün sahələrdə inkişaf təmin olunmuş, sosial-infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində işlər davam etdirilmişdir. Əhalinin məşğulluğunu təmin etmək prioritet vəzifə kimi qarşıya qoyulmuş və yeni iş yerlərinin yaradılması prosesi uğurla davam etdirilmişdir. Həmin dövrdə 47 yeni müəssisə yaradılmış, 842 yeni iş yeri açılmışdır ki, bunun da 760-ı daimi, 82-si isə müvəqqəti iş yerləridir.
Şəhərin İlham İsgəndərov küçəsində yerləşən 1, 1a, 2, 4 və 5 saylı beşmərtəbəli yaşayış binalarının dam örtükləri dəyişdirilmiş, fasad hissələri üzlük daşla üzlənmiş, binaların fasad hissələrində pəncərələr yenisi ilə əvəz olunmuş, balkon hissələri müasir üslubda yenidən qurulmuşdur. Heydər Əliyev prospektində yerləşən 2a, 2b, 2d, 2q və 62 saylı beşmərtəbəli, 104 saylı dördmərtəbəli, 3, 3a, 5 və 7 saylı ikimərtəbəli, 20 Yanvar küçəsində yerləşən 8 saylı beşmərtəbəli, 10 və 12 saylı üçmərtəbəli, 27 saylı ikimərtəbəli yaşayış binalarının fasad hissələrinə suvaq vurulmaqla rənglənmə işləri aparılmışdır. Heydər Əliyev prospektində yerləşən «Muğan» istirahət parkında fəvvarələr əsaslı təmir edilmiş, işıqlandırma sistemləri quraşdırılmış, hasar və oturacaqlar təmir olunmuşdur. 20 Yanvar küçəsinə asfalt döşənmişdir. Cənab Prezidentin tapşırığı ilə gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər Mərkəzi yenidən qurulur.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayonun Güdəcühür kəndi ərazisində bütün infrastruktura malik olan 2 qəsəbə salınır. Həmin qəsəbədə Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailə, ümumilikdə 440 ailə mənzillə təmin olunacaqdır. Cari ilin sonuna kimi tikinti işlərinin başa çatdırılması və məcburi köçkünlərin həmin yaşayış evlərinə köçürülməsi nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilmişdir. Bununla əlaqədar kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda Kənd Təsərrüfatı İdarəsi və burada yerləşəcək Dövlət Toxum Müfəttişliyi və Aqrokimya laboratoriyası üçün inşa olunan, müasir tələblərə cavab verən inzibati binada son tamamlama işləri aparılır.
2014-cü ildə 2015-ci ilin məhsulu üçün 22964 hektar sahədə taxıl əkilmiş, bunun 11907 hektarı buğda, 11057 hektarı isə arpa sahəsi olmuşdur. Cari ildə 85316 ton taxıl istehsal edilmiş, bunun 47390 tonu buğda, 37926 tonu arpa məhsuludur. Ötən illə müqayisədə taxıl istehsalı 3083 ton çox, hər hektardan məhsuldarlıq isə 37,2 sentner olmuşdur. Bu da ötən ilə nisbətən 2,7 sentner çoxdur.
Hesabat dövründə 3295 hektar tərəvəz, 4146 hektar bostan, 1327 hektar kartof, 5468 hektar sahədə təzə yonca və digər əkinlər aparılmışdır. Cari ilin 9 ayında 16414 ton kartof, 44586 ton tərəvəz, 85050 ton bostan, 8673 ton meyvə, 1292 ton üzüm, 770 ton pambıq məhsulu istehsal edilmişdir. Hazırda məhsul yığımı davam etdirilir.
Uzun illər xəyal kimi görünən uzunluğu 6 km olan «H» kanalının ölkə başçısının tapşırığına əsasən çəkilməsinə başlanılmışdır. Bu da dövlət torpaq fondu hesabına yaradılacaq özəl iri taxılçılıq təsərrüfatlarının ərazisinin suvarılması və eyni zamanda rayonun 4 kəndinin-Moranlı, Sarxanbəyli, Bala Həşimxanlı, Əliləmbəyli və digər kəndlərin su problemini həll edəcəkdir.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun Qasımbəyli, Əsgərbəyli, Yuxarı Axtaçı, Muradbəyli kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılmışdır. Hazırda bu işlər Nizami, Şəhriyar, Xəlfəli, Qaratəpə, Əhmədabad, Qaralar, Rüstəmli, Türkədi, Məmişlər və Bulduq kəndlərində aparılır. 10/0,4 kv-luq yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur. «SİP» kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır. 2015-ci ilin 9 ayında 1481 ədəd «Smart» kart tipli sayğac quraşdırılmış və hazırda 16405 abonent bu tipli sayğacdan istifadə edir.
Elektrik enerjisinin dəqiq uçotunun aparılması və enerjinin verilməsində fasilələrin yaranmasının qarşısının alınması məqsədilə 35/10 kv-luq yarımstansiyalarda əsaslı təmir, bir sıra kənddə 10/0,4 kv-luq transformator yarımstansiyalarında cari təmir işləri aparılmış, hava verilişi xətlərində istismara yararsız xeyli dayaq dəyişdirilmişdir. «Azərişıq» ASC-nin sifarişi ilə rayon ərazisində 0,4 kv-luq, Məmişlər və Türkədi yarımstansiyalarında yenidənqurma işlərinə başlanılmış, rayon üzrə 11 ədəd müasir standartlara uyğun olan transformator yarımstansiyası quraşdırılmış, sıradan çıxmış 25 ədəd transformator təmir olunaraq bərpa edilmişdir. Şəbəkə işçilərinin iş şəraitinin yaxşılaşdırılması məqsədilə rayon Elektrik Şəbəkəsi üçün inşa olunan ikimərtəbəli inzibati binada son tamamlama işləri aparılır.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Hazırda rayon mərkəzinə və 37 kəndə təbii qaz verilir. 9 kənddə iş yekunlaşmaq üzrədir, 12 kənddə qazlaşdırılma işlərinə başlanılmışdır, 4 kənddə isə layihələndirmə işləri aparılır. Cari ilin 9 ayında görülən işlər nəticəsində rayonun Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Güdəcühür, Axtaçı-Muğan, Dadaşbəyli, Osmanlı, Azadkənd, Qəzli, Qəfərli, Qaralı, Balvar, Bulaqlı, Qaratuğay, Əsədli, Əhmədabad, Yenikənd, Şıx Salahlı, Poladtuğay, Xəlfəli və Çığırğan kəndlərində, ümumilikdə isə 22 kənddə qazlaşdırma işləri aparılmışdır. Həmin dövrdə 5413 abonentə təbii qaz verilmiş və hazırda abonentlərin sayı 20890-a çatmışdır.
Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılmış, 5300 abonentə su xətti çəkilməklə onlardan 2000 abonentə su verilir. İçməli suyun dəqiq uçotunun aparılması və su itkisinin qarşısının alınması üçün 550 ədəd «Smart» kart tipli sayğac quraşdırılmış, əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarının tikintisi başa çatdırılmışdır. Sınaq işlərinin aparılması üçün tədbirlər görülür.
Rayonun Güdəcühür kəndi ərazisində məcburi köçkünlər üçün salınan 2 qəsəbəyə də su xətti çəkilir.
Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüş, hazırda iyirmi min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan- Məmişlər- Qaralar- Qəfərli- Əhmədabad- Nərimankənd- Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılmışdır. Şəhriyar, Axtaçı, Xəlfəli və Nərimankənd kəndlərində yolun əsaslı təmiri başa çatdırılmış, layihədə nəzərdə tutulmuş digər kəndlərdə də bu işlər aparılacaqdır.
Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən kəndarası yollarda cari təmir işləri aparılmış və bu işlər davam etdirilir.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları 16 iyun 2015-ci il tarixdə 5 imtahan mərkəzində-Nəriman Nərimanov adına şəhər 2 saylı, Mikayıl Müşfiq adına şəhər 4 saylı, Nizami Gəncəvi adına şəhər 5 saylı, Ulacalı və Mürsəlli kənd tam orta məktəblərində aparılmışdır.
Bu il orta məktəbi bitirən məzunlardan 287 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olmuşdur. 34 abituriyent 500-dən çox, onlardan 7 nəfəri isə 600-dən yuxarı bal toplamışdır. Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəbinin məzunu Əhmədzadə Flora Mehdi qızı qızıl medala layiq görülmüş və fərqlənmə attestatı almışdır. O, 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət toplayaraq Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olmuşlar. Fərəhli haldır ki, hər iki tələbəyə Prezident təqaüdü təyin olunmuşdur.
Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəblərin tikintisi, əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Yolçubəyli kənd ibtidai məktəbində 5 əlavə sinif otağı tikilmişdir. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbində təmir işləri başa çatdırılmışdır. 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisinə başlanılmışdır.
Rayonun Axısxa kəndində fəaliyyət göstərən uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, yeni inventar və avadanlıqla təmin olunmuşdur. Qarağac və Çöl Beşdəli kənd uşaq bağçalarında əsaslı təmir işləri başa çatmaq üzrədir. Rayon mərkəzində yerləşən 1 saylı 140 yerlik uşaq bağçasında əsaslı təmir işlərinə başlanılmışdır.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması sahəsində ölkəmizdə genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2015-ci il fevralın 2-dən mayın 1-dək əhali tibbi müayinədən keçirilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2015-ci il 122 nömrəli Qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidir. Bu məqsədlə «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı», «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası» və «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması» Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Qərarın təsdiq edildiyi vaxtdan keçən müddət ərzində 630 nəfər tibbi müayinədən keçərək nikaha daxil olmuşdur.
Səhiyyə sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda bir sıra işlər görülür. Rayonun Bulaqlı, Zalqarağac, Qaralar, Məmişlər kəndlərində müasir tələblərə cavab verən tibb məntəqələri tikilib istifadəyə verilmişdir. Hazırda Qardaşkənd kəndində tibb məntəqəsi inşa olunur.
Mədəni-maarif müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də müəyyən işlər görülür. Rayon Mədəniyyət evi yenidən qurulmaqla əsaslı təmir edilmişdir. Digər mədəniyyət obyektlərində də cari və əsaslı təmir işləri aparılmışdır.
İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülmüşdür. Ötən dövr ərzində rayon ərazisində 234 cinayət hadisəsi qeydə alınmışdır ki, onların açılması 94,4 faiz təmin olunmuşdur.
Yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində keçirilən vacib tədbirlərdən biri də dövlət tərəfindən əhaliyə ünvanlı sosial yardımların verilməsidir. Cari ilin 9 ayında 2043 ailəyə (9403 nəfər) 2 milyon 726 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Həmin dövrdə 1365 ailəyə (6105 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir. Onu da qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən ünvanlı sosial yardımın verilmə müddəti bir ildən iki ilə qədər uzadılmışdır. Vətəndaşlar sənəd toplamadan tək şəxsiyyət vəsiqəsi ilə müraciətlərini elektron qaydada həyata keçirəcəklər.
Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülməkdədir. Bu il 10 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə müasir tələblərə cavab verən fərdi yaşayış evi tikilmişdir.
Rayon Gənclər və İdman İdarəsi tərəfindən gənclər və idman sahələri üzrə 34 müxtəlif tədbir keçirilmiş, ümumilikdə 6098 nəfər yeniyetmə və gənc bu tədbirlərdə iştirak etmişdir. Keçirilən tədbirlərdə gənclərin asudə vaxtının təşkili, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi aksiyaları olmuşdur.
Bu il iyunun 12-dən 28-dək ilk dəfə olaraq Bakı Avropa Oyunları keçirilmişdir. 6 may 2015-ci il tarixdə Bakı Avropa Oyunları çərçivəsində Sabirabad şəhərinə oyunların məşəli gətirilmiş və genişmiqyaslı möhtəşəm Alov festivalı keçirilmişdir. Bu tədbirə 30 minə yaxın rayon sakini qoşulmuşdur.
Hesabat dövründə də rayon İcra Hakimiyyəti vətəndaşların qəbullarına, onların ərizə və şikayətlərinə vaxtında baxılmasına böyük önəm vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 1000 nəfər vətəndaş qəbul edilmiş, rayon rəhbərinin inzibati ərazi dairələrdə 32 görüşü keçirilmiş, bu görüşlərdə 96 nəfər (ümumi iştirak edənlərin sayı 3988 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır. Təkliflərlə əlaqədar aidiyyatı üzrə tapşırıqlar verilərək müvafiq şöbələr tərəfindən nəzarətə götürülmüş, həlli rayonun səlahiyyəti və imkanları xaricində olan məsələlər yuxarı orqanlar və qurumlar qarşısında qaldırılmışdır.
Məruzə ətrafında Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əziz Mikayılov, Sabirabad Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusov, Salyan Regional Qaz İstismar İdarəsinin Sabirabad rayonu üzrə rəis müavini Roman Əsədov çıxış edərək rəhbərlik etdikləri sahələrin fəaliyyəti barədə məlumat vermişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yığıncağa yekun vuraraq Nazirlər Kabinetinin iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışında səslənən önəmli mülahizələri diqqətə çatdırmış, qarşıya qoyulan vəzifələri şərh etmiş, onların layiqincə yerinə yetirilməsi üçün maksimum səy göstəriləcəyini bildirmişdir.