2023-cü il “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib
08 noyabr 2023-cü il tarixdə Sabirabad Rayon İcra Hakimiyyətinin inzibati binasında Sabirabad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” və 8 Noyabr – Zəfər Günü ilə əlaqədar “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda konfrans keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, müharibə əlilləri və iştirakçıları, ərazi nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilatların əmək kollektivi, ağsaqqallar, ziyalılar, ictimaiyyətin və gənclərin nümayəndələri iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra konfransda çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbir iştirakçılarını salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə səmimi ürək sözlərini bölüşüb və iştirakçıları təbrik edib. Əlamətdar günə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda keçirilən tədbirin, həmçinin “Heydər Əliyev İli” çərçivəsində keçirilən silsilə tədbirlərin davamı olduğunu bildirib. İcra başçısı qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan və parçalanmaqdan xilas etdi. Cəmiyyətdə sürətlə formalaşan ictimai-siyasi sabitlik ölkəmizin bütün sahələrdə inkişafına möhkəm zəmin yaratdı. Azərbaycanın sosial-iqtisadi yüksəlişi ilə yanaşı cəmiyyətin demokratik əsaslarla inkişafı üçün lazımı mühit yarandı. RİH başçısı Ümummilli Lider Heydər Əliyevin Qarabağ həqiqətlərini bütün dünyaya çatdırmasından, Ermənistan ordusu tərəfindən işğal olunmuş keçmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonların işğaldan azad olunması məqsədilə dünyanın müxtəlif təşkilatları qarşısında qəti tələblər qoymasından, Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında “Dəmir Yumruq” əməliyyatının başlanmasından, 44 gün davam edən Vətən Müharibəsində Azərbaycan əsgərlərinin qəhrəmanlığı, mərdliyi, şücaəti nəticəsində erməni ordusunun darmadağın edilməsindən və Rəşadətli Ordumuzun tətbiq etdiyi döyüş strategiyasının müasir hərb tarixinə qızıl həriflərlə yazılmasından bəhs etmişdir.
Tədbirdə digər çıxış edənlər qeyd ediblər ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan, ata vəsiyyətini ləyaqətlə yerinə yetirən Prezident cənab İlham Əliyev uzaqgörən siyasəti, düşünülmüş islahatları və müdrik qərarları ilə müstəqil Azərbaycanı dinamik inkişaf yoluna çıxarıb. Dünya miqyasında sabit iqtisadiyyata və mühüm geostrateji mövqeyə malik olan, qlobal enerji təhlükəsizliyinin təminatında vacib rol oynayan, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu məkana çevirib. Bu gün Azərbaycan beynəlxalq və regional əməkdaşlığa böyük töhfələr verən, mövcud olduğu regionda hadisələrin inkişaf istiqamətini müəyyən edən nüfuzlu bir dövlət kimi dünya birliyi tərəfindən qəbul olunur.