Xəlfəli kəndinə təbii qaz verildi
Rayon ərazisində qazlaşma prosesi davam edir. Oktyabrın 5-də Xəlfəli kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Bu münasibətlə Xəlfəli kənd tam orta məktəbinin həyətində mərasim keçirilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, kənd sakinləri mərasimə qatılmışlar.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Rayon rəhbəri bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz sürətlə inkişaf edir. İnkişaf prosesi regionlarda da geniş vüsət almışdır. Bu gün kəndlərimizin qazlaşdırılması da həyata keçirilən böyük quruculuq işlərinin tərkib hissəsidir. Rayonun digər kəndlərində də «mavi alov» şölələnəcəkdir.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəisi Qənimət Səmədov kənd sakinlərini təbrik edərək görülmüş və görüləcək işlərdən danışmış, qazdan istifadə zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını abonentlərə tövsiyə etmişdir.
Kənd sakinləri adından Əsmətalı Feyziyev və Aysel İbayeva çıxış edərək bildirmişlər ki, kənddə sosial-iqtisadi inkişaf getdikcə yaxşılaşır. Rahat yol, digər infrastruktur layihələrinin uğurla həyata keçirilməsi bunu deməyə əsas verir. Qazın gəlişi isə camaatımızı daha çox sevindirmişdir. Çünki qarşıdan soyuq qış gəlir. Bu baxımdan qazın xüsusi əhəmiyyətə malik olduğunu izah etməyə ehtiyac yoxdur.
Çıxış edənlər həmçinin göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılova, eləcə də qazın çəkilməsində əməyi olanlara minnətdarlıqlarını bildirmişlər.
Kənd sakinləri adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıq teleqramı ünvanlanmışdır.
Alqış sədaları altında məktəbin həyətində qoyulmuş rəmzi məşəl alovlandırılmışdır.