Axısxa kəndində uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdir.
Oktyabrın 2-də Axısxa kəndində yeni təmirdən çıxmış uşaq bağçasının açılış mərasimi keçirilmişdir. Mərasimdə kəndin sakinləri, İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmiləri, ABŞ səfirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) nümayəndələri iştirak etmişlər. Uşaq bağçasının bərpası ABŞ və Azərbaycan hökumətləri tərəfindən birgə maliyyələşdirilən Sosial-İqtisadi İnkişaf fəaliyyəti (SEDA) adlı layihə çərçivəsində yerli QHT ilə birgə icra olunmuşdur.
Mərasimi giriş sözü ilə SQİİ Aran regional ofisinin rəhbəri Əhməd Məmmədzadə açmış, rayon İcra Hakimiyyəti başçısının müavini- sosial-iqtisadi inkişafın təhlili və proqnazlaşdırılması şöbəsinin müdiri Vahid Həsənov çıxış etmişdir. ABŞ-ın Azərbaycandakı səfirinin müavini Derek Hoqan öz çıxışında uşaqlar üçün təhhlükəsiz, xoş təlim şəraitinin yaradılması üçün resurslarını səfərbər etmiş yerli icmaya təşəkkürünü bildirmişdir.
Kənd sakinləri adından Hətəmşah Məcidov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərliyinə, bu işdə əməyi olan bütün insanlara təşəkkürünü bildirmişdir.
Rəmzi qırmızı lent kəsildikdən sonra bağçaya baxış keçirilmiş, uşaqlara hədiyyələr verilmişdir.