Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad 80 illik yubileyini bayram etdi

07 oktyabr 2011 | 15:00

7 oktyabr! Bütün sabirabadlıların və özünü sabirabadlı hesab edən insanların səbirsizliklə gözlədikləri əlamətdar gün! 80 ildə keçilən tarixi yola baxış günü! Yaşının ixtiyar çağında rayonun ilk dəfə olaraq yaranış gününün qeyd olunması hamımızın qəlbində aşıb-daşan sevinc duyğuları oyadıb. Sabirabad başdan-başa bayram libası geyib, bəzənib-düzənərək qonaqlarının pişvazına çıxıb.
80 il tarix üçün o qədər də böyük müddət deyildir. Lakin rayonumuz 8 onillikdə əsrlərə bərabər inkişaf yolu keçmişdir. Vaxtilə müxtəlif quberniyaların, mahalların və qəzaların tərkibində «ömür sürən», hətta 43 il rus çarizminin siyasətinin qurbanı olaraq Petropavlovka adlandırılan Sabirabad bu gün suveren və müstəqil Azərbaycanın inkişaf etmiş, abad və müasir rayonlarından hesab olunur. Sahəsi 1469,7 kv. km olan rayonumuz Saatlı, İmişli, Biləsuvar, Şirvan, Hacıqabul və Salyanla həmsərhəddir. Muğan, Şirvan və Mil bölgələrindən torpaq payı var. Mənbəyini Türkiyənin dağlarından götürərək Azərbaycandan keçib Xəzər dənizinə tələsən nəhəng Kür və Araz çaylarının Sabirabadda qovuşmasının özü bu bölgənin çiyin-çiyinə verib qurub-yaradan hünərvər insanlarının birliyinə, mehribanlığına və qonaqpərvərliyinə bir işarədir.
Bu gün rayonumuzun əhalisinin sayı 155,4 min nəfərdir. Lakin rayondan kənarda yüzlərlə həmyerlimiz vardır ki, onlar ABŞ-da, Kanadada, Fransada, Almaniyada, Rusiyada, Türkiyədə, dünyanın neçə-neçə ölkəsində yaşayıb işləsələr də «Mən sabirabadlıyam» sözünü qürurla söyləyirlər. Doğma Sabirabadımızın 80 illik yubiley mərasiminə həmyerlilərimizi uzaq diyarlardan dəvət etməli olsaydıq, uzun bir siyahı alınardı. Amma düşündük ki, elə Vətənimizin paytaxtında fəaliyyət göstərən adlı-sanlı sabirabadlıların iştirakı da kifayət edər ki, rayonumuzun görkəmli yetirmələri barədə tam təsəvvür yaransın.
Heydər Əliyev Mərkəzinə toplaşan qonaqlar xalqımızın ümummilli liderinin həyat və fəaliyyətini əks etdirən foto-stendlərə tamaşa edir, ulu öndərin ömrünün Sabirabadla bağlı anlarını maraqla izləyirlər. Sabirabadın 80 illiyinə həsr olunmuş sənədli filmdə rayonun keçmişi və bu günü, onun inkişafında ulu öndər Heydər Əliyevin əvəzolunmaz rolu, bu gün ölkə Prezidenti cənab İlham Əliyevin insanlara qayğısı tamaşaçıların diqqətini çəkir.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, başçının müavinləri və aparatın məsul işçiləri qonaqları səmimiliklə qarşılayır və onların gəlişindən məmnunluq duyurlar. Rayonun şanlı yubileyinin keçirilməsinin təşəbbüskarı olan, bununla bağlı xüsusi sərəncam imzalayan cənab Nazim İsmayılova dərin təşəkkürlərini və xoş ürək sözlərini bildirirlər. Köhnə tanışlar görüşüb hal-əhval tutur, yeni tanışlıqlar yaranır…
Yubiley mərasimi xalqımızın ulu öndəri Heydər Əliyevin əzəmətli abidəsini ziyarətlə başlandı. Abidənin önünə əklil qoyuldu, tər qızıl güllər və qərənfillər düzüldü. Sonra maşın karvanı Şəhidlər Xiyabanına yol aldı. Burada RİH başçısı Nazim İsmayılov Vətənimizin ərazi bütövlüyü və torpaqlarımızın müdafiəsi uğrunda Sabirabadın 222 nəfər igid oğlunun şəhid olması barədə məlumat verdi. Qeyd etdi ki, onlardan 2 nəfəri Azərbaycanın Milli Qəhrəmanıdır. Şəhid məzarlarının önündən keçən ziyarətçilər Vətən fədailərinin müqəddəs ruhuna dərin ehtiramlarını bildirdilər.
Növbəti ünvan Heydər Əliyev adına mədəniyyət və istirahət parkıdır. Ulu öndərin adını daşıyan prospekt başdan-başa bəzənib, hər tərəfdə Sabirabadın 80 illik yubileyinə «mübarək» sözləri oxunur. Son günlərdə fasad hissələri tamamilə dəyişilərək müasirləşmiş beşmərtəbəli yaşayış evləri, sosial obyektlər Heydər Əliyev prospektinə xüsusi gözəllik verir. Bu tərəqqi, bu yaraşıq hər kəsdə heyranlıq doğurur. Parkdan ucalan şən musiqi sədaları uzaqlara yayılır. Rayon sakinləri axın-axın bayram tədbirinə tələsir…
Əvvəlcə Gənclər Mərkəzi ilə tanışlıq oldu. Açılışını dövlət başçısı cənab İlham Əliyevin etdiyi bu mərkəzdə gənclərin asudə vaxtının səmərəli keçirilməsi üçün müasir tələblərə cavab verən hər cür şərait yaradılmışdır. Çay stolu arxasında əyləşən həmyerlilərimiz deyə-gülə şirin-şirin söhbət edir, uşaqlıq, yeniyetməlik illərini xatırlayır, ürəklərinin daim doğma yurdları ilə bir döyündüyünü, onun uğurlarına sevinib, kədərinə şərik olduqlarını bildirirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, rayonumuzdan Milli Məclisə deputatlar Rüstəm Xəlilov, Ceyhun Osmanlı və Əhliman Əmiraslanov bütün ümumrayon tədbirlərində olduğu kimi, yubiley mərasimində də iştirak edirlər.
Bayram toplantısını rövnəqləndirən əslində onun iştirakçılarının dəyəri, hörmət və nüfuzudur. Ağac barı ilə tanındığı kimi, torpaq da öz yetirmələri ilə sayılır. Odur ki, tədbirdə iştirak edən sabirabadlıların hər biri haqqında söz açmağı, məlumat verməyi vacib sayırıq.
Akademik Böyükkişi Ağayevin adı dünyaya məlumdur. Azərbaycanın tibb elminə böyük töhfələr vermiş həmyerlimiz 1944-cü ildə Sabirabad şəhər orta məktəbini bitirdiyi dövrü xatırlayır. Azərbaycan Tibb İnstitutunda təhsilini başa vurandan sonra bir müddət rayonumuzun xəstəxanasında cərrah işləyən B. Ağayev 1954-cü ildə Moskva Tibb İnstitutunun aspiranturasını bitirərək elmlər namizədi, 1966-cı ildə yenə də orada elmlər doktoru alimlik dərəcələrini almışdır. «Şöhrət» ordenli Böyükkişi Ağayev Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, respublika Beynəlxalq Şəfqət və Sağlamlıq Fondunun sədridir. Hazırda Səhiyyə Nazirliyinin M. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktorudur.
Sevincək olub tədbirə daha tez gələn həmyerlilərimizdən biri də Lətifə Ağaqasım qızı Əliyeva idi. Şəhər orta məktəbini 1964-cü ildə qızıl medalla bitirən Lətifə xanım elə həmin il ADU-nun tarix fakültəsinə daxil olub. Əmək fəaliyyətinə Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda başlayıb. Elmi işlə məşğul olub. Bir müddət ADU-nun siyasi tarix kafedrasında kabinet müdiri, Azərbaycan tarixi kafedrasında müəllim kimi çalışıb. Tarix elmləri namizədi Lətifə Əliyeva doktorluq dissertasiyası üzərində də işini başa çatdırıb. 2007-ci ildən Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində elmi işlər üzrə direktor müavini vəzifəsində işləyir.
1927-ci ildə Sabirabad şəhərində anadan olmuş Kamil Akimov ömrünü neft sənayesinə bağlayıb. Azərbaycan Dövlət Neft Akademiyasının məzunu gənc Kamil əmək fəaliyyətinə Neft Emalı Zavodunda başlamış, fəhləlikdən sex rəisi, direktor vəzifəsinədək yüksəlmişdir. 10 il Neft Emalı Sənayesi naziri işləmişdir. «Oktyabr İnqilabı», «Qırmızı Əmək Bayrağı», «Şərəf nişanı» ordenləri ilə təltif edilmiş, 2 çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur. Hazırda Dövlət Neft Şirkətinin «Ekol Mühəndislik Xidmətləri» QSC-nın Baş direktorunun məsləhətçisidir.
Doğma rayonla daim sıx əlaqə saxlayan iqtisadçı alim Bəybala Xankişiyevin də siması bayram mərasimində təbəssümlü görünür. Çoxlu sayda elmi məqalələrin, dərslik və dərs vəsaitlərinin müəllifi olan Əməkdar iqtisadçı Bəybala Xankişiyev hazırda Azərbaycan İqtisad Universitetinin professorudur.
İstefada olan general-mayor Novruzəli Abbasov, Milli Təhlükəsizlik Nazirliyinin idarə rəisi Rəsul Rəsulov, Bakının Qaradağ rayon Məhkəməsinin sədri Adil Mikayılov, respublika Apelyasiya Məhkəməsinin hakimi Mirpaşa Hüseynov, Şirvan şəhər İnzibati-İqtisadi Məhkəməsinin hakimi İxtiyar Abuşov və digər həmyerlilərimiz də Sabirabadın şad günündə iştirak etməkdən qürur duyurlar.
Polkovnik Ramiz Məlikov yubiley mərasiminə həyat yoldaşı Dilbər xanımla təşrif buyurub. Bu eldə, obada onu hamı yaxşı tanıyır. İxtisasca həkim, hərbçi, şair olan R. Məlikov Azərbaycan televiziyasında uzun illər apardığı «Hünər» proqramı ilə də yaddaşlarda qalıb. 1938-ci ildə Güdəcühür kəndində anadan olan Ramiz Məlikov 25 illik hərbi qulluq keçib. Ukraynada, Belorusiyada hərbi sahədə işləyib. Azərbaycana qayıtdıqdan sonra Tibb İnstitutunun hərbi kafedrasında dərs deyib. Müdafiə Nazirliyinin yaradıcılarından biri olub. Nazirliyin mətbuat idarəsinin yaradıcısı və rəisi, «Xalq Ordusu» qəzetinin, Sərhəd Qoşunları İdarəsinin «Sərhəd» qəzetinin təşkilatçılarındandır. Bir çox kitabların müəllifidir. Təkcə «Vətən kimi şirin», «Göy üzü damar-damar», «Haray dünya!», «Silkələn torpağım, püskür torpağım», «Şuşa məni çağırır», «Təki Vətən yaşasın», «Məni döyüşə burax» və s. kitablarının adları həmyerlimiz Ramiz Duyğunun (Məlikovun) həyat amalı barədə müfəssəl məlumat verir.
Milli Məclisin Hesablama Palatasının şöbə müdiri Azim Abbasovla da tanışlıq bizdə iftixar hissi oyatdı. O, 1963-cü ildə Quruzma kəndində anadan olub. Kənd məktəbini bitirəndən sonra Leninqrad Maliyyə-İqtisad Universitetinin Bakı filialına (o vaxt Xalq Təsərrüfatı İnstitutu belə adlanırdı) daxil olub. 1988-1993-cü illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində həmin ali məktəbin aspiranturasında təhsil alıb. İqtisad elmləri namizədliyi dissertasiyasını müdafiə edəndən sonra Azərbaycana qayıdaraq Maliyyə Nazirliyində, İqtisadiyyat Nazirliyində, Qiymətli Kağızlar Komitəsində şöbə müdiri, idarə rəisi işləyib. Fəlsəfə elmləri doktoru, dövlət qulluğunun baş müşaviri Azim Abbasov 10 dərsliyin, 300-dən çox elmi məqalənin müəllifidir. Keçən il baş verən təbii fəlakət zamanı rayonun harayına gələrək texnika və s. ilə camaata yaxından kömək göstərib.
Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, texnika elmləri doktoru Xəlil Səmidov rayonumuzun tərəqqisinin ulu öndər Heydər Əliyevin, onun layiqli siyasi varisi cənab Prezident İlham Əliyevin bu bölgəyə xüsusi diqqət və qayğısından bəhrələndiyini bildirir. Sabirabadın tarixi keçmişinə və bu gununə yüksək qiymət verdiyinə və rayonun yubileyini təşkil etdiyinə görə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova təşəkkürünü yetirir.
Sabirabad torpağının yetirmələri olan elm və sənət adamlarını saymaqla qurtarmaz. Məclisdə iştirak edən ADPU-nun və Müəllimlər İnstitutunun professoru, filologiya elmləri doktoru Təyyar Cavadov, Bakı Qızlar Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli, Azərbaycan Texniki Universitetinin dosenti, texnika elmləri namizədi Mirhəmid Həmidov rayonumuzun 80 illik yubileyi münasibətilə təbriklərini və xoş arzularını bildirirlər.
Az.TV-nin ictimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru Ağanisə Sultanova, xalq artisti Azər Mirzəyev, xalq rəssamı Rafiq Nəsirov, Dövlət Neft Şirkətinin baş müşaviri Əlihüseyn Qasımov, Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədr müavini Zakir Quliyev, Vergilər Nazirliyinin məsul işçisi Hakim Şıxəliyev, «CTZ-aqro» MMC-nin icraçı direktoru Sabir Əhədov, M. Əfəndiyev adına 4 saylı respublika xəstəxanasının şöbə müdiri, tibb elmləri namizədi Şöhrət Talıbov, «Azəriqaz» İstehsalat Birliyinin rəis müavini Asif Ağayev, Bakı çörək zavodunun direktoru Tahir Mirişov… və adını çəkə bilmədiyimiz neçə-neçə görkəmli həmyerlilərimiz hər şeydən əvvəl bu birliyə və tanışlığa görə çox məmnun görünürdülər. Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılovun isə sevinci hədsiz idi.
Heydər Əliyev adına parkda gəzinti insanlara xüsusi zövq verir. Şən musiqi sədaları ətrafa yayılır. Qızıl payız parlaq günəşini var gücü ilə yaşının ixtiyar dönəmini qeyd eləyən Sabirabada yönəldib. Hərdən bir əsən xəfif külək nəhəng fəvvarənin kül kimi su damlalarını ətrafa səpələdikcə insanın ruhunu oxşayır. İştirakçılar parkın ərazisində təşkil olunan sərgilərə tamaşa edirlər. Tarix-diyarşünaslıq muzeyinin qədim tariximizi əks etdirən nadir eksponatları xüsusi maraq doğurur. Qonaqlar ayrı-ayrı sərgilərin qarşısında ayaq saxlayıb uşaqların əl işləri və rəsmləri ilə tanış olurlar. Bir yanda «Sabirabad-Konserv» ATSC-nin, «As-gün» marketin məhsulları sərgilənib, digər tərəfdə güləşçilərin, karateçilərin, boksçuların, pəhləvanların nümunəvi çıxışları nümayiş olunur, bir az aralıda Şahmat məktəbinin şagirdləri yarışırlar.
Azərbaycan Televiziyasının səyyar kameraları parkın səhnəsinin yaxınlığında qurulub. Respublikanın aparıcı telekanallarının və mətbuat orqanlarının jurnalistləri Sabirabadın 80 illik yubileyini işıqlandırmaq üçün rayonumuza səfər etmişlər. Tədbir bayram konserti ilə davam etdirildi. Az.TV-nin aparıcıları Natəvan xanım və Ruslan Həsənov Sabirabad rayonunun yaradılmasının 80 illiyinə həsr olunmuş yubiley mərasimini açaraq bu münasibətlə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovu və bütün sabirabadlıları təbrik edib onlara daha böyük uğurlar arzuladılar. Yubiley mərasiminin çox əlamətdar bir vaxtda keçirildiyini vurğuladılar. Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində təşkil olunan bu möhtəşəm tədbirin Sabirabad rayonunun sosial-iqtisadi və mədəni inkişafına baxış kimi dəyərləndirdilər. Xalqımızın qədim «Yallı» rəqsinin ifasından sonra rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov çıxış edərək dedi:
-Hörmətli qonaqlar, əziz sabirabadlılar, Azərbaycan xalqı özünün müstəqilliyinin bərpasının 20 illiyini respublikanın bütün bölgələrində təntənə ilə qeyd edir. Sabirabad üçün bu gün ikiqat bayramdır. Sabirabadlılar eyni zamanda rayonumuzun 80 illik yubileyini bayram edirlər. Mən çox fərəh və qürurla bildirirəm ki, bu günkü tədbirimizə respublikanın adlı-sanlı elm adamları, dövlət xadimləri, Milli Məclisin üzvləri və dövlətin başqa strukturlarında çalışan təcrübəli şəxslər gəlmişlər. Mən sabirabadlılar adından və öz adımdan qonaqlara minnətdarlığımı bildirir və «Xoş gəlmişsiniz»-deyirəm. Sabirabadın yaşayış məskəni kimi, tarixi çox qədimdir. Hələ eramızdan əvvəl VI minillikdə aparılan arxeoloji qazıntılar zamanı buranın yaşayış məskəni olması faktı təsdiqini tapmışdır. Əvvəllər «Xavər-zəmin», «Qalaqayın», «Cavad» və «Petropavlovka» adları ilə yaşayış məskəni kimi mövcud olmuşdur. 80 ildir ki, rayon Azərbaycanın görkəmli şairi, satiramızın banisi M. Ə. Sabirin adını daşıyır. Ötən illər ərzində rayon şərəfli inkişaf yolu keçmişdir. Sabirabadın çox məşhur elm və mədəniyyət xadimləri, ziyalıları, xalq təsərrüfatının müxtəlif sahələrində böyük fədakarlıq göstərən zəhmət adamları olmuşdur. Bu gün sabirabadlılar Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak edirlər. Əlbəttə, Sabirabadın 80 illik dövründə tərəqqisi də olub, tənəzzülü də. Rayonun tərəqqisi 1969-1982-ci illərə təsadüf edir. Həmin dövrdə rayon çox böyük inkişaf yolu keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi və qayğısı sayəsində bu diyar ən bərəkətli bölgələrdən biri olmuşdur. Sabirabad rayonu pambıqçılıq, taxılçılıq, heyvandarlıq, bostançılıq və sənayenin müxtəlif sahələrində yüksək nəticələr əldə etmişdir. Təsadüfi deyildir ki, ulu öndərimiz Heydər Əliyev 13 illik birinci rəhbərlik fəaliyyəti dövründə 14 dəfə bu gözəl diyara səfər etmişdir. Hər gəlişi ilə Sabirabada inkişaf və tərəqqi bəxş etmişdir. O dövrdə burada 6 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Hazırda onlardan üçü Prezident təqaüdçüsüdür.
Ulu öndərin müdrik siyasəti Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Cənab Prezident Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə daim diqqət və qayğı göstərir. Sabirabad yenidən inkişaf yoluna qədəm qoymuşdur. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq rayonun tərəqqisi naminə mühüm layihələr həyata keçirilir. Dövlət başçısı cənab İlham Əliyevin rayonumuza səfərləri çox mühüm tarixi hadisələrlə yadda qalmışdır. Ötən il təbii fəlakət zamanı sabirabadlılar ölkə Prezidentinin diqqət və qayğısını daha yaxından hiss etdilər. Miqyasına görə çox böyük olan təbii fəlakətin qarşısı məhz dövlət başçımızın səyi ilə insan itkisi olmadan alındı. İnsanlara hərtərəfli qayğı göstərildi. Daşqın ram ediləndən sonra subasmaya məruz qalmış ərazilərdə tikinti-quruculuq işlərinə başlandı. Hazırda yeni evlərin inşası, təmir-bərpa işləri, kompensasiyaların ödənişi və digər tədbirlər uğurla davam etdirilir.
Ölkə Prezidenti cənab İlham Əliyevin bu il may ayının 5-də Sabirabada səfəri də əlamətdar hadisə kimi sabirabadlıların xatirində yaşayır. Cənab Prezident həmin səfərindən sonra Sabirabadın sosial-iqtisadi inkişafının təmin olunması, mövcud problemlərin həlli ilə bağlı 4 mühüm sərəncam imzalanmışdır. Dövlət başçısı 6 oktyabr 2011-ci il tarixli sərəncamı ilə rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan 17 nəfər sabirabadlını mükafatlandırmışdır. Bütün bunlar ölkə rəhbərinin sabirabadlılara göstərdiyi qayğının yeni parlaq təzahürüdür. Cənab Prezident İlham Əliyev yorulmaz, əzmkar fəaliyyəti, tükənməz səyləri ilə xalqın inam və etimadını qazanmışdır.
RİH başçısı cənab Nazim İsmayılov çıxışının sonunda bayram tədbirində iştirakına Prezident Administrasiyasının məsul işçilərinə, Milli Məclisin üzvlərinə, akademiklərə və görkəmli alimlərə təşəkkürünü bildirdi. Sabirabadın 80 illik yubileyi münasibətilə təbriklərini səsləndirərək dedi:
- Azərbaycan dövlətçiliyində xidmətləri olan, ulu öndər Heydər Əliyevin ideyalarına sadiq qalan və bu gün möhtərəm Prezidentimizin ətrafında sıx birləşərək onun daxili və xarici siyasətini əzmlə həyata keçirən sabirabadlılara eşq olsun!
- Yaşasın müstəqil Azərbaycan!
- Bir daha bayramınız mübarək olsun!
Rayon İcra Hakimiyyəti və Az.TV-nin birgə təşkil etdikləri xüsusi konsert proqramı davam etdi. Xalq artistləri Bilal Əliyevin, Mübariz Tağıyevin, Ağadadaş Ağayevin, Əməkdar artist Gülyaz Məmmədovanın, «Muğam» müsabiqəsinin iştirakçısı Mirələm Mirələmovun, Aşıq Samirənin, bəstəkar-müğənni Elza Seyidcahanın, R. Behbudov adına Mahnı Teatrının solisti Vaqif Şıxəliyevin, həmyerlimiz Mehdi Ağayevin ifasında səslənən muğam və mahnılar alqışlarla qarşılandı. Sabirabad rayonunun yaradılmasının 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasim atəşfəşanlıqla başa çatdı. Axşam qonaqlara bayram ziyafəti verildi.
80 illik yubiley tədbirləri rayonumuzdan kənarda yaşayıb-işləyən həmyerlilərimizin birliyinin möhkəmləndirilməsinin əsasını, gələcək əlaqələrin bünövrəsini qoydu. 7 oktyabr təntənəsini Sabirabadın həyatında yeni bir mərhələ adlandırsaq, deyə bilərik ki, bu birlik və həmrəylik sayəsində sanki Sabirabad öz sərhədlərini aşdı, yeni uğurlarının astanasına çatdı. 80 illik tarixində keçirilən ilk yubiley tədbirinin altına rayonumuza yeni təyin olunmuş İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov imza atdı.

 

 

Keçidlər