"Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forum
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələləri"nə dair növbəti işgüzar forumu sentyabrın 3-də Sabirabad rayonunda keçirmişdir.
100-ə yaxın sahibkarın iştirak etdiyi tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilmiş, reallaşdırılması məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunmuş, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilmişdir. Forumda Sabirabad və ətraf rayonlarda ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer təsərrüfatının, çörək, pendir istehsalı, meyvəqurutma, ketçup, mayonez və xardal sousu istehsalı müəssisələrinin, cins heyvandarlıq, intensiv bağçılıq və tərəvəzçilik təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar təqdim olunmuşdur.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev çıxışında bildirmişdir ki, 2015-ci ilin ötən dövrü ərzində respublika üzrə 3870-dək sahibkara 138.4 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 8400-dən çox yeni iş yerinin yaradılmasına imkanverir. Qeyd edilmişdir ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 11200-dək investisiya layihəsinin maliyyələşdirilməsinə 442 milyon manat güzəştli kredit verilmiş, iqtisadi rayon üzrə verilmiş güzəştli kreditlər hesabına 36000-dən çox yeni iş yer yaradılmışdır. İndiyədək verilmiş kreditlərin 11.6 milyon manatı Sabirabad rayonunun payına düşür.
İşgüzar forumda Sabirabad və ətraf rayonlardan olan 89 sahibkara 870 min manatadək güzəştli kredit verilmişdir.
Forum çərçivəsində güzəştli kredit ayrılmış Sabirabad rayonunun Kürkəndi kəndində istifadəyə verilmiş 6.3 ha ərazidə illik istehsal gücü 2.7 min ton tərəvəz olan müasir istixana kompleksinə baxış keçirilmişdir.
Qeyd edək ki, son illər İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 141.6 ha ərazidə illik istehsal gücü 47.5 min ton tərəvəz məhsulları, 10.4 milyon ədəd dekorotiv bitkilər, 10.6 milyon ədəd tərəvəz ştilləri olan 40 müasir istixana kompleksinin yaradılmasına 93.4 milyon manat güzəştli kredit verilmişdir.