2015-ci ilin birinci yarısının yekunları dinamik inkişafdan xəbər verir
Avqustun 5-də rayon Mədəniyyət evində 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların təmsilçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr, ictimai təşkilatların və mətbuatın nümayəndələri iştirak etmişlər.
Yığıncağı giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq tədbirin məqsəd və məramından danışmışdır.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov 2015-ci ilin birinci yarısında rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Məruzə ətrafında rayon Gənclər və İdman İdarəsinin rəisi, YAP rayon təşkilatının sədri Nadir Quliyev, Salyan Regional Qaz İstismar İdarəsinin Sabirabad rayonu üzrə rəis müavini Roman Əsədov, rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktor müavini İlqar Rzayev, Sabirabad Elektrik Şəbəkəsinin rəisi Məqatil Yunusov, «Su-kanal» idarəsinin rəisi Xaləddin Şahbazov, rayon Yaşıllaşdırma sahəsinin rəisi İnqilab Hüseynov çıxış etmişlər.
Yığıncaqda qeyd olunmuşdur ki, Respublikamızda olduğu kimi, Sabirabad rayonunda da cari ilin birinci yarısında bütün sahələrdə inkişaf təmin olunmuş, sosial infrastruktur layihələrin həyata keçirilməsi davam etdirilmişdir.
Əhalinin məşğulluğunu təmin etmək məqsədilə 39 yeni müəssisə yaradılmış, 578 yeni iş yeri açılmışdır ki, bunun da 522-si daimi iş yerləridir.
Rayonda sahibkarlığın inkişaf etdirilməsi üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 46 sahibkara 623 min manat məbləğində güzəştli kreditlər verilmiş, bunun nəticəsində 116 yeni iş yeri açılmışdır.
Rayonda aparılan abadlıq və quruculuq işləri davam etdirilməklə şəhərin İlham İsgəndərov küçəsində yerləşən 1, 2 və 5 saylı beşmərtəbəli yaşayış binalarının dam örtükləri, pəncərələri dəyişdirilmiş, fasad hissələri üzlük daşla üzlənmiş, binaların balkon hissələri müasir üslubda yenidən qurulmuşdur. Eyni işlər 1 a və 4 saylı beşmərtəbəli yaşayış binalarında da görülür. Heydər Əliyev prospektində yerləşən 2a, 2b, 2d, 2q və 62 saylı beşmərtəbəli, 104 saylı dördmərtəbəli, 3, 3a, 5 və 7 saylı ikimərtəbəli, 20 Yanvar küçəsi 8 ünvanda yerləşən beşmərtəbəli, 10 və 12 saylı üçmərtəbəli, 27 saylı ikimərtəbəli yaşayış binalarının fasad hissələri sökülərək yenidən əsaslı təmir olunmuşdur. Cənab Prezidentin tapşırığı ilə gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün Heydər Əliyev adına istirahət parkında yerləşən Gənclər Mərkəzi yenidən qurulur.
Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə rayonun Güdəcühür kəndi ərazisində bütün infrastruktura malik olan iki qəsəbə salınır. Həmin qəsəbədə tikilmiş mənzillərlə Güdəcühür köçkün düşərgəsində məskunlaşmış 234 ailə və Şəhriyar köçkün düşərgəsində məskunlaşmış 206 ailə, ümumilikdə 440 ailə təmin olunacaqdır. Cari ilin sentyabr-oktyabr aylarına kimi tikinti işlərinin başa çatdırılması və məcburi köçkünlərin həmin yaşayış evlərinə köçürülməsi nəzərdə tutulmuşdur.
Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil edir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 12 yanvar 2015-ci il tarixli Sərəncamına əsasən 2015-ci il Azərbaycan Respublikasında «Kənd təsərrüfatı ili» elan edilmişdir. Bununla əlaqədar kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə rayonda Kənd Təsərrüfatı idarəsinin və burada yerləşəcək rayon Dövlət Toxum müfəttişliyi və Aqrokimya laboratoriyası üçün inşa olunan və müasir tələblərə cavab verən inzibati binasında son tamamlama işləri aparılır.
2014-cü ildə 2015-ci ilin məhsulu üçün 22964 hektar sahədə taxıl əkilmiş, bunun 11907 hektarı buğda, 11057 hektarı isə arpa sahəsi olmuşdur. Cari ildə 85316 ton taxıl istehsal edilmiş, bunun 47390 tonu buğda, 37926 tonu arpa olmuşdur. Ötən illə müqayisədə taxıl istehsalı 3083 ton çox, hər hektardan məhsuldarlıq 37,2 sentner olmuşdur. Bu da ötən illə müqayisədə 2,7 sentner çoxdur.
Hesabat dövründə 3295 hektar tərəvəz, 4146 hektar bostan, 1327 hektar kartof, 5468 hektar sahədə təzə yonca və digər əkinlər aparılmış, iyun ayının sonuna kimi 10742 ton kartof, 17046 ton tərəvəz, 6189 ton bostan, 788 ton meyvə istehsal edilmişdir. Hazırda məhsul yığımı davam etdirilir.
Heyvandarlıq sahəsinin inkişafına diqqət daha da artırılmışdır. Bunun nəticəsində iribuynuzlu mal-qaranın sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2006 baş artaraq 115914 baş, xırdabuynuzlu mal-qaranın sayı 5945 baş artaraq 205711 baş olmuşdur.
Bitkiçiliyin inkişafında və məhsuldarlığın artırılmasında torpaqların suvarılması və digər meliorativ tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir. Son illər bu sahədə də rayonda xeyli iş görülmüş, cari ilin birinci yarısında ümumilikdə meliorasiya təşkilatları tərəfindən 671 km uzunluqda su kanalları, 207 km olan dren-kollektor şəbəkəsi lildən təmizlənmişdir. 15 hidrotexniki qurğuda əsaslı, 177-sində cari təmir işləri aparılmışdır.
Dövlət torpaq fondu hesabına yaradılacaq özəl iri taxılçılıq təsərrüfatlarının ərazisinin suvarılması və eyni zamanda Bala Həşimxanlı, Sarxanbəyli və digər kəndlərin əkin sahələrini suvarma suyu ilə təmin etmək məqsədilə Azadkənd kəndi ərazisində Kür çayı üzərində yaradılacaq nasos stansiyası vasitəsilə uzunluğu 12 km olan «H» kanalının çəkilişi İnvestisiya Proqramına daxil edilmiş və yaxın zamanda bu işlərə başlanılacaqdır.
Kür və Araz çaylarında daşqınların baş verməsinin qarşısını almaq məqsədilə ümumilikdə Sabirabad rayonu ərazisində 749 kubmetr həcmində betonla, 21,7 km məsafədə 493 min kubmetr bəndin təmiri və qayakəsmə işləri, 520 kubmetr həcmində faşınla sahilbərkitmə işləri aparılmışdır.
Əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə rayonun Muradbəyli, Nizami, Şəhriyar, Xəlfəli, Qaratəpə və Əhmədabad kəndlərində elektrik təsərrüfatında yenidənqurma işləri aparılır. 10/04 kv-luq yarımstansiyalar yenidən qurulur, istismara yararsız dayaqlar yenisi ilə əvəz olunur, «SİP» kabel çəkilir və «Smart» kart tipli sayğaclar quraşdırılır. 2015-ci ilin birinci yarısında 982 ədəd «Smart» kart tipli sayğac quraşdırılmış, hazırda 14924 abonent «Smart» kart tipli sayğacdan istifadə edir.
Elektrik enerjisinin dəqiq uçotunun aparılması və enerjinin verilişində fasilələrin yaranmasının qarşısının alınması məqsədilə 35/10 kv-luq yarımstansiyalarda əsaslı təmir, bir sıra kənddə 10/0,4 kv-luq transformator yarımstansiyalarında cari təmir işləri aparılmış, hava verilişi xətlərində istismara yararsız xeyli dayaq dəyişdirilmişdir. «Azərişıq» ASC-nin sifarişi ilə rayon ərazisində 0,4 kv-luq, Məmişlər və Türkədi yarımstansiyalarında yenidənqurma işlərinə başlanılmış, rayon üzrə 11 ədəd müasir standartlara uyğun olan transformator yarımstansiyası quraşdırılmış, sıradan çıxmış 21 ədəd transformator təmir olunaraq bərpa edilmişdir. Hazırda rayon Elektrik Şəbəkəsi üçün ikimərtəbəli inzibati binanın tikintisinə başlanmışdır.
Rayonda əhalinin təbii qazla təminatını yaxşılaşdırmaq məqsədilə müəyyən tədbirlər həyata keçirilir. Hazırda rayon mərkəzinə və 32 kəndə təbii qaz verilir. 18 kənddə qazlaşdırılma işləri aparılır, bunun 7-də son tamamlama işləri görülür. 10 kənddə isə layihələndirmə işlərinə başlanılmışdır. Cari ildə rayonun 15 kəndinə-Axısxa, Kovlar, Ətcələr, Həşimxanlı, Güdəcühür, Axtaçı-Muğan, Dadaşbəyli, Osmanlı, Azadkənd, Qəzli, Qəfərli, Qaralı, Balvar, Bulaqlı və Qaratoğay kəndlərinə təbii qaz verilmiş, nəticədə abonentlərin sayı 19 minə çatmışdır.
Sabirabad şəhərinin içməli su ilə təminatını yaxşılaşdırmaq məqsədilə Hacıqabul rayonunun Talış kəndi ərazisində yerləşən Talış Qrup Su Kəmərindən Sabirabad şəhərinə su xəttinin çəkilişi başa çatdırılmış, 5300 abonentə su xətti çəkilməklə onlardan 2000 abonentə su verilir. İçməli suyun dəqiq uçotunun aparılması və su itkisinin qarşısının alınması üçün 550 ədəd «Smart» kart tipli sayğac quraşdırılmış, əhalinin fasiləsiz içməli su ilə təmin olunması üçün hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarından birinin tikintisi başa çatdırılmış, digərində isə son tamamlama işləri aparılır.
Kənd yerlərində yaşayan insanların da içməli su ilə təminatında tədbirlər həyata keçirilir. Bu məqsədlə rayonun Əhmədabad kəndində modul tipli sudurulducu qurğunun tikintisi başa çatdırılmış, Xəlfəli və Nərimankənd kəndlərində isə son tamamlama işləri aparılır. Cari ildə rayonun 16 kəndində də bu tipli qurğuların tikintisi nəzərdə tutulmuş, onlardan 6-da tikinti işləri başlanılmışdır.
Son illər rayonda yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüşdür. Hazırda iyirmi min nəfər əhalinin yaşadığı, 10 yaşayış məntəqəsini birləşdirən, uzunluğu 43 km olan Suqovuşan-Məmişlər-Qaralar-Qəfərli-Əhmədabad-Nərimankənd-Həşimxanlı avtomobil yolunun tikintisinə başlanılmış , Şəhriyar və Axtaçı kəndlərində yolun əsaslı təmiri başa çatdırılmaqla Xəlfəli, Nərimankənd kəndlərində bu işlərə başlanmışdır.
Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən də 9 kənddə kəndarası yollarda cari təmir işləri aparılmışdır.
Təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin və təlim-tərbiyənin yüksəldilməsi istiqamətində müəyyən işlər görülmüşdür.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX və XI sinif şagirdləri üçün buraxılış imtahanları 16 iyun 2015-ci il tarixdə 5 imtahan mərkəzində-Nəriman Nərimanov adına şəhər 2 saylı, Mikayıl Müşfiq adına şəhər 4 saylı, Nizami Gəncəvi adına şəhər 5 saylı, Ulacalı və Mürsəlli kənd tam orta məktəblərində aparılmışdır. IX siniflər üzrə ilin əvvəlində şagirdlərin sayıl 2389, onlardan 2121 nəfəri imtahanlara buraxılmış, imtahanlarda 1954 nəfəri iştirak etmişdir. İmtahanda iştirak edən şagirdlərdən 701 nəfəri (35,88 faiz) müvəffəq qiymət almışdır.
XI siniflər üzrə isə ilin əvvəlində şagirdlərin sayı 2241, onlardan 1997 nəfəri imtahanlara buraxılmış, imtahanlarda 1765 nəfəri iştirak etmişdir. İmtahanda iştirak edən şagirdlərdən 544 nəfəri (30,82 faiz) müvəffəq qiymət almışdır. Rüstəmli, Muradbəyli, Yaxa Dəllək, Əliləmbəyli, Bala Həşimxanlı, Qaragüney 2 saylı, Həşimxanlı, Qasımbəyli, Kovlar, Ətcələr, Çöl Beşdəli, Surra, Türkədi, Qaratəpə kənd tam orta, Axtaçı, Çöl Dəllək kənd ümumi orta məktəblərinin məzunları çox zəif nəticə göstərmişlər. Ümumiyyətlə, təhsil sahəsində bu ilki nəticələr respublikada ən aşağı göstərici olmuşdur. Bu sahədə vəziyyət tam araşdırılaraq ciddi tədbirlər görüləcəkdir.
Təhsil sisteminin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə məktəblərdə əsaslı və cari təmir işlərinin aparılması ilə bağlı bir sıra tədbirlər həyata keçirilir. Azərbaycan Kənd İnvestisiya Layihəsi tərəfindən Yolçubəyli kənd ibtidai məktəbində 5 əlavə sinif otağı tikilir. 460 şagird yerlik Çöl Beşdəli kənd tam orta məktəbində təmir işlərinin başa çatdırılması, 432 şagird yerlik Moranlı və 360 şagird yerlik Yaxa Dəllək tam orta məktəblərinin tikintisi nəzərdə tutulmuşdur. Bununla əlaqədar bu yaxınlarda respublika hökuməti tərəfindən müvafiq sərəncam verilmişdir.
Rayonun Axısxa kəndində fəaliyyət göstərən uşaq bağçasında əsaslı təmir işləri başa çatdırılmış, rayon mərkəzində yerləşən 1 saylı 140 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmir işlərinin aparılması ilə bağlı hazırlıq işləri görülür.
Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması, tibb müəssisələrinin fəaliyyətinin səmərəliliyinin artırılması sahəsində ölkəmizdə genişmiqyaslı işlər aparılır. Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən 2015-ci il fevral ayının 2-dən may ayının 1-dək əhali tibbi müayinədən keçirilmişdir. Tibbi müayinəyə cəlb olunması nəzərdə tutulmuş əhalinin sayı 112026 nəfər müəyyənləşdirilmiş, fevral ayının 2-dən may ayının 1-dək 109224 nəfər tibbi müayinədən keçirilmişdir. Həmin dövrdə 3167 nəfər ambulator müalicəyə, 821 nəfər isə Mərkəzi Rayon Xəstəxanasının müvafiq şöbələrində stasionar müalicəyə cəlb edilmiş, müayinələr nəticəsində ciddi xəstəliyi aşkar edilmiş 218 nəfər Bakı şəhərində profilinə uyğun klinikalara göndərilmişdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2015-ci il tarixli 122 nömrəli Qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçməlidirlər. Bu məqsədlə «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı», «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası» və «Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması» Nazirlər Kabineti tərəfindən təsdiq edilmişdir. Qərarın təsdiq edildiyi vaxtdan keçən müddət ərzində 24 nəfər tibbi müayinədən keçərək nikaha daxil olmuşdur.
Mədəniyyət və Turizm Şöbəsi ümumrayon əhəmiyyətli tədbirlərin keçirilməsində iştirak etmiş, əhalinin asudə vaxtlarının səmərəli keçirilməsinə, kitabxana və muzey xidmətinin təşkilinə, incəsənət sahəsində gənc istedadların aşkar olunmasına səy göstərmişdir.
Bədii özfəaliyyətin inkişaf etdirilməsinə, gənc istedadların aşkar olunmasına diqqət daha da artırılmışdır. Bunun nəticəsidir ki, ANS TV-nin efirində yayımlanan «Xalqın artisti» mahnı yarışmasında Üzeyir Hacıbəyov adına Uşaq Musiqi məktəbinin yetirməsi, həmyerlimiz Sərxan Baxşıyevin ifası həm münsiflər heyəti, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilərək müsabiqənin qalibi olmuşdur.
Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən beşinci «Muğam televiziya müsabiqəsi»ndə Üzeyir Hacıbəyov adına Uşaq Musiqi məktəbinin yetirməsi, sabirabadlı Səməd Səmədov 8-ci olmuşdur.
İctimai asayişin qorunması, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi, cinayətlərin qarşısının alınması və onların açılması sahəsində rayonun hüquq-mühafizə və digər əlaqədar orqanları tərəfindən xeyli iş görülmüşdür. Ötən dövr ərzində rayon ərazisində 124 cinayət hadisəsi qeydə alınmışdır ki, onların açılması 91,9 faiz təmin olunmuşdur.
Hesabat dövründə ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq Sabirabad rayonundan 398 nəfər hərbi xidmətə yola salınmışdır.
Sosial müdafiəyə ehtiyacı olan əhalinin aztəminatlı hissəsinin, pensiyaçıların, şəhid ailələrinin, müharibə və əmək veteranlarının və bu qisimdən olan bütün təbəqələrin həyat səviyyəsinin yaxşılaşdırılması daim diqqət mərkəzində olmuşdur.
Yoxsulluğun aradan qaldırılması, aztəminatlı ailələrin sosial-rifah halının yaxşılaşdırılması istiqamətində keçirilən vacib tədbirlərdən biri də dövlət tərəfindən əhaliyə ünvanlı sosial yardımların verilməsidir. Cari ilin birinci yarısında 2074 ailəyə (9107 nəfər) 1 milyon 748 min manat məbləğində ünvanlı sosial yardım verilmişdir. Həmin dövrdə 897 ailəyə (4036 nəfər) ünvanlı sosial yardım təyin edilmişdir.
Əlillər və tənha- ahıllar da daim dövlətin diqqət mərkəzində olmuşlar. 170 nəfər tənha-ahıla evlərdə sosial-məişət xidmətləri göstərilir. Onlara xidmət göstərmək üçün mərkəz tərəfindən 20 işçi təhkim edilmişdir. 33 əlil sanatoriyaya və pansionatlara göndərilmişdir.
Şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülməkdədir. Bu il 10 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə müasir tələblərə cavab verən fərdi yaşayış evi tikilmişdir.
Rayon Gənclər və İdman idarəsi tərəfindən 26 müxtəlif tədbir keçirilmiş, ümumilikdə 4889 nəfər yeniyetmə və gənc bu tədbirlərdə iştirak etmişlər. Keçirilən tədbirlərdə gənclərin asudə vaxtının təşkili, hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi, Olimpiya İdman Kompleksindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadə olunması üçün qarşıya mühüm vəzifələr qoyulmuşdur. Olimpiya İdman Kompleksində əlamətdar günlərə həsr olunmuş müxtəlif idman yarışları təşkil edilmişdir. Qaliblərə diplom və mükafatlar verilmişdir. Şirvan şəhərində keçirilən 2001-2002-ci il təvəllüdlü oğlanlar arasında voleybol idman növü üzrə ölkə birinciliyinin zona yarışında Sabirabad rayon komandası birinci yerə layiq görülmüş və final yarışına vəsiqə qazanmışdır. Bakı Avropa Oyunlarına dəstək məqsədilə 14-15 may 2015-ci il tarixlərdə voleybol və basketbol üzrə 13 rayonu təmsil edən məktəblilərin zona yarışları keçirilmişdir.
Məlum olduğu kimi, bu ilin 12 iyun tarixindən 28 iyun tarixinə kimi ilk dəfə olaraq Bakı Avropa Oyunları keçirilmişdir. 6 may 2015-ci il tarixdə Bakı Avropa Oyunları çərçivəsində Sabirabad şəhərinə oyunların məşəli gətirilmiş və genişmiqyaslı möhtəşəm festival keçirilmişdir. Bu tədbirə 30 minə yaxın rayon sakini qoşulmuşdur.
Hesabat dövründə də rayon İcra Hakimiyyəti vətəndaşların qəbullarına, onların ərizə və şikayətlərinə vaxtında baxılmasına böyük önəm vermişdir. Cari ilin birinci yarısında rayon İcra Hakimiyyətinə vətəndaşlardan 949 təklif, ərizə və şikayət daxil olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 207 ədəd azdır.
Həmin dövrdə rayon İcra Hakimiyyətinin başçısı tərəfindən 663 nəfər vətəndaş qəbul edilmiş, rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələrində 23 görüşü keçirilmiş, bu görüşlərdə 69 nəfər (ümumi iştirak edənlərin sayı 2907 nəfər) müxtəlif sahələrdəki problemlərlə bağlı məsələ qaldırmışdır. Təkliflərlə əlaqədar aidiyyatı üzrə tapşırıqlar verilərək müvafiq şöbələr tərəfindən nəzarətə götürülmüş, həlli rayonun səlahiyyəti və imkanları xaricində olan məsələlər yuxarı orqanlar və qurumlar qarşısında qaldırılmışdır.
Yığıncağı rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov yekunlaşdıraraq qarşıda duran vəzifələrdən danışmış və onların yerinə yetirilməsi üçün maksimum səy göstəriləcəyini bildirmişdir.