Sabirabad rayonunun Qaralı və Balvar kəndləri də qazlaşdı
İyulun 16-da Qaralı kənd məscidinin qarşısında böyük iztiham var idi. Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qaralı və Balvar kəndlərinin sakinləri burada idilər. Mərasimi giriş sözü ilə rayon icra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov açaraq təbii qazın verilməsi münasibətilə kənd sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Azəriqaz İstehsalat Birliyi Tikinti Departamentinin rəis müavini Fuad Şükürov, həmin qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbəlayev çıxışlarında bildirmişlər ki, artıq 30 kəndə təbii qaz verilir. Qazlaşma prosesi bundan sonra da davam edəcəkdir. Hazırda Sabirabadın digər kəndlərində də bu istiqamətdə işlər görülür.
Qaralı və Balvar kəndlərinin sakinləri adından Zahid Mehdiyev, Tağı Bağırov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova, eləcə də qazın çəkilməsində xidməti olanların hamsına minnətdarlıqlarını bildirmişlər.