Qəfərli və Azadkənd kəndlərinə təbii qaz verildi
İyulun 11- də Qəfərli kəndində əsl qələbəlik var idi. Burada bayram əhval –ruhiyyəsi sürürdü. İdarə, müəssisə, təşkilat rəhbərləri, ziyalılar, kənd sakinləri kəndin mərkəzinə toplaşmışdılar. Bu heç də təsadüfi deyildi. Həmin gün Qəfərli və Azadkənd kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilirdi.
Mərasimi giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini İcra edən Həsən Həsənov açaraq təbii qazın verilməsi münasibətilə Qəfərli və Azadkənd kəndlərinin sakinlərini təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq eyni zamanda bildirmişdir ki, mavi qaın verilməsi müqəddəs Ramazan ayına təsadüf edir. H. Həsənov qarşıdan gələn Ramazan bayramı münasibətilə də mərasim iştirakçılarını təbrik etmişdir.
Salyan rayon Regional Qaz İstismarı İdarəsinin rəisi Xəyyam Rzayev çıxış edərək qaz xəttinin çəklişi ilə əlaqədar bundan sonra görüləcək işlərdən danışmışdır.
Qəfərli və Azadkənd kəndlərinin sakinləri Adişirin Qurbanov və Zakir Fərzəliyev çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon rəhbərlərinə, habelə qazın çəklişində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Qazın gəlişini bildirən məşəl alovlandırılmışdır. Mərasim iştirakçıları Qəfərli kənd sakini Bəxtiyar Yaqubovun evində qazın gəlişini seyr etmişlər.
Həmin gün rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini İcra edən Həsən Həsənov, “Azəriqaz” İstehsalat Birliyi təmsilçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri Azadkənd kəndinin sakini Amil Vəlişovun mənzilində təbii qazın verilməsi münasibətilə ailənin sevincinə şərik olmuşlar.