Sabirabadın kəndlərinə bir-birinin ardınca təbii qaz verilmişdir
Rayonumuzun ərazisində qazlaşma prosesi uğurla davam etdirilir. Bir-birinin ardınca kəndlərimizdə mavi alov şölələnir. Kovlar və Qəzli kəndləri də mavi yanacaqla təmin edilmişdir.
İyunun 24-də Kovlar kənd tam orta məktəbinin qarşısında böyük izdiham var idi. Həmin gün Kovlar və Qəzli kəndlərinə təbii qazın verilməsi münasibətilə mərasim keçirilmişdir.Tədbirdə hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ağsaqqallar, kənd sakinləri iştirak etmişlər. Mərasimə toplaşan kənd sakinlərinin üzlərində sevinc, fərəh hissi duyulurdu.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında məmləkətimiz sürətlə inkişaf edir. İnkişaf prosesi regionlarda da sürətlə davam etdirilir. Bu gün kəndlərin qazlaşdırılması da həyata keçirilən tikinti-quruculuq işlərinin tərkib hissəsini təşkil edir. Hazırda 22 kəndə qaz verilmişdir. 8 kənddə bu yekunlaşmaq üzrədir. 11 kənddə mavi yanacağın verilməsi üçün hazırlıq işləri aparılır.
Rayon rəhbəri kənd sakinlərini təbii qazın verilməsi münasibətilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır.
Azəriqaz İstehsalat Birliyi ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev çıxışında bildirilmişdir ki, qazlaşma prosesi bundan sonra da davam etdiriləcəkdir. Hazırda Sabirabadın digər kəndlərində də bu istiqamətdə işlər görülür.
Kənd sakinləri adından Kovlardan Vaqif Ağayev, Qəzli kəndindən Cahangir Muradov çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılova, eləcə də qazın çəkilməsində xidmətləri olanlara minnətdarlıqlarını bildirmişlər.
Alqış sədaları altında rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov ağsaqqalarla birgə məktəbin həyətində qoyulmuş məşəli yandırmışdır.
Kənd sakinləri adından ölkə Prezidentinə təşəkkür teleqramı ünvanlanmışdır.
Həmin gün rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Azəriqaz İstehsalat Birliyinin təmsilçiləri, müəssisə rəhbərləri Qəzli kənd sakini Atabəy Xankişiyevin evinə təbii qazın verilməsini seyr edərək ailəni bu münasibətlə təbrik etmişlər.
İyunun 27-də Güdəcühür, Axtaçı-Muğan, Osmanlı və Dadaşbəyli kəndlərinə də təbii qaz verilmişdir. Dadaşbəyli kənd tam orta məktəbinin həyətində təbii qazın verilməsi münasibətilə mərasim keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov açaraq əlamətdar gün münasibətilə kəndlərin sakinlərini təbrik etmişdir.
Azeriqaz İstehsalat Birliyi tikinti departamentinin rəsi müavini Fuad Şükurov, Axtaçı-Muğan, Şıxsalahlı, Dadaşbəyli kəndlərinin sakinləri Müstəcəb Salmanov, Sərdar Hüseynov, Zərifə Rəsulova çıxış edərək ürək sözlərini söyləmiş, göstərdiyi diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq bildirilmişdir.
Tədbir iştirakçıları məşəlin alovlandırılmasını sevinc, fərəh hissi ilə qarşılamışlar.