Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Milli Qurtuluş Günü» qeyd edildi

11 iyun 2015 | 15:00

1993-cü ilin 15 iyunu müasir Azərbaycanın müstəqillik tarixinə «Milli Qurtuluş Günü» kimi daxil olmuşdur. Xalqın çağırışı və israrlı tələbi ilə yenidən siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyev məhz həmin gün Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilmişdir. Bu, əsl qurtuluş idi. Ona görə də bu bayram xalqımız üçün çox əzizdir.

İyunun 11-də rayon Mədəniyyət evində 15 iyun-Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli tədbir keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, ağsaqqallar, ziyalılar və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Toplantıdan öncə tədbir iştirakçıları şəhərimizin Mərkəzi meydanında ucaldılmış ulu öndər Heydər Əliyevin möhtəşəm abidəsini ziyarət edərək önünə gül dəstələri düzmüşlər.

Tədbir açıq elan olunduqdan sonra Azərbaycanın Dövlət himni səsləndirilmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov Milli Qurtuluş Günü münasibətilə geniş məruzə etmişdir. Rayon rəhbəri öncə bu bayram münasibətilə bütün sabirabadlıları təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Natiq Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə xronoloji ardıcıllıqla ətraflı məlumat vermişdir. Qeyd etmişdir ki, o vaxtlar hakimiyyətdə olan AXC-Müsavat  cütlüyünün səriştəsizliyi ucbatından  böyük gərginlik yaranmışdı. Ölkədə qarmaqarışıqlıq, xaos hökm sürürdü. Bir sözlə, Azərbaycan vətəndaş müharibəsi təhlükəsi qarşısında idi. Respublikamızda ağır sosial-iqtisadi gərginlik son həddə çatmışdı. Dövlətçiliyimizi, xalqımızı bu ağır faciədən yalnız müdrik şəxsiyyət Heydər Əliyev qurtara bilərdi. Xalq nicat yolunu bu fenomenal şəxsiyyətdə görürdü.

Belə bir çətin dövrdə xalqın səsinə səs verən ümummilli lider Heydər Əliyev yenidən siyasi hakimiyyətə gətirildi. Ulu öndər dar məqamda xalqını tək qoya bilməzdi. Ümummilli liderin qayıdışından sonra vətəndaş müharibəsinin qarşısı alındı, ölkədə hökm sürən xaosa, intizamsızlığa, qarmaqarışıqlığa son qoyuldu. Bütün sahələrdə islahatlar aparılmağa başlandı. Heydər Əliyevin siyasi dühası, müdrikliyi öz səmərəsini, bəhrəsini verdi. Azərbaycan inkişaf yoluna qədəm qoydu.

Ulu öndərin əsas xidmətlərindən biri də onun İlham Əliyev kimi lider yetişdirməsidir. Əsası Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf ənənəsi bu gün onun layiqli varisi, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunu hamımız görür və şahidi oluruq. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi etməsi ölkəmizin inkişafının parlaq təzahürüdür.

Rayon rəhbəri cənab Nazim İsmayılov  məruzəsini bu sonluqla bitirdi: Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev ideyaları həmişə yaşayacaqdır. Yaşasın Azərbaycanı daim inkişafa aparan Heydər Əliyev ideyaları! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə eşq olsun!

Məruzəçinin sözləri tədbir iştirakçıları tərəfindən gurultulu alqışlarla qarşılanmışdır.

Sonra tədbir bədii hissə ilə davam etdirilmişdir. Şair Ərzuman Ümmanın söylədiyi şeir, müğənnilərdən «Xalqın artisti» telemüsabiqəsinin iştirakçısı Sərxan Baxşıyevin, Daşqın Mehdiyevin, Ramiz Sultanovun, «Muğam» telemüsabiqəsinin diplomantı Səməd Səmədovun, Şamil Ağayevin, Kəmalə Mirzəyevanın ifa etdikləri mahnılar,  Ü. Hacıbəyov adına Uşaq Musiqi Məktəbi şagirdlərinin çıxışları tədbir iştirakçılarına xoş ovqat bəxş etmişdir.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov səhnəyə qalxaraq  incənət ustaları ilə görüşmüş və onlarla xatirə şəkli çəkdirmişdir.

Keçidlər