Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil Naziri Mikayıl Cabbarov Sabirabadda «Son zəng» tədbirində iştirak etmişdir

29 may 2015 | 15:00

Mayın 29-da Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da «Son zəng» tədbiri keçirilmişdir. Həmin gün  Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəb də öz yetirmələrini yola salırdı. Bayram libasına bürünmüş məktəb həmin gün müəllimlərin, şagirdlərin gözündə sanki daha da gözəlləşmiş, doğmalaşmışdı. Hamı-müəllimlər də, şagirdlər də, valideynlər də onbirincilərin son görüşünə toplaşmışdılar. Bu gün məktəbin müəllimləri, şagirdləri üçün bir də ona görə əlamətdar idi ki, məktəbin «Son zəng»ində təhsil naziri Mikayıl Cabbarov iştirak edirdi. Tədbirdən öncə Təhsil naziri cənab Mikayıl Cabbarov, rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, tədbirə gəlmiş qonaqlar şəhərimizin mərkəzində  ucaldılmış  ümummilli lider  Heydər Əliyevin  abidəsi önünə gül dəstələri qoymuş, xatirəsinə hörmət və ehtiramlarını bildirmişlər.
«Son zəng» tədbiri Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başlanmışdır. Sonra çıxış üçün söz Təhsil naziri Mikayıl Cabbarova verilmişdir. Nazir ölkəmizin yeni cəmiyyət quruculuğunda ən ümdə məsələlərdən birinin gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlarda təhsilə, elmə marağın daha da artırılması və geniş dünyagörüşünün formalaşdırılması olduğunu bildirmişdir. Nazir məzunların həyatında bu gün yeni mərhələnin açıldığını xatırladaraq onların hər birinin müstəqil Azərbaycanın vətəndaşı olaraq ölkəmizin gələcək inkişafı naminə həyata keçirilən bütün tədbirlərdə fəal şəkildə təmsil olunacaqlarına əminliyini ifadə etmişdir.
Məktəbin texnologiya müəllimi Əhliman Hüseynovun ötən ilin dekabrında avtomobil qəzası nəticəsində Kür çayına düşmuş 3-cü sinif şagirdini xilas etmək naminə öz həyatını qurban verdiyini xatırladan Mikayıl Cabbarov onun qəhrəmanlığının hər kəsə nümunə olduğunu qeyd etmişdir.
Nazir çıxışının sonunda «Son zəng» münasibətilə məzunları təbrik etmiş, onlara  gələcək təhsillərində və həyat yollarında uğurlar arzulamışdır.
Rayon İcra Hakimiyyətinin başçısı cənab  Nazim İsmayılov çıxışında vurğulamışdır ki, Nizami Gəncəvi adına 5 saylı şəhər tam orta məktəb ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1979-cu ildə inşa olunaraq istifadəyə verilmişdir. Təhsil müəssisələrinin hər birinə diqqətlə yanaşan ümummilli lider  1999-cu ildə məktəbin 20 illiyi ilə bağlı kollektivə təbrik məktubu göndərmişdir. Rayon rəhbəri həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın məktəblərə, təhsilə diqqət və qayğılarından da ətraflı danışmışdır.
Məktəbin direktoru Bilal Əhmədov çıxışında bildirmişdir ki, hazırda rəhbərlik etdiyi təhsil ocağında 1271 nəfər şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 142 nəfər müəllim məşğul olur. 2013-2014-cü  tədris ilində 37 nəfər məzun ali məktəblərə qəbul olmuşdur. Müasir tədris inventarları və avadanlıqları ilə təchiz olunmuş məktəb kurikulum hazırlıqları üzrə resurs mərkəzidir. Məktəbin iki məzunu Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmüşdür. 2015-ci ilin aprel ayında keçirilən respublika fənn olimpiadasında məktəbin bir şagirdi Azərbaycan dili və ədəbiyyatı fənni üzrə olimpiadanın gümüş mükafatçısı olmuşdur. Məktəbin bir məzununun adı isə Azərbaycanın gənc istedadlarının  «Qızıl kitab»ına yazılmış və o, ölkə Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
Məktəbin məzunu, Prezident təqaüdçüsü Bənövşə İbişova təhsil ocağında çalışan müəllimlərə, şagirdlərə, onbirincilərə xoş arzularını çatdırmışdır. Daha sonra məktəbin məzunları onları həyatın yeni mərhələsinə hazırlayan müəllimlərinə təşəkkürlərini bildirmişlər. Doğma məktəbi tərk etməkdən məyus olsalar da məzunlar hər zaman öz uğurları ilə müəllimlərini sevindirəcəklərinə söz vermişlər.
Mərasim şagirdlərin hazırladıqları «Son zəng» ədəbi-bədii kompozisiyası ilə davam etdirilmişdir. Şagirdlər, məzunlar şənlik iştirakçılarına poeziya buketi, nəğmə çələngi bəxş etmişlər. Birincilər şeir söyləmişlər. Şən, oynaq musiqi bir-birini əvəz etmişdir. Onbirincilər, müəllimlər, valideynlər rəqs etmişlər.
Məktəbin bilik açarını onbirinci sinif şagirdi Flora Əhmədzadə  birinci sinif şagirdi Zəhra Cəfərovaya təqdim etmişdir. Məktəbin məzunu Nəriman Abbasov və birinci sinif şagirdi Gülbikə Babaşzadə «Son zəng»i çalmışlar.
Sonra Təhsil naziri Cavad kəndində mərhum müəllim Əhliman Hüseynovun ailəsi və qohumları ilə görüşmüş, onlara başsağlığı vermişdir.

Keçidlər