Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü Sabirabad rayonunda yüksək səviyyədə qeyd edilmişdir

09 may 2015 | 15:00

Rayonumuzda ümummilli lider Heydər Əliyevin 92-ci ildönümü böyük təntənə ilə qeyd edilmişdir. Mayın 9-da Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin başçısı cənab Nazim İsmayılov başda olmaqla aparatın məsul işçilərinin, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərlərinin, təhsil, səhiyyə, mədəniyyət işçilərinin, ağsaqqalların, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini böyük ehtiramla yad edərək abidəsinin önünə gül dəstələri düzmüşlər. Onlar həmçinin Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən fotostendlərə tamaşa etmişlər.
     Rayon İcra Hakmiyyətinin başçısı cənab Nazim İsmayılov Azərbaycanan xilaskarı Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü təkcə Azərbaycanda deyil, onun hüdudlarından çox-çox uzaqlarda da yüksək səviyyədə qeyd edilir. Rayon rəhbəri xronoloji ardıcıllıqla, tutarlı faktlarla xalqımızın ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məlumat verərək bildirmişdir ki, ulu öndər Heydər Əliyev dövrünün canlı əfsanəsi idi. Xalqımıza qırılmaz tellərlə bağlı idi. Xalqdan heç vaxt ayrı düşmədi. Yaxşı günündə də, pis günündə də xalqımızın yanında oldu, ona dayaq durdu. Xalqa xidməti hər şeydən uca tutdu. Ulu öndər sovet dönəmində də, 1993-cü ilin iyununda xalqın israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə gələndən sonra da xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində yüksəlişə, tərəqqiyə nail olundu. Sosial problemlər həll edildi.
     Müstəqillik əldə edildikdən sonra respublikamızda hərc-mərclik, anarxiya, xaos hökm sürürdü. Ulu öndər vətəndaş müharibəsinin qarşısını aldı. Ölkəmizi parçalanmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Bütün sahələrdə islahatlar aparıldı. Respublikamız gündən-günə inkişaf etməyə başladı. Qısa müddətdə bir çox uğurlara imza atıldı.
     Bu gün inkişaf və yüksəliş ulu öndərin layiqli varisi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında davamlı xarakter almışdır. Artıq Azərbaycan dünyada tanınır. Bir çox beynəlxalq tədbirlər ölkəmizdə keçirilməkdədir. İlk Avropa Oyunlarına ölkəmiz ev sahibliyi edəcəkdir.
    Bu gün respublikamızın regionlarında da sosial-iqtisadi göstəricilər getdikcə artır, insanların rifah halı yaxşılaşır, sosial infrastruktur layihələri həyata keçirilir. İndi Sabirabad da yüksək inkişaf dövrünü yaşayır. Biz bütün bunlara, iqtisadi tərəqqiyə, əmin-amanlığa görə xalqımızın ümummilli lideri Heydər Əliyevə borcluyuq.
      Sonda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən «Böyük ömrün anları» adlı videofilm nümayiş olunmuşdur.

Keçidlər